Bizi sosial şəbəkələrdən izləyin:
"Ukrayna müdafiə sənayesi dronların uçuş məsafəsini və döyüş yükünü artırır..."
Ukraynanın "Fire Point" müdafiə şirkəti Rusiyanın dərinliklərindəki hədəflərə zərbə endirmək üçün istifadə olunan FP-1 və FP-2 tipli zərbə pilotsuz aparatlarını modernləşdirir.
Moderator.az xəbər verir ki, bu barədə şirkətin baş konstruktoru və həmtəsisçisi Denis Ştilerman "ArmiyaTV" kanalına müsahibəsində danışıb.
Dronların imkanları genişləndirilir
Ştilermanın sözlərinə görə, modernləşdirilmiş FP-1 dronları 1000 kilometrdən çox məsafəyə uça və 105 kiloqramlıq döyüş başlığı daşıya biləcək. Hazırda isə bu aparatların daşıdığı döyüş yükü təxminən 60 kiloqramdır.
FP-2 modelində də dəyişikliklər edilir və onun döyüş yükü 158 kiloqrama qədər artırılacaq. Uçuş məsafəsini və döyüş yükünü artırmaq üçün yanacaq çəni qanad hissəsinə köçürülüb.
GPS-siz hədəfə yönəlmə
Şirkət eyni zamanda dronların qiymətini azaltmaq üçün bəzi bahalı komponentlərdən imtina etməyə çalışır. Yeni sistemlər sayəsində pilotsuz aparatların GPS olmadan da hədəfə yönəlməsi mümkün olacaq. Dronlar ərazidə avtomatik orientasiya edə biləcək və ucuz gecə kameraları ilə təchiz olunacaq.
Strateji obyektlərə zərbələr
Ukrayna hərbi mənbələrinin məlumatına görə, FP-1 dronları artıq Rusiyanın bir sıra strateji obyektlərinə qarşı hücumlarda istifadə olunub. Xüsusilə 2025-ci ilin yay və payız aylarında Ryazan, Saratov, Novokuybışev və Volqoqrad neft emalı zavodlarına edilən zərbələrdə bu dronların mühüm rol oynadığı bildirilir.
Ekspertlərin fikrincə, belə uzaqmənzilli pilotsuz aparatların inkişafı Ukraynanın Rusiyanın enerji və hərbi infrastrukturuna qarşı hücum imkanlarını daha da genişləndirə bilər.