“Nə Rusiya, nə də ABŞ apardıqları savaşlardan gözlədikləri nəticələri əldə edə bilirlər...”
Ekskluziv
496
13:31, Bu gün

“Nə Rusiya, nə də ABŞ apardıqları savaşlardan gözlədikləri nəticələri əldə edə bilirlər...”

“Bu iki savaş arasında oxşarlıq odur ki, məsələn, Rusiya Prezidenti Vladimir Putin müharibənin ilk günlərində deyirdi ki, hələ biz hərbi gücümüzdən tam istifadə etməmişik. Eyni sözləri bu gün Tramp da deyir...”
 
“Aralarında elə böyük əlaqə yoxdur. Əsas oxşarlıq ondan ibarət ola bilər ki, hər iki müharibədə bir dövlət hücuma məruz qalıb. Ukrayna Rusiyanın işğalına məruz qalıb, İran isə İsrail və ABŞ-ın hücumlarına məruz qaldığını deyə bilər. Digər oxşarlıq odur ki, Rusiya hakimiyyəti də ilişib qalıb, Ukraynada müharibəni bitirə bilmir. Faktiki ABŞ və İsrail də 10 gündən artıqdır ki, müharibədən gözlədikləri nəticəni əldə edə bilmirlər; rejimi dəyişə bilmirlər. Və yalnız hava bombardmanları ilə rejimin dəyişəcəyini demək çətindir.”
 
Politoloq Elxan Şahinoğlu bu fikirləri Moderator.az əməkdaşının “İrandakı 12-ci gündür davam edən müharibə ilə Ukraynadakı 5-ci ildir səngimək bilməyən savaş arasındakı qarşılıqlı təsirləri necə təhlil edərdiniz?” sualını cavablandırarkən dilə gətirib. 
 
“Bu iki savaş arasında oxşarlıq odur ki, məsələn, Rusiya Prezidenti Vladimir Putin müharibənin ilk günlərində deyirdi ki, hələ biz hərbi gücümüzdən tam istifadə etməmişik. Eyni sözləri bu gün Tramp da deyir ki, İrana qarşı hələ tam hərbi gücümüzdən istifadə etməmişik. 
 
Eyni zamanda onu demək gərəkdir ki, Yaxın Şərqdə baş verən bu müharibə Rusiya-Ukrayna savaşını müəyyən qədər arxa plana keçirib və bu saat əsas diqqət ABŞ/İsrail-İran savaşındadır.  Neftin qiymətləri də kəskin artıb, bu isə enerji bazarında böyük təlatüm yaradıb.
 
Fərq isə ondan ibarətdir ki, Ukrayna artıq Rusiyanın işğalına məruz qalıb, amma İranda hələlik işğal yoxdur, yalnız rejimi dəyişdirmək məqsədilə bombardman həyata keçirilib. 
 
İrandakı savaşın əsas təsiri ondan ibarətdir ki, öncə dediyim kimi, diqqət Rusiya-Ukrayna müharibəsindən yayınıb. Əgər İrana qarşı müharibə olmasaydı, bütün diqqət Rusiya-Ukrayna müharibəsində qalacaqdı. Bundan öncə ABŞ Avropaya texnika satırdı ki, o da həmin texnikanı Ukraynaya satsın.  İrana qarşı apardığı müharibə fonunda isə texnika və silah-sursat ABŞ-ın özü üçün daha vacibdir, çünki istifadə edilən texnika və mərmiləri əvəz etməlidirlər. Bu amil müəyyən qədər Ukraynanın müqavimət gücünə problemlər yarada bilər.
 
“Bəs İran savaşı Rusiyanın əlinə necə oynayır?” sualına isə politoloq belə cavab verib:
 
“Rusiyanın əlinə oynayan məqam budur ki, diqqətin yayılması Rusiyanın maraqlarına xidmət edir. Üstəlik, neftin qiymətlərinin qalxması da ikinci səbəbdir. Üçüncü səbəb isə odur ki, Tramp İrana qarşı müharibə fonunda bəzi dövlətlərə icazə verib ki, Rusiyadan neft alsınlar, bu da Rusiya üçün əlavə üstünlük yaradır...”
 
Link kopyalandı!
Son xəbərlər