“Qorxuram ki, ABŞ/İsrail-İran savaşı İran-ərəb, dolayısıyla məzhəb savaşına çevrilsin...”.
Ekskluziv
640
10:10, Bu gün

“Qorxuram ki, ABŞ/İsrail-İran savaşı İran-ərəb, dolayısıyla məzhəb savaşına çevrilsin...”.

“Uzunmüddətli müharibələr hər zaman Pentaqonun ən böyük arzusu olub: “Məhz bu səbəbdən ABŞ 20 il davam edən böyük müharibələrə girib və əksər hallarda uduzmağı belə, gözə alıb...”
 
“Üstəlik, İranda siyasi iradədən məhrum buraxılan SEPAH da bu müharibəni bitirmək istəmir. Özünə görə haqlı səbəbləri də var...”
 
“Bütün bu amillər İranın Hörmüz boğazını bağlamasının Çini də proseslərə müdaxilə etmə məcburiyyətində qoya bilər. Bu isə, savaşın uzanmasının III Dünya Müharibəsinə çevrilməsi ilə nəticələnməsi anlamına gəlir...”
 
“İsrailin hücumu ilə başlanmış ABŞ-İsrail-İran savaşının 11 gününü necə təhlil edərdiniz? Hansı amillər tərəfləri qarşıdakı bir neçə gündə müharibəni dayandırmağa vadar edə bilər?” sualları ilə müraciət etdiyimiz siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında bildirib ki, hansısa amilin ABŞ-İran savaşını dayandıracağına inanmır: 
 
“ABŞ prezidentinin son günlər verdiyi açıqlamalardan görünür ki, o, İranla savaşı bir an öncə dayandırmağa çalışır. Çünki savaşın uzanması Donald Trampı dəstəkləyən Respublikaçılar Partiyasının qarşıdan gələn Konqres seçkilərində uduzması ilə nəticələnə bilər. Beləcə, Trampın özü də təsir gücünü itirər və amerikalıların təbiri ilə desək, “topal ördəyə” çevrilər. Amma məsələ burasındadır ki, ABŞ-da Trampı “topal ördəyə” çevirmək istəyən qüvvələr də az deyil. Böyük sərmayəyə, orduya, hərbi sənaye sektoruna nəzarət edən bu qruplar “öncə Amerika” şüarı ilə ortaya atılan Donald Trampı onsuz da devirməyə çalışırdılar. Hətta ona qarşı bir sıra uğursuz terror cəhdində də bulunmuşdular. O cəhdlər uğursuz alınsa da, Trampın özü İranla savaşa girərək bu ümidləri yenidən cücərtdi. Təsadüfi deyil ki, Trampın yarıkönüllü dilə gətirdiyi sülh çağırışlarına əks-reaksiyalar məhz Pentaqondan gəldi. Bilirsiniz ki, dünən ABŞ Prezidenti Tramp Mayamidə keçirilən Respublikaçı Konqres üzvlərinin illik iclasında İran məsələsinə toxunaraq “savaşın qısa müddətdə bitəcəyini” demişdi. Üzərindən heç yarım saat keçməmiş Pentaqonda keçirilən mətbuat konfransında çıxış edən ABŞ-ın Savaş naziri Heqset ABŞ ordusunun həm müdafiə, həm də hücum imkanları üçün kifayət qədər sursat ehtiyatına malik olduğunu vurğulayaraq dedi: “Sursat çatışmazlığı yoxdur. Müdafiə və hücum silah ehtiyatlarımız bu əməliyyatı lazım olduğu qədər davam etdirmək üçün kifayətdir”. Nazirin fikrincə, ABŞ ordusunun İranla savaşı davam etdirmək üçün nə iradə çatışmazlığı var, nə də sursat sıxıntısı. “Əslində, biz müharibəyə hələ təzə başlamışıq”, - deyə nazir müharibənin nə zaman bitməsinə ABŞ-ın qərar verəcəyini bildirmişdi”. 
Heqsetin ilk baxışdan içiboş təhdid kimi görünən bu fikirlərinin əslində Trampın savaşı bitirmək arzusuna qarşı ortaya qoyulan iradənin ifadəsi olduğuna inanan Heydər Oğuzun firincə, uzunmüddətli müharibələr hər zaman Pentaqonun ən böyük arzusu olub: 
 
“Məhz bu səbəbdən ABŞ 20 il davam edən böyük müharibələrə girib və əksər hallarda uduzmağı belə, gözə alıb. ABŞ-la müqayisədə əl boyda görünən Vyetnama, həmçinin Əfqanıstana qarşı müharibələr 20 il davam etdi və ABŞ bu müharibələrdən başını götürüb qaçaraq çıxdı. Eyni zamanda 3 il davam edən Koreya savaşı da faktiki heç-heçə bitdi və iki Koreya arasında sülh müqaviləsi belə, imzalanmadı. Üzərindən 53 il keçməsinə baxmayaraq Koreya savaşı istənilən an yenidən başlaya bilər. 5-ci ilinə qədəm qoyan Ukrayna savaşının da nə zaman bitəcəyi bəlli deyil. 1990-ci illərin əvvəlindən başlayan İraq savaşının da indiyədək bitmədiyi ortadadır. Yəqin ki, yaxın günlərdə İraqdakı Həşdi-Şabi qüvvələri ilə kürd peşmərgələri və Suriya ordusu arasında yeni toqquşmaların çıxdığına şahidlik edəcəyik. Bütün bunlar təsadüfi deyil; uzunmüddətli savaşlar ABŞ-ın silah sənayesinə trilyonlarla dollar qazandırdığı üçün Vaşinqton II Dünya müharibəsindən sonra dinc dayanmaq istəmir. Yeni və uzunmüddətli savaşlar çıxarıb öz hərbi sənaye komplekslərinə yeni bazarlar qazandırır. Bu mənada İran-ABŞ müharibəsinin də tezliklə bitəcəyini zənn etmirəm. Savaş qismən zəifləyə bilər, amma bitməz...
 
Üstəlik, İranda siyasi iradədən məhrum buraxılan SEPAH da bu müharibəni bitirmək istəmir. Özünə görə haqlı səbəbləri də var. Əvvəla, onun və digər radikal qüvvələrin mənəvi lideri sayılan Xamenei öldürülüb. Onlar isə kiçik qüvvə deyillər və öz liderlərinin qisasını almalıdırlar. Əks halda ictimai qınaq altında tamamilə məhv olub gedəcəklər. Üstəlik, ABŞ-ın və İsrailin onlardan tələbi də rahatlıqla həzm ediləcək istəklər deyil. ABŞ-İsrail cütlüyü İrandan SEPAH-ın tamamilə ləğvini və  proksi-qüvvələrindən vaz keçməsini tələb edir. Bu isə qarşı tərəfə “dərhal intihar et” deməyə bənzəyir.  Heç bir sülh müqaviləsində bu cür sərt tələblər qoyula bilməz. Fikrimcə, istər İran dini liderinin öldürülməsi, istərsə də İran qarşısında qoyulan qəbuledilməz tələblər müharibənin bitirilməməsi məqsədi daşıyır və sanki İsrail atəş topunu yandırıb qəsdən ABŞ-ın qucağına atıb. ABŞ isə onu nə söndürə, nə də müharibədən geri çəkilə bilir. Əks halda, İran kimi zəif gördüyü qüvvə qarşısında məğlubiyyətini boynuna almalıdır...”
Siyasi şərhçinin fikrincə, ABŞ-İran müharibəsinin bitməsini Tehranın strateji müttəfiqləri və regional güclər də arzulamırlar: 
 
“Əksinə, bu müharibəyə özlərinin təhlükəsizlik sığortası kimi baxırlar. Rusiya İran-ABŞ müharibəsinin Hörmüz boğazına sıçramasının dünyada enerji böhranı yaradacağına və Avropanın ondan asılı vəziyyətə düşəcəyinə əmindir. Bu isə Rusiyaya Ukrayna problemini öz xeyrinə həll etmək fürsəti yarada bilər. Türkiyə, İraq və Suriya İranın parçalanmasını “Kürdüstan” projesinə zəmin yaradacağından narahatdır və bunun baş tutmamasına çalışır. Üstəlik, İranın ABŞ-la uzun savaşı sonucunda zəifləməsi də region ölkələrinin maraqlarına uyğundur. Pakistan da “bəluc” separatizmi səbəbindən İranın parçalanmasını istəmir. Qısası, regionun güclü dövlətlərinə zəif, amma bütöv İran lazımdır ki, ABŞ-la savaşın uzanması onların da işinə yarayır”.
 
Heydər Oğuzun fikrincə, region dövlətləri arasında İran-ABŞ müharibəsindən ən çox çəkinənlər körfəz ölkələridir: 
 
“Çünki bu ölkələr faktiki olaraq iki daş arasında qalıblar. İran təhlükəsi səbəbindən ABŞ-a sığınmağa və onun ordusuna öz ərazilərində yer verməyə məcburdurlar. Bu isə Tehranı qəzəbləndirir. Halbuki, İran rəsmiləri körfəz ölkələrinə qəzəblənmək əvəzinə öz aqressiv siyasətlərini dəyişdirməyə çalışmalıdırlar. Bunu etmək əvəzinə, qorxusundan ABŞ-a sığınanlara bombalar yağdırmaq İran üçün əlavə problemlər yaradır və düşmən dəyirmanına su tökməyə bənzəyir. Qorxuram ki, ABŞ körfəz ölkələri arasındakı bu gərginlikdən yararlanıb onları da İranla müharibəyə cəlb etsin və müharibənin bütün xərclərini ərəblərin boyununa qoysun. Nəticədə özü kənara çəkilsin və Tramp da Respublikaçılar Partiyasından gələn təzyiqləri azaltsın. Beləcə, ABŞ/İsrail-İran müharibəsi İran-ərəb müharibəsinə, dolayısıyla məzhəb savaşına çevrilsin...”.
 
Siyasi şərhçi hesab edir ki, İran-ABŞ savaşı super güclər arasında yalnız Çinin maraqlarına uyğun deyil: 
 
“Dünya Enerji Şurasının məlumatına görə, bu ölkə öz enerji idxalatının yarısını Fars körfəzi ölkələrindən alır. İran-ABŞ müharibəsi Hörmüz boğazının bağlanması ilə nəticələnə və Çinin enerji tədarükündə ciddi problemlər yarada bilər. Sirr deyil ki, Tehran da son zamanlar bu istiqamətdə bəzi addımlar atmağa başlayıb. Hörmüz boğazını minalayaraq bağlayıb. Bu isə ilk növbədə Çinin maraqlarını təhdid edir. Çünki Çinin gündə 5 milyon barel nefti Hörmüz boğazından keçirdi, o boğazın bağlanması ilə Çinin həmin nefti hardan alacağı sual altına düşür. Təbii ki, Rusiya Çinin itkilərini qismən kompensasiya edəcək. Amma gündə 5 milyon barel neft Rusiyanın da hasilat imkanlarının çox-çox üstündədir. Bütün bu amillər İranın Hörmüz boğazını bağlamasının Çini də proseslərə müdaxilə etmə məcburiyyətində qoya bilər. Bu isə, savaşın uzanmasının III Dünya Müharibəsinə çevrilməsi ilə nəticələnməsi anlamına gəlir”.
 
Təqdim etdi:
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər