“Elə savaşdan öncə də olub, indi də İran rəhbərliyində Qərbi Azərbaycan ostanının statusu və gələcəyi ilə bağlı fikir ayrılıqları, ziddiyyətlər var...”
“Əvvəla, onu deyim ki, Quzey Azərbaycanda Güney Azərbaycan və ümumiyyətlə, İran dövləti, onun bu gün apardığı savaşa müxtəlif yanaşmalar var. Hətta bir-birinə zidd yanaşmalar mövcuddur ki, bu da təbiidir. Hər kəs öz dünya görüşünə uyğun olaraq münasibətini formalaşdırır və həmin dəyərlərdən çıxış edərək bəziləri bu savaşa, ümumiyyətlə, İranın vəziyyətinə yumşaq yanaşma nümayiş etdirir, bəziləri isə çox sərt mövqe ortaya qoyur. Amma burada, məncə, xüsusi önəm daşıyan bir faktor var: İran bizim üçün sıradan bir dövlət deyil. İran İslam Cümhuriyyəti daxilində Quzey Azərbaycandakından və yaxud onun sərhədlərindən kənarda yaşayanlardan dəfələrlə çox soydaşımız mövcuddur. Tarixi Azərbaycan və Azərbaycan əhalisinin yerləşdiyi etnik zona Azərbaycan Respublikası ərazisindən bir neçə dəfə böyükdür.”
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli ifadə edib.
Davamında həmsöhbətimiz təəssüflə qeyd edib ki, deyilən faktorlar İran İslam Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında bir körpü rolunu oynaya bilmir:
“Bəs niyə? Çünki oradakı soydaşlarımız məzlum durumdadırlar, onların hüquqları qorunmur, milli hüquqlar barədə isə danışmağa heç bir əsas yoxdur. Ona görə də Azərbaycan Respublikasında da İran İslam Cümhuriyyəti və indiki savaşla bağlı məsələlərlə bağlı haqlı olaraq müxtəlif fikirlər yaranır”.
“Bəs İraqda, Suriyada, eləcə də İranın özündə ABŞ və İsrail tərəfindən açıq-açığına dəstəklənən kürd separatizmi Güney Azərbaycandakı azərbaycanlılar üçün bu gün, gələcəkdə- İranın parçalanacağı halda hansı təhlükələri kəsb edir?” sualını isə diplomat belə cavablandırıb:
“Hətta İranın parçalanmayacağı təqdirdə belə, bu gün də Güneydəki Azərbaycan türklərinə qarşı kürd separatizmi təhlükəsi mövcuddur. Elə savaşdan öncə də olub, indi də İran rəhbərliyində Qərbi Azərbaycan ostanının statusu və gələcəyi ilə bağlı fikir ayrılıqları, ziddiyyətlər var. İran kürdləri də o ərazilərə iddialıdırlar. Bu da bizim soydaşlarımız tərəfindən ekspansionist və əsassız bir iş kimi qiymətləndirilir. Və bu məsələnin tarixi kökləri də var. Yəni bu problem yeni yaranmayıb. Ona görə də gələcəkdə Güneydə baş verə biləcək hadisələrə soydaşlarımız hər şəkildə bütün imkanlarıyla hazır olmalıdırlar. Özünümüdafiə dəstələrinin yaradılması da daxil olmaqla bütün tədbirlərə diqqət yetirilməlidir...”
Sultan Laçın