“Oruc depressiya və stresslə mübarizə aparmağa kömək etməklə zehni sağlamlığı yaxşılaşdırır...” -ARAŞDIRMA
Ekskluziv
428
15:15, Bu gün

“Oruc depressiya və stresslə mübarizə aparmağa kömək etməklə zehni sağlamlığı yaxşılaşdırır...” -ARAŞDIRMA

“Allaha ibadət üçün tutulan oruc insanın istək və impulsları üzərində nəzarəti təmin edir. Filosofların və psixoloqların araşdırmalarına, eləcə də "Yüksək effektiv yeniyetmələrin 7 vərdişi" kitabına görə, bir vərdişi formalaşdırmaq və ya dəyişdirmək iki-dörd həftə çəkir...”
 
“Düzgün təlimlə Ramazan ayında baş verən özünütəkmilləşdirmə il boyu davam etməlidir. Özünənəzarət davam edəcək və gözlənilməz dəyişikliklər baş verəcək. İnsan dəyişəcək və...”
 
Moderator.az aktuallığını nəzərə alaraq “whyislam” nəşrində dərc olunmuş “Ac qalmağın üstünlükləri” məqaləsinin tərcüməsini dəyərli oxucuların diqqətinə çatdırır: 
 
Ramazan -Özünütəkmilləşdirmə və mənəvi inkişaf ayı...
Mübarək Ramazan ayı daxili təfəkkür, özünütərbiyə və özünütəkmilləşdirmə dövrüdür. Düzgün tətbiq edildikdə, bu özünənəzarət daxili "mən"in təmizlənməsinə gətirib çıxarır. Ramazan ayında oruc tutmaq yaxşı vərdişlər formalaşdırmağın ən uğurlu yollarından biridir...
 
Allaha ibadət üçün tutulan oruc insanın istək və impulsları üzərində nəzarəti təmin edir. Filosofların və psixoloqların araşdırmalarına, eləcə də "Yüksək effektiv yeniyetmələrin 7 vərdişi" kitabına görə, bir vərdişi formalaşdırmaq və ya dəyişdirmək iki-dörd həftə çəkir. Ramazan ayında, insan bundan xəbərsiz olsa belə, məhz bu, baş verir. İnsanın daxili mənliyi yaxşı vərdişlər yaradır və ümumi özünütəkmilləşdirmə baş verir. Buraya səbir, səxavət, başqalarına kömək etmək, vaxtdan daha səmərəli istifadə etmək və sağlam qidalanma vərdişlərinin inkişafı daxildir...
 
Ən əhəmiyyətli dəyişiklik Ramazan ayında özünütənqid təcrübəsi sayəsində müsəlmanların Yaradana, Uca Tanrıya mənəvi olaraq daha yaxın olmalarıdır.
 
Ramazan ayında sağlam vərdişlər tətbiq etmək insanın həm mənəvi, həm də davranış baxımından inkişaf etməsinə imkan verir. Orucun mütəxəssislər tərəfindən sənədli şəkildə sübut edilmiş və təkidlə tövsiyə olunan çoxsaylı faydaları var. İlk növbədə, oruc özünəhörməti artırır, çünki müsəlmanlara həyatdakı məqsədlərini - Allaha ibadəti xatırladır. Bu artan özünəinam insanı eqosentriklikdən, özünəqapanmaqdan azad edir və ümumi həyat məmnuniyyətinə gətirib çıxarır...
Oruc- turşuluq, iltihab və digər xəstəliklərin müalicəsinin təbii yoludur...
 
Oruc tutmağın tibbi faydaları da var. Misir Quran və Elm İnstitutu tərəfindən aparılan bir araşdırmada həkimlər  üçün həzm sisteminin istirahətini təmin etməsi səbəbindən faydalarını nəzərə alaraq orucu tövsiyə ediblər. Məsələn, oruc hiper-turşuluq və yoğun bağırsaq iltihabı üçün ən yaxşı müalicələrdən biri kimi tanınır.
 
Oruc həmçinin dəri və sümükləri gücləndirir, öd daşı riskini azaldır və ürək fəaliyyətini, eləcə də qan dövranını yaxşılaşdırır. Eyni zamanda oruc çəkini azaltmaqla ürəyə və sümüklərə, xüsusən də bel, ayaq və pəncələrə düşən yükü azaltmağa kömək edir...
 
Oruc - zehni və fiziki sağlamlığınızı yaxşılaşdırmağın təbii yolu…
Oruc depressiya və stresslə mübarizə aparmağa kömək etməklə zehni sağlamlığı yaxşılaşdırır. Dad, eşitmə, toxunma və qoxu kimi hisslər, yaddaş kimi beyin funksiyaları da əhəmiyyətli dərəcədə yaxşılaşır. Oruc tutmaqla qadınlarda doğum məhsuldarlığının artması arasında da əlaqə var. Dünyaca məşhur alim İton Sinklerin apardığı araşdırmaya görə, oruc tutan insan anemiya və hətta soyuqdəymə kimi xəstəliklərə daha az həssas olur....
 
Oruc nəfsi və ruhu necə tərbiyə edir?..
 
Lakin oruc Allah tərəfindən yalnız insanı düzgün qidalanmaya alışdırmaq səbəblərindən təyin edilməyib. Oruc bəşəriyyətə özünüməhdudlaşdırma, yəni nəfsinə sahib ola bilməyi öyrətmək üçün nəzərdə tutulmuş bir ibadətdir. Yemək və içkidən çəkinməklə yanaşı, insan daha səbirli və bağışlayıcı olmağa çalışmalıdır.
 
Müsəlmanlara boş söhbətlərdən çəkinmək, başqalarına qarşı daha mehriban və daha səxavətli olmaq, vaxtlarından ağıllı şəkildə istifadə etmək və idarə etmək əmr olunub. Hər dəqiqə mahiyyət etibarilə bir ibadət forması olduğundan oruc tutanlar sözlərinə və hərəkətlərinə daha diqqətli olurlar. Oruc həqiqətən insana dünyanı yeni bir işıqda görməyə, varlıqlarını anlamağa və qiymətləndirməyə imkan verir...
 
Ramazan yaxşı vərdişlər formalaşdırmağınıza və həyat tərzinizi təkmilləşdirməyinizə necə kömək edə bilər?
 Bir çox sağlam vərdişlər məhz  Ramazan ayında formalaşır. Bu müddət ərzində insanlar həyatlarındakı müsbət dəyişiklikləri asanlıqla qiymətləndirə və onlar haqqında düşünə bilərlər. Oruc, ibadət üçün artan enerjinin və Allaha daha yaxşı ibadət etmək barədə düşünməkdən ötrü yeməkdən istirahət üçün qalan vaxtın mükəmməl birləşməsini təmin edir.
 
Düzgün təlimlə Ramazan ayında baş verən özünütəkmilləşdirmə il boyu davam etməlidir. Özünənəzarət davam edəcək və gözlənilməz dəyişikliklər baş verəcək. İnsan dəyişəcək və Rəbbinin daha xoşbəxt və daha aktiv ibadətçisi olacaq...”
 
Tərcümə və təqdim etdi: Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər