“İran xüsusi xidmət orqanlarının Azərbaycanda terror cəhdinin qarşısının alınması xüsusi xidmət orqanlarımızın qələbəsi, tarixi uğurudur”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, baş verənlər İranın ölkəmizə qarşı məkirli planları ilə yanaşı, həm də DTX-nın yüksək peşəkarlığından xəbər verir:
“DTX-nın verdiyi məlumatdan bəlli olur ki, İran xüsusi xidmət orqanları tərəfindən əhali arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəf alınıb. Ölkəmizin ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilsə də, həmin partlayıcılar zərərsizləşdirilib və onarın 3-cü şəxsə ötürülməsinin qarşısı alınıb.

Baş verən bu olay bir daha İranın Azərbaycana qarşı düşmənçilik siyasəti yürütdüyünü sübut etdi. Bundan başqa, məlum hadisə göstərdi ki, DTX-nın peşəkarlığı yüksək səviyyədədir və hər zamankı kimi ayıq-sayıq şəkildə dövlətimizin təhlükəsizliyinin keşiyində uğurla dayanıb.
İranla bağlı ən doğru yolu ABŞ prezidenti tutub. Hesab edirəm ki, onlar yaxın günlərdə terror dövlətinin axırına çıxacaqlar”.
Seymur ƏLİYEV