Yaxın Şərqdə kritik məqam:
Ekskluziv
529
13:34, Bu gün

Yaxın Şərqdə kritik məqam: "ABŞ-ın İranda quru əməliyyatı fəlakət riski daşıyır”

Son günlər Yaxın Şərqdə baş verən hadisələr regionda yeni və daha geniş miqyaslı qarşıdurma ehtimalını gündəmə gətirib. ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar, Tehranın isə buna cavab zərbələri endirməsi vəziyyəti daha da gərginləşdirib. Paralel olaraq beynəlxalq mediada ABŞ-ın İranın nüvə proqramı ilə bağlı obyektlərini nəzarətə götürmək üçün mümkün quru əməliyyatı keçirə biləcəyi barədə iddialar səslənir. Bu ehtimallar regionda müharibənin miqyasının daha da genişlənə biləcəyi ilə bağlı müzakirələri artırır.
Bəs ABŞ-ın İrana qarşı quru əməliyyatına başlaması nə dərəcədə realdır? Belə bir addım atılarsa, bunun hərbi və siyasi nəticələri nə ola bilər?

Mövzu ilə bağlı Moderator.az-a fikirlərini bölüşən ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, ABŞ-ın İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək məqsədilə quru əməliyyatı keçirə biləcəyi ilə bağlı fikirlər son günlər mətbuatda müzakirə olunsa da, mən bunu real hesab etmirəm.

 Ekspert qeyd edib ki, Vaşinqton yaxşı anlayır ki, İran ərazisinə göndəriləcək xüsusi təyinatlı qüvvələr arasında ciddi itkilər baş verə bilər. Bu isə ABŞ prezidenti üçün aralıq seçkilər ərəfəsində arzuolunan vəziyyət deyil:

"Bildiyiniz kimi, hazırda respublikaçılarla demokratlar arasında ciddi gərginlik və fikir ayrılığı mövcuddur. Hətta ABŞ prezidenti dünən ilk dəfə etiraf etdi ki, onunla vitse-prezident C.D.Vens arasında da müəyyən fikir ayrılıqları var və bu, əsasən İran müharibəsi ilə bağlıdır. Bu səbəbdən Donald Trampın belə riskli addım atacağına inanmıram.
Digər tərəfdən, İran artıq ötən ildən bilirdi ki, həm Vaşinqton, həm də İsrail uranın zənginləşdirilməsi ilə bağlı müəyyən addımlar atmaq niyyətindədir. Buna görə də Tehran müəyyən təhlükəsizlik tədbirləri görüb".

Hərbi ekspert bildirib ki, uzun illərdir mübahisə və gərginlik mövzusu olan uranın zənginləşdirilməsi və bu texnologiyalarla bağlı məsələnin İran tərəfindən asanlıqla ABŞ və İsrailə təslim ediləcəyini düşünmürəm:

"Əslində burada daha çox psixoloji və siyasi təzyiq elementləri var. İrana ciddi psixoloji və siyasi təzyiq göstərilir. Yeni ali dini lider məsələsi ətrafında da müxtəlif bəyanatlar səsləndirilir. Lakin görünən odur ki, artıq yeni ali dini lider seçilib və ABŞ da bu prosesin necə inkişaf edəcəyini izləməyə çalışır.
Digər tərəfdən, ABŞ İranla qarşıdurmaya gedərkən bəzi məsələləri tam düzgün hesablamamışdı. Məsələn, Yaxın Şərqdə yerləşən diplomatik nümayəndəliklərini müharibə şəraitində təxliyə etmək məcburiyyətində qaldı. Halbuki bu təhlükə əvvəlcədən nəzərə alınmalı idi.

Çünki İran açıq şəkildə bildirmişdi ki, ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazaları, hansı ölkədə yerləşməsindən asılı olmayaraq, hədəfə alına bilər. İran bu istiqamətdə müəyyən addımlar da atdı.
Bu səbəbdən düşünmürəm ki, ABŞ İranın bu addımlarına cavab olaraq quru əməliyyatına başlasın. Bu, ABŞ üçün çox ciddi və ağır nəticələrə səbəb ola bilər.
Hazırda daha çox psixoloji təzyiq müşahidə olunur. ABŞ tərəfi zərbələrin miqyasını artırmaqla bağlı bəyanatlar verir.

Dünən ABŞ-ın müdafiə naziri də bildirdi ki, İranı daha sərt zərbələrlə üz-üzə qoymaq niyyətindədirlər. Lakin bu açıqlamalar daha çox İrana təzyiq göstərmək və mövcud vəziyyəti gərgin saxlamaq məqsədi daşıyır.
İran rəsmiləri isə bildirirlər ki, İran xalqı bu təzyiqlərə baxmayaraq geri addım atmaq niyyətində deyil.
Hazırda vəziyyət belədir. Görünən odur ki, yaxın dövrdə bu müharibə İran, ABŞ və İsrail üçün ciddi itkilərlə müşahidə oluna bilər və təəssüf ki, bu prosesdə günahsız insanların həyatını itirməsi ilə də qeydə alınacaq".

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər