"Enerji bazarındakı dəyişikliklər Moskva üçün həm fürsət, həm də yeni iqtisadi risklər yaradır..."
ABŞ prezidenti Donald Tramp administrasiyası Ukrayna müharibəsi ilə bağlı Rusiyaya tətbiq olunan bəzi neft sanksiyalarını qismən yumşaltmağa başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Vaşinqtonun qərarı və siyasi mübahisə
Nəşrin yazdığına görə, bu addım əsasən ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra enerji bazarlarında yaranan şoku azaltmaq məqsədi daşıyır. ABŞ maliyyə naziri Skott Bessent Hindistana artıq dənizdə olan Rusiya neftini almaq üçün 30 günlük icazə verildiyini bildirib.
Onun sözlərinə görə, bunun Rusiyanın gəlirlərinə təsiri məhdud olacaq. Bununla belə, Vaşinqtonun sanksiyaları daha da yumşaldıb-yumşaltmayacağı hələ müzakirə olunur. Donald Tramp isə bildirib ki, administrasiya enerji qiymətlərini aşağı salmaq üçün "neftlə bağlı bəzi sanksiyaları ləğv edir".
O, Rusiyanın adını açıq çəkməsə də, Moskvanın bundan müəyyən fayda əldə edə biləcəyini istisna etməyib. ABŞ Senatındakı demokratlar isə bu addımı tənqid edərək bildiriblər ki, belə qərar Kremlə maliyyə stimul verir və Rusiya neftinin satışını asanlaşdırır.
Enerji bazarındakı dəyişikliklər və Moskva üçün dilemma
Enerji bazarındakı son dəyişikliklər Putin üçün əlverişli vaxta təsadüf edib. Son aylarda Rusiyanın enerji gəlirləri ciddi azalıb. Məlumata görə, fevral ayında neft və qaz şirkətlərinin büdcəyə köçürdüyü vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz az olub.
Bu səbəbdən Moskva Milli Rifah Fondundakı ehtiyatlardan istifadə etməyə başlayıb. Putin isə enerji şirkətlərini mövcud vəziyyətdən istifadə etməyə çağıraraq yüksək qiymətlərin çox güman ki, müvəqqəti olacağını bildirib. O, həmçinin Rusiyanın Avropa bazarına enerji tədarükünü tam dayandırmaq variantının da qiymətləndirildiyini qeyd edib.
Analitiklərin xəbərdarlığı və gizli risk
Analitiklər hesab edir ki, Rusiyanın büdcəsinə real təsir Yaxın Şərqdəki gərginliyin nə qədər davam etməsindən asılı olacaq. Qısa müddətli qiymət artımı böyük dəyişiklik yaratmaya bilər, lakin uzunmüddətli bahalaşma Moskva üçün ciddi gəlir mənbəyinə çevrilə bilər.
Bununla yanaşı, Rusiya başqa bir problemlə də üzləşib, bu da güclənən rubldur. Neft dollarla satıldığı üçün rublun bahalaşması büdcəyə daxil olan real gəlirləri azaldır. Valyutanı zəiflətmək isə inflyasiyanı artırmaq riski yaradır.
Avropada isə bu məsələ ilə bağlı fikir ayrılığı var.
Macarıstanın baş naziri Viktor Orban sanksiyaların dayandırılmasını təklif etsə də, Almaniya kansleri Fridrix Mers belə addım üçün "heç bir əsas olmadığını" bildirib və Ukraynaya dəstəyin prioritet olduğunu vurğulayıb.