Bu şəxslər işdən çıxarıla bilməz: Qanun kimləri müdafiə edir?
Ekskluziv
548
16:20, Bu gün

Bu şəxslər işdən çıxarıla bilməz: Qanun kimləri müdafiə edir?

Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi zamanı bəzi sosial həssas kateqoriyadan olan şəxslər qanunvericiliklə xüsusi şəkildə qorunur. Əmək Məcəlləsində müəyyən edilmiş hallara görə bir sıra işçilərin işdən azad edilməsi qadağan edilir və ya ciddi məhdudiyyətlər tətbiq olunur. Maraqlıdır, qanun kimləri bu baxımdan xüsusi qoruma altına alır?

Mövzu ilə bağlı Moderator.az-a insan resursları üzrə konsultant İlkin Mirzəzadə açıqlama verib.

O, bildirib ki, bu məsələ əmək qanunvericiliyinin 79-cu maddəsi ilə tənzimlənir, həmin maddəyə əsasən müəyyən kateqoriyadan olan işçilərin işdən azad edilməsi qadağandır:

“Əmək Məcəlləsinin 79-cu maddəsinə görə işçilər arasında hamilə qadınlar, üç yaşına qədər uşağı olan qadınlar, üç yaşına qədər övladını təkbaşına böyüdən kişilər, yeganə qazancı iş yerində olan və məktəb yaşında övladını təkbaşına böyüdən işçilər – yəni həm kişilər, həm qadınlar – əmək qabiliyyətini müvəqqəti itirən işçilər, eləcə də şəkərli diabet və ya digər xəstəliklər (məsələn, skleroz) səbəbindən əmək qabiliyyəti məhdudlaşmış şəxslər xüsusi qorunan kateqoriyaya daxildir.

Eyni zamanda hər hansı siyasi partiyanın üzvü olması motivinə görə işçinin işdən azad olunması qadağandır. Bundan başqa, öhdəliyində əlilliyi olan uşaq olan şəxslərin, yaxud öhdəliyində orqanizm funksiyalarının 81–100 faiz pozulması (əvvəllər birinci qrup əlillik hesab olunurdu) müəyyən edilən şəxslərin də işdən azad olunması qanunla qadağan edilir.

Fərqi yoxdur, kişi və ya qadın olsun, bu şəxslərə münasibətdə işdən azad etmə tətbiq edilə bilməz.
Bundan əlavə, işçi məzuniyyətdədirsə və ya ezamiyyətdədirsə, həmin müddətdə onunla olan əmək müqaviləsinə xitam verilə bilməz. Yalnız Məcəllənin 70-ci maddəsinin müəyyən bəndləri istisna təşkil edir.
Birincisi, 70-ci maddənin “A” bəndidir. Bu halda müəssisə tam bağlanırsa, bütün işçilərlə əmək müqaviləsinə xitam verilə bilər.
Digər istisna isə 70-ci maddənin “Y” bəndidir. Bu bəndə əsasən işçi yaş həddinə çatdıqda onunla əmək müqaviləsinə xitam verilə bilər. Xüsusilə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaş həddi 65 olaraq müəyyənləşdirilib”.

Yuxarıda qeyd edildiyi kimi, qanun müəyyən kateqoriyadan olan şəxslərin işdən azad olunmasını qadağan edir. Lakin bəzi hallarda istisna vəziyyətlər də yarana bilər. Belə hallarda hüquqlarının pozulduğunu düşünən şəxslərin hansı addımları atmalı olduğu məsələsi də aktuallaşır.
Bu zaman məsələyə hüquqi baxımdan aydınlıq gətirmək zərurəti yaranır.

Moderator.az mövzu ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, 20 saylı Vəkil Bürosunun və 2 saylı Mediasiya Təşkilatının rəhbəri İlhamə Həsənovanın da fikirlərini öyrənib.


Vəkil bildirib ki, əgər işçi işdən qanunsuz azad olunduğunu düşünürsə, ilk növbədə bir sıra hüquqi addımlar atmalıdır:

“Birinci növbədə işçi işdən azad olunmasına dair əmri və yaxud əmək kitabçasını almalıdır. İşdən azad olunmasının əsasını dəqiq bilməlidir. Yəni o, hansı maddə ilə işdən azad olunduğunu öyrənməlidir. Bundan sonra işçinin müraciət edə biləcəyi ilk qurumlardan biri onun əmək hüquqlarının sosial müdafiəsini həyata keçirən dövlət qurumu — Dövlət Əmək Müfəttişliyi Xidmətidir. Bu xidmətin qaynar xətti fəaliyyət göstərir və vətəndaşlar bura onlayn müraciət də edə bilirlər. 

Əgər Dövlət Əmək Müfəttişliyi Xidmətinin araşdırması nəticə verməzsə, bu halda işçi artıq əmək mübahisəsinin məhkəmə qaydasında həll olunması proseduruna keçə bilər. Lakin bundan əvvəl qanunvericiliyin tələbinə əsasən əmək mübahisələrində mediasiya mərhələsi mütləqdir. Yəni tərəflər əvvəlcə mediasiyaya müraciət etməlidirlər”.

Bəs mediasiya nədir?

İlhamə Həsənova bildirir ki, mediasiya neytral şəxs olan mediatorun köməyi ilə danışıqlar yolu ilə mübahisənin həll olunması prosesidir:

“Bu prosesdə uduzan və ya udan tərəf olmur. Mediator neytral şəxsdir və tərəflərə danışıqlar aparmaqda kömək edir. O, mediasiya taktikalarından istifadə edərək tərəfləri reallığa yaxınlaşdırır və tərəflərin iddialarının arxasında duran əsas maraqları müəyyən etməyə kömək edir. Nəticə etibarilə çox zaman mediasiya mübahisələrin həllində faydalı olur.
Bir məqamı da nəzərə almaq lazımdır ki, məhkəmə qaydasında işçi işə bərpa olunduqda bu, çox zaman işəgötürənlə münasibətlərin kəskin pisləşməsi ilə nəticələnir. Nəticədə işçi işə bərpa olunsa belə, əvvəlki münasibətlərin saxlanılması çətinləşir. Lakin mediasiya prosesi tərəflər arasında əməkdaşlıq münasibətlərinin qorunmasına kömək edir”.

Vəkil mediasiyaya müraciət qaydasını da izah edib:

“Əgər işçi Bakı şəhərində məhkəməyə müraciət edəcəksə, yəni işəgötürənin ünvanı Bakı şəhərində yerləşirsə, bu halda vətəndaş istənilən mediasiya təşkilatına müraciət edə bilər. Mediasiya təşkilatlarına müraciət həm onlayn formada, həm də poçt vasitəsilə mümkündür.
Mediasiya Şurasının rəsmi saytında mediasiya təşkilatlarının ünvanları yerləşdirilib. Həmçinin həmin saytda mediasiyaya müraciət qaydası və lazımi sənədlərin siyahısı da göstərilir. Əgər mediasiya mərhələsində tərəflər arasında razılıq əldə olunmazsa, bu halda işçi məhkəməyə müraciət edə bilər. Lakin məhkəməyə müraciət etmək üçün ilkin məcburi mediasiya mərhələsindən keçdiyinə dair arayışın alınması mütləqdir. Əks halda məhkəmə iddia ərizəsini icraata qəbul etməyəcək.

Digər vacib məqam isə müddətlə bağlıdır. Əmək mübahisələri, xüsusilə işə bərpa ilə bağlı iddialar üzrə məhkəməyə müraciət müddəti bir aydır. Bu müddət işçiyə işdən çıxarılma barədə əmrin, əmək kitabçasının və son haqq-hesabın təqdim edildiyi tarixdən hesablanır.
Lakin işçi mediasiyaya müraciət etdikdə həmin müddətin axımı dayanır. Mediasiya təşkilatı tərəfindən arayış verildiyi gündən isə müddətin axımı yenidən davam edir.
Bütün bu nüanslar nəzərə alınmalıdır. Hər bir şəxs bilməlidir ki, onun əmək hüquqları qanunvericiliklə hərtərəfli şəkildə qorunur və dövlət bu hüquqların müdafiəsini yalnız qanun normaları ilə deyil, eyni zamanda real mexanizmlərlə təmin edir.
Bu mexanizmlərə Dövlət Əmək Müfəttişliyi Xidməti, mediasiya institutu və məhkəmə mexanizmi daxildir. Hər bir işçi öz hüquqlarının müdafiəsi üçün bu imkanlardan istifadə etməlidir”.

İlhamə Həsənova əlavə edib ki, bəzi hallarda vətəndaşlara dövlət hesabına pulsuz hüquqi yardım da göstərilir:

“Xüsusilə qadınların, azyaşlı uşağı olan anaların, məişət zorakılığına məruz qalmış şəxslərin, eləcə də maddi imkanı zəif olan və vəkil tutmaq imkanı olmayan vətəndaşların dövlət hesabına hüquqi yardım almaq hüququ var.
Bu yardımın göstərilməsi üçün həmin şəxslər yaşadıqları ərazi üzrə fəaliyyət göstərən vəkil bürosuna müraciət etməlidirlər. Qanunvericilikdə bununla bağlı müəyyən sənədlərin təqdim olunması nəzərdə tutulub. Məsələn, şəxsin işləməməsi, məşğulluq vəziyyəti barədə arayış və digər sənədlər təqdim edilməlidir.
Həmin sənədlər təqdim edildikdən sonra ərazi üzrə vəkil bürosu dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı məhkəməyə təqdimat verir. Əgər məhkəmə təqdimatı təmin edərsə, həmin şəxs dövlət hesabına vəkillə təmin olunur”.

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər