Pensiya yaşına çatan vətəndaşların diqqətinə!
Ekskluziv
1369
15:16, Bu gün

Pensiya yaşına çatan vətəndaşların diqqətinə!

 Azərbaycanda pensiya yaşına yaxın olan vətəndaşların əmək bazarında qorunması məsələsi son dövrlər yenidən gündəmə gəlib. Bu kateqoriyaya aid şəxslərin iş yerlərinin saxlanılması, eləcə də onların sosial təminatının daha etibarlı şəkildə qorunması ilə bağlı müxtəlif təkliflər irəli sürülür və məsələ Milli Məclisdə müzakirə predmetinə çevrilir.
 Xüsusilə pensiya yaşına az qalan şəxslərin işdən azad olunmasının qarşısının alınması üçün hansı hüquqi mexanizmlərin tətbiq oluna biləcəyi və bu istiqamətdə qanunvericilikdə mümkün dəyişikliklərin nədən ibarət ola biləcəyi diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Moderator.az-a fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, pensiya yaşına az qalan vətəndaşların məşğulluğunun qorunması sosial baxımdan mühüm əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, yaşı 60-dən çox olan vətəndaşlarımızın əmək müqaviləsinə xitam verilməməsi ilə bağlı təklif Ombudsmanın 2025-ci il üçün illik məruzəsində öz əksini tapıb:

 "Məruzə Milli Məclisdə ötən həftə təqdim olundu və təqdimat zamanı, təbii ki, Ombudsman tərəfindən bu məsələyə də toxunuldu.
Biz daha öncə də, xüsusən pensiya yaşına az qalmış vətəndaşlarımızın işdən azad edilməməsinin tərəfdarı olmuşuq və bununla bağlı qanunvericiliyə dəyişikliklər də təklif etmişik. Eyni zamanda bir sıra ölkələrdə, xüsusən də qardaş Qazaxıstanda, pensiya yaşına az qalmış vətəndaşların – xüsusən də pensiya yaşına iki il qalmış şəxslərin – əmək müqaviləsinə xitam verilməsi qadağan edilir. Yalnız istisna hallarda əmək müqavilələrinə xitam verilməsi nəzərdə tutula bilər.
Biz də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsinin tərəfdarıyıq. Çünki nəzərə alsaq ki, pensiya yaşına az qalmış şəxslərin əmək müqaviləsinə xitam verilən zaman onların işlə təminatında çətinliklər yaranır. Bu isə, təbii ki, onların pensiya yaşına qədər yeni iş tapmasında müəyyən problemlərlə üzləşməsinə səbəb olur.

Ona görə də bizim təklifimiz ondan ibarətdir ki, bu kateqoriyadan olan vətəndaşlarımızın əmək müqaviləsinə xitam verilməsi qadağan edilsin.

 Çünki onlar pensiya yaşına qədər işləməklə, yəni əmək müqaviləsinə sahib olmaqla praktiki olaraq sosial təminatlardan istifadə edə bilərlər.
Məsələn, 62–63 yaşında əmək müqaviləsinə xitam verilən vətəndaşın yenidən işlə təmin olunmasında əksər hallarda çətinliklər yaranır. O, iş tapa bilmədiyi üçün, təbii ki, onun sosial təminatı da çətinləşir. İş tapmaqda çətinlik isə onun sosial vəziyyətinə və maliyyə durumuna mənfi təsir göstərir.
Bu baxımdan təbii ki, bu, müsbət təklifdir. Bu istiqamətdə müzakirələr artıq bir ildən çoxdur aparılır və düşünürəm ki, maliyyə imkanlarımız da nəzərə alınmaqla bu təklifin qəbul olunması məqsədəuyğundur. Çünki nəticə etibarilə bu addım pensiya yaşına az qalmış vətəndaşlarımızın sosial təminatının daha yaxından qorunmasına və güclənməsinə xidmət etmiş olar".

Yuxarıda Vüqar Bayramovun vurğuladığı kimi, pensiya yaşına yaxınlaşan vətəndaşlarımızın iş yerlərinin qorunması sosial təminat baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan mövzunu iqtisadçı perspektivi ilə də təhlil etmək zərurəti yaranır. Məsələ ilə bağlı Moderator.az iqtisadçı-ekspert Xalid Kərimlinin də fikirlərini öyrənib.

İqtisadçı bildirib ki, işəgötürənlər çox vaxt gənc və çevik işçi qüvvəsinə üstünlük verirlər:

“Çünki gənclərin sağlamlığı nisbətən yaxşıdır, yaşlılarla müqayisədə problemləri azdır, çevikliyi daha yüksəkdir və iş tələblərini yerinə yetirməkdə daha rahatdırlar. Bu baxımdan, yaşlı işçilərin əmək bazarında qarşılaşdıqları çətinlikləri yüngülləşdirmək və onların məşğulluğunu təmin etmək üçün müxtəlif modellərə baxmaq faydalıdır. Məsələn, Avropada yaşlı işçilərin hüquqlarının qorunması və məşğulluğunun təmin edilməsi üçün bir sıra mexanizmlər tətbiq olunur.

Düzdür, bu təcrübə iqtisadiyyatı güclü və işçi bazarı stabil olan ölkələrdə daha effektivdir. Orada yaşlı işçilərin əmək bazarında qalması üçün işə qəbul və məşğulluğu təşviq edən proqramlar fəaliyyət göstərir. Əhəmiyyətli olan budur ki, yaşlı işçilər bazarın tələblərinə uyğun biliklər əldə etsin, təlimlərdə iştirak etsin və yeni bacarıqlar vasitəsilə iş tapmaq imkanlarını artırsınlar.

Azərbaycanda da bu istiqamətdə addımlar atılıb. Məsafədən iş qanunu qəbul olunub, bu da yaşlı təbəqə üçün faydalıdır və daha da yaxşılaşdırıla bilər. Eyni zamanda, rəqəmsal bacarıqların artırılması istiqamətində addımlar atılmalı və yaşlı işçilərin rəqəmsal bilikləri gücləndirilməlidir. Çünki onlar yeni texnologiyalar və rəqəmsal bacarıqlar sahəsində gənclərlə müqayisədə bir qədər geridədirlər.

Bu boşluqlar aradan qaldırıldıqda isə onların əmək bazarında iştirak imkanları daha da genişlənə bilər.
Bundan əlavə, demoqrafik tendensiyalara da diqqət yetirmək vacibdir. Əhalinin yaşlanması və yeni doğulan uşaqların sayının azalması səbəbindən 15–20 ildən sonra əmək bazarında gənc işçi çatışmazlığı problemi ortaya çıxa bilər. Bu baxımdan, yaşlı təbəqənin bazarda uyğun və layiqli iş imkanlarına çıxışının təmin edilməsi istiqamətində müxtəlif tədbirlərin təşkili vacib hesab olunur".

Pərvin Şakirqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Əhalinin sosial müdafiəsi, məşğulluğun artırılması və sosial rifahın yüksəldilməsi" mövzusunda hazırlanıb.

 

Link kopyalandı!
Son xəbərlər