“Kürdləri müttəfiq seçiblər, farslarla İranın gələcəyini danışırlar, azərbaycanlıların isə adı da çəkilmir...”-MÜSAHİBƏ
Ekskluziv
628
11:01, Bu gün

“Kürdləri müttəfiq seçiblər, farslarla İranın gələcəyini danışırlar, azərbaycanlıların isə adı da çəkilmir...”-MÜSAHİBƏ

“İran parçalanarsa, kürd qruplaşmaları Cənubi Azərbaycanın ən azı yarısını zəbt etməyə çalışacaqlar...”
 
"Xameneinin ölümü ilə İranda mərkəzi hakimiyyətin iflic duruma düşəcəyindən ABŞ–İsrail ikilisi əmin idi, lakin bu, doğru çıxmadı..."
 
“Güneydəki soydaşlarımız yenə də çox şanslıdırlar, çünki Quzeydə onlara yardım edə biləcək güclü bir dövlət və müzəffər bir millət var...”
 
ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli Moderator.az-a budəfəki müsahibəsində son günlər ABŞ-İsrail cütlüyünün İrana qarşı apardığı savaş fonunda Güney Azərbaycandakı soydaşlarımızın gələcəyi,  onları gözləyən gerçək təhlükələr, Quzeydəki Azərbaycan xalqı və dövlətinin onlara mümkün dəstəyindən  və s. bəhs edib.
Əli bəy, beynəlxalq mediada yayılan məlumatlardan belə görünür ki, İranda mərkəzi hakimiyyət iflic durumundadır. Sizcə, bundan sonra Güney Azərbaycandakı soydaşlarımızı hansı problemlər gözləyir?
 
-Xameneinin ölümü ilə İranda mərkəzi hakimiyyətin iflic duruma düşəcəyindən ABŞ–İsrail ikilisi əmin idi, lakin bu, doğru çıxmadı. Səbəb isə İranda siyasi hakimiyyətin fərqli qanadlarının olmasındadır. İranda İnqilab Keşikçiləri(“SEPAH”), siyasi elita və ruhani şuraları mövcuddur. Bunların hamısının müəyyən siyasi gücü var. Qeyd edək ki, İnqilab Keşikçiləri təkcə hərbi qurum deyil; o, həm də iqtisadi imperiya, siyasi aktyor və ideoloji bir müəssisədir. Onu bir an içində hava zərbələri ilə dağıtmaq mümkün deyil...
 
Xamenei öldürüldü, amma gördük ki, İran anında təslim olmadı. Müşahidə edirik ki, İran dövləti əvvəlcədən planlaşdırdığı strategiyaya uyğun olaraq öz mübarizəsini aparmaqdadır. Bunun nə qədər davam edəcəyi bilinməz, amma ABŞ və İsrailin hesabları asanlıqla tutmayacaq. Onlar təkrar-təkrar strategiya dəyişdirməli olacaqlar...
 
Bu günün mənzərəsinə görə, bölgədəki ABŞ bazaları İran raketləri ilə vuruldu, bölgə dövlətlərinin iqtisadiyyatı iflic vəziyyətinə gətirildi, Hörmüz boğazı bağlandı, İsrail İran raketlərindən öz payını aldı və bütün bunlar ABŞ ilə İsraili öz savaş strategiyalarını yenidən nəzərdən keçirməyə vadar etdi. Bundan sonra nələr olacağını görmək üçün çox da zamana ehtiyacımız yoxdur...
 
Bəs bu mənzərədə cənubdakı soydaşlarımızı nə gözləyir? Unutmayaq ki, onlar hələ də mövcud olan bir dövlətin vətəndaşlarıdır və onların ən birinci problemi təhlükəsizlikləri ilə bağlıdır. Onlara birinci təhlükə xarici aqressorlardan gəlir. Bu aqressiyaya fərqli baxış bucaqları var. Bəziləri bu aqressiyanı dəstəkləyir və alqışlayır, başqaları isə onun əleyhinədir...
 
Dəstəkləyənlər rejimdən qurtulmaq üçün bunu bir fürsət olaraq görürlər. Bu aqressiyanın əleyhinə olanlar isə əsasən İranın bütövlüyündən yana olanlardır. Onlara ən əsas təhlükə isə ABŞ-ın hazırlayıb sahəyə sürməyə hazırlaşdığı kürd qruplarından gələcək. Bunun iki əsas səbəbi var. Birincisi, həmin silahlı qrupların ölkəyə daxil olacaqları coğrafiya Cənubi Azərbaycanla bitişikdir; yəni onların qarşısına çıxacaq ilk insanlar azərbaycanlılar olacaq. İkincisi isə odur ki, onlar Cənubi Azərbaycanın böyük bir hissəsinə, hətta Təbrizə də iddialıdırlar. Qeyd edək ki, silahlı kürd qrupları fevral ayının 22-də rejimə qarşı birləşdiklərini bəyan etmişdilər...
– Biz, xalq və dövlət olaraq cənubdakı soydaşlarımıza hansı dəstəyi verə bilərik?
 
-Biz – fərd olaraq – bu və ya bənzər vəziyyətin yarana biləcəyini 3–4 il əvvəldən etibarən Cənublu soydaşlarımızın diqqətinə çatdırmağa çalışırdıq və onlara müəyyən tövsiyələr verirdik. Milli birliyin onlar üçün vacib olduğunu və labüd bir kürd aqressiyasına qarşı hazır olmalarını tövsiyə edirdik. Təəssüf ki, onlar milli birliyə nail ola bilmədilər. Silahlanmadan isə söhbət belə gedə bilməz...  
 
Cənubdakı azərbaycanlıların əsas tezisi İran ordusunda mühüm mövqelərdə azərbaycanlıların olması ilə bağlıdır. İnanırlar ki, ciddi təhlükə yaranarsa, ordu azərbaycanlıların təhlükəsizliyini təmin edəcək və maraqlarını qoruyacaq. Bu yanaşmanın gerçək olacağının təminatını heç kim verə bilməz və oturub gözləmək də doğru olmaz. Görünən odur ki, Cənublu soydaşlarımız bu günlər üçün hazırlıq görməkdə çox gec qalıblar. Lakin bu gün belə vəziyyətin ciddiliyini qəbul edib müəyyən hazırlıqlar görmək yenə də faydalı olar.
 
Bizə – quzeylilərə – gəlincə, biz bu mərhələdə xalq olaraq öz mövqeyimizi müəyyən edə bilərik. Gerçək olan bir şey var ki, Azərbaycanda xalq öz mövqeyini göstərmək üçün meydanlara çıxa bilmir; başqa formalarda göstərilən mövqe isə ciddi təsir yaratmır...
 
Azərbaycan dövlətinə də müxtəlif platformalarda bu gün üçün hazır olmasını, (əlbəttə gizli) bir planının olmasını dəfələrlə tövsiyə etmişdik. Belə bir plan varmı, bundan əmin deyiləm. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini əvvəlcədən müəyyən etmək mümkün olmadığı üçün planın elastik olması olduqca vacibdir....
 
Qəbul etmək lazımdır ki, İran suveren bir dövlətdir və onun haqları beynəlxalq hüquq tərəfindən qorunur. İran dövləti çökmədən oraya xarici müdaxilə necə mümkün ola bilər? Bunu necə əsaslandırmaq olar? Bunlar çətin suallardır və onların cavabı hadisələrin inkişafında gizlidir...
 
– Əli bəy, İran parçalanacağı halda Azərbaycan türkləri ən azı muxtariyyət almağa nail olacaqlar, yoxsa İraqdakı kimi İranda da kürdlərə muxtariyyət veriləcək, bizimkilər havada qalacaq? Başqa sözlə, beynəlxalq güclər – xüsusilə də İrana qarşı savaşı aparan ABŞ və İsrail cütlüyü soydaşlarımızın gələcəyinə hansı gözlə baxacaq?..
-İran parçalanarsa, kürd qruplaşmaları Cənubi Azərbaycanın ən azı yarısını zəbt etməyə çalışacaqlar. Onlar silahlı olduqlarından və dəstəkləndikləri üçün buna nail olmağa cəhd göstərəcəklər. Azərbaycanlılar buna necə müqavimət göstərə bilər?.. 
 
Türkiyə daha əvvəl İraq və Suriya türkmənlərinə kifayət qədər dəstək vermədi. Ona görə də yalnız ona güvənmək sadəlövhlük olar. Ümid yenə də Azərbaycana qalır, lakin burada bütün hüquqi həssaslıqlara riayət olunmalıdır. Bütün hallarda azərbaycanlıları əzmək olduqca çətindir – bunu artıq həm dost, həm də düşmən yaxşı bilir. Azərbaycanlılar son sözü deməyə qadir bir millətin övladlarıdır, amma o günlərə indidən hazırlaşsalar daha yaxşı olar.
Başqa sözlə, beynəlxalq güclər – xüsusilə də İrana qarşı savaşı aparan ABŞ və İsrail bu gün üçün kürdləri özlərinə müttəfiq seçiblər, farslarla İranın gələcəyini müzakirə edirlər, azərbaycanlıların isə adları demək olar ki, heç yerdə çəkilmir. Bunun əsas səbəbkarı isə özümüzük, çünki on illərdir öz aramızda didişməklə məşğul olmuşuq...
 
Bununla belə, nə İranın sabahı məlumdur, nə də onun xalqlarının taleyi. Güneydəki soydaşlarımız yenə də çox şanslıdırlar, çünki Quzeydə onlara yardım edə biləcək güclü bir dövlət və müzəffər bir millət var...
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər