“İrana göndərilən yardım Azərbaycanın dostluq, qonşuluq prinsiplərinə sədaqətinin göstəricisidir”
Ekskluziv
321
16:38, Bu gün

“İrana göndərilən yardım Azərbaycanın dostluq, qonşuluq prinsiplərinə sədaqətinin göstəricisidir”

Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu gün Azərbaycan dövləti İrana qida və dərmandan ibarət 30 ton həcmində humanitar yardım göndərib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, bunu Azərbaycan dövlətinin ənənəvi humanist siyasətinin tərkib hissəsi kimi dəyərləndirib:

“İran tarixinin ən çətin, mürəkkəb dövrünü yaşayır. İslam inqilabından sonra, molla rejiminin apardığı ziddiyətli siyasət nəticəsində, bu ölkə siyasi, iqtisadi, humanitar, mədəni, təhlükəsizlik cəhətdən dalana dirənib. Bütün qonşuları ilə, beynəlxalq ictimaiyyətlə düşmənçilik münasibətindədir. Ən çox əziyyət çəkən də öz xalqıdır.

Müharibə gedən ölkədə qida məhsullarına, dərman vasitələrinə ehtiyac var. Cənab Prezidentin tapşırığına əsasən, 30 ton humanitar yardımın İrana göndərilməsi, Azərbaycanın dostluq, qonşuluq prinsiplərinə sədaqətinin göstəricisidir.

                                           

Biz dəfələrlə müharibə aparan ölkələrə, təbii və yaxud texnogen hadisələrdən əziyyət çəkən bölgələrə yardımlar göndərmişik. Bu bir insanlıq borcudur. Çətin zamanlarda göstərilən yardımlar, unudulmur. Baxmayaraq ki, cənub qonşumuz Azərbaycanın uzun illər ərzində nümayiş etdirdiyi dostluq jestlərini lazımınca qiymətləndirməmiş, əksinə qərəzli davranmışdır. Bu yaxınlarda Naxçıvan hava limanının, orta məktəbin dron hücumuna məruz qalması, ölkələrimiz arasında ciddi narazılığa səbəb olmuşdur”.

Millət vəkili İranla bağlı gözləntilərini dilə gətirib:

“Humanitar aksiyadan sonra, İranın təxribatlardan əl çəkəcəyinə, səmimi davranacağına heç kim qarant dura bilməz. Mən şəxsən buna inanmıram. Ən azından ona görə ki, İranda hakimiyyət monoton deyil. Xalq tərəfindən seçilmiş qanuni hakimiyyətin proseslərə təsir imkanları son dərəcə məhduddur. Prezident Pezeşkian televiziya kameraları qarşısında çıxış edib, atəşə məruz qoyduqları dövlətlərdən üzür istəyir. Bir neçə saat sonra isə, SEPAH Pezeşkianı təkzib edərək bildirir ki, prezidentin müharibə vaxtı dediklərinin əsası yoxdur. Bu o deməkdir ki, real hakimiyyət SEPAH-ın əlindədir. SEPAH isə bir sıra ölkələr və beynəlxalq təşkilat tərəfindən terror təşkilatı olaraq tanınır. Normal dövlətlərdə belə şeylər olmur. Arzu edək ki, İran Azərbaycan dövlətinin uzatdığı növbəti dostluq əlini layiqincə qiymətləndirəcəkdir”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər