5 mart 2026-cı il tarixində İranın Naxçıvandakı bir sıra mülki obyektləri dron zərbəsinə məruz qoyması yalnız ölkəmizdə deyil, bütün dünyada ciddi etiraz və narahatlığa səbəb olub. ABŞ-İsrail koalisiyasının dağıdıcı zərbələrinə məruz qaldığı, aqibəti tükdən asılı olduğu bir zamanda İranın Azərbaycana heç bir əsas olmadan dron zərbələri endirməsi, rəsmi Tehranın qeyri-dost və qeyri-məntiqi davranışıdnan xəbər verir. Bu gerçək onu deməyə əss verir ki, molla rejimi nə yaxın, nə də uzaq ölkələrlə münasibətdə sülh istəmir və öz mövcudluğunu xaosda, digər dövlətlərlə qarşıdurmalar fonunda tapır. Bununla yanaşı, İranın Naxçıvandakı mülki obyektlərə zərbə endirməsi sübut edir ki, molla rejimi müharibə aparmağı da bacarmır. Çünki istər beynəlxalq hüquq və konvensiyalar, istərsə də əxlaq və mənəviyyat mülki insanları hərbi əməliyyatların hədəfinə çevirməyi yasaqlayır. Lakin İranın bu hüquqi-mənəvi qadağanı nəzərə almaması, öz hərbi gücünü dinc insanları hədəf almaqla isbatlamağa çalışması İranın müharibə mədəniyyətindən məhrum olduğunu göstərir. Bu, eyni zamanda İranın müharibədə belə heç bir əxlaq, heç bir mənəviyyat tanımadığını sübut edir. Təsadüfi deyil ki, 5 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı İranın bu addımını namərdlik kimi qiymələtdirərək deyib:
“Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”. (//president.az/az/articles/view/71792 )
Daha sonra çıxışı davam etdirən Müzəffər Ali Baş Komandan Tehran rejimini həm də nankorluqda ittiham edib:
“Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”. (//president.az/az/articles/view/71792 ).
Məlumat üçün xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri erməni faşizminə qarşı 44 günlük Vətən müharibəsində belə heç bir mülki obyekti, dinc insanı hədəf almayıb, bir nəfər də olsa sadə vətəndaşa xəsarət yetrməyib. Hətta mülki infrstrukturu və dinc insanları qorumaq üçün ordumuz mülki obyektlər içərisində ermənilərin quraşdırdığı artilleriya qurğularına belə atəş açmayıb, yaxud, bu atəş son dərəcə dəqiqliklə endirilib.
Azərbaycan Ordusu eyni həssaslığı 2023-cü ilin 19-20 sentyabr tarixlərində reallaşdırılan anti-terror əməliyyatlarında da sərgiləyib. Məhz bunun nəticəsidir ki, anti-terror əməliyyatından sonra - 1 oktyabr 2023-cü il tarixində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi ilə Qarabağ regionuna səfər edən BMT missiyası hərbi əməliyyat nəticəsində heç bir mülki infrastruktura zərər dəymədiyini bildrib. Bu rəy onların missiya ilə bağlı hesabatında da yer alıb. (//azerbaijan.un.org/az/248051-bmt-nin-qaraba%C4%9Fa-missiyas%C4%B1-ba%C5%9Fa-%C3%A7at%C4%B1b ).
Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, İranın bütün digər məsələlərdə olduğu kimi müharibə mədəniyyəti sahəsində də Azərbaycandan, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən öyrənməli olduğu çox şey var. Lakin molla rejiminin mahiyyətini - sonsuz cılızlığını, sözü ilə əməli arasındakı ənənəvi ziddiyyəti, əxlaq və mənəviyyatdan hədsiz uzaqlığını nəzərə alsaq, əminliklə bir söz demək olar: İran heç vaxt bu ucalğı yüksələ bilməyəcək!
Seymur ƏLİYEV