Planlı təxribat: Naxçıvana xain zərbə və Azərbaycan Prezidentinin qəti mövqeyi
Ekskluziv
1389
17:10, Bu gün

Planlı təxribat: Naxçıvana xain zərbə və Azərbaycan Prezidentinin qəti mövqeyi

Uzun müddət regionda dini və qonşuluq əlaqələrindən danışaraq özünü səmimi tərəfdaş kimi təqdim etməyə çalışan İran hakimiyyəti son hadisə ilə bu görüntünün nə qədər saxta olduğunu ortaya qoydu. Naxçıvan Muxtar Respublikasının istiqamətində pilotsuz uçuş aparatının tətbiq edilməsi və mülki ərazilərin təhlükə altına salınması rəsmi Tehranın bölgədə sabitlikdən çox gərginliyi artıran siyasət yürütməsinin növbəti sübutudur.

Xüsusilə dinc əhali üçün nəzərdə tutulan obyektlərin – hava limanı və təhsil müəssisəsinin hədəfə alınması beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlikdir. Baş verən hadisə adi sərhəd insidenti kimi təqdim oluna bilməz. Bu, Azərbaycanın ərazi bütövlüyünə və dövlət suverenliyinə yönəlmiş açıq təxribatdır. Belə addımlar Cənubi Qafqazda onsuz da həssas olan sabitliyi sarsıdır və bölgədə qarşıdurma ehtimallarını daha da artırır.

Törədilmiş təxribatla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc Moderator.az-a münasibət bildirib.

Deputat bildirib ki, İranın Naxçıvan Muxtar Respublikasına etdiyi xain hücuma cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərt reaksiyası və dərhal Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının iclasını keçirməsi mühüm addımdır. Bu qərar həm siyasi, həm də hərbi baxımdan ciddi mesajdır:

“Ölkə rəhbərinin çıxışı təkcə milli iradənin ifadəsi deyildi. Bu çıxış həm də Vətən müharibəsi dövründə xalqa edilən müraciətlərin davamı kimi dəyərləndirilə bilər. Uzun müddətdir İran rəhbərliyi xalqımıza, dövlətimizə və qazandığımız qələbəyə qarşı nifaq xarakterli fəaliyyət aparır. Dövlət başçısının çıxışı bu fəaliyyətlərin mahiyyətini açıq şəkildə ortaya qoydu. Bu çıxışda həm də tarixi məqamlar və dövlətçilik yaddaşı öz əksini tapdı.

Hazırda dünyada qlobal qarşıdurmaların artdığı bir dövr yaşanır. Belə bir şəraitdə görürük ki, İran hərbi-siyasi baxımdan getdikcə təklənir. Azərbaycan lideri buna baxmayaraq humanist mövqe nümayiş etdirdi. O, başsağlığı mesajları göndərdi və İranın Bakıdakı səfirliyini ziyarət etdi. Lakin İran bu addımları qiymətləndirmədi və Naxçıvana qarşı xain terror hücumu həyata keçirdi. Bu hadisə təsadüfi sayıla bilməz. Bu, planlı və düşünülmüş addımdır. Hətta ABŞ-ın hücumları baş verməsəydi belə, İran gec-tez öz çirkin əməlini göstərərdi.

Müharibənin coğrafiyasının genişlənməsi, logistik xətlər uğrunda rəqabət və İranın “əgər mən məğlub oluramsa, regionu da özümlə aparım” məntiqi bu hücumun spontan olmadığını göstərir. İran ordusunun hansı vəziyyətə düşdüyü isə artıq hamıya məlumdur”.

Zahid Oruc qeyd edib ki, Naxçıvan təkcə coğrafi məkan deyil, həm də mühüm strateji əhəmiyyət daşıyır:

“Naxçıvan eyni zamanda Zəngəzur məkanının bir hissəsidir və regionda sülh marşrutlarının əsas istiqamətlərindən biridir. ABŞ–Azərbaycan münasibətləri ötən ilin avqustunda ən yüksək səviyyəyə çatdı. Azərbaycanın qələbəsinin beynəlxalq legitimliyi daha da möhkəmləndi. Sülh sazişi də paraflandı. Lakin İran yanlış siyasəti səbəbindən region üçün heç bir müsbət addım ata bilmədi. Naxçıvana edilən bu hücum sülhə qarşı yönəlmiş addımdır. Məqsəd Azərbaycanın bölgədə apardığı barış siyasətinə zərbə vurmaqdır. Həmçinin regionda yenidən gərginlik yaratmaq cəhdidir.

Cənab Prezident çıxışında bir daha vurğuladı ki, Azərbaycan region ölkələrinə qarşı müharibənin tərəfdarı deyil, belə niyyəti də yoxdur. Azərbaycan heç vaxt başqa gücün maraqları üçün istifadə olunan mövqe olmayıb və olmayacaq. 

Lakin İrandakı müəyyən dairələr Cənubi Azərbaycan faktorundan narahatdır. Onları orada yaşayan soydaşlarımızın Azərbaycan sevgisi qıcıqlandırır. Azərbaycan–ABŞ münasibətləri heç bir ölkəyə qarşı yönəlməyib. Buna baxmayaraq, İran müxtəlif ölkələrə qarşı terror xarakterli hücumlar həyata keçirir. Bu addımlar İranın beynəlxalq müstəvidə daha da təcrid olunmasına səbəb olur.

Qafqaza gətirilmək istənilən bu təhlükəli plan artıq aydın görünür. Cənab Prezidentin qəti mövqeyi göstərdi ki, Azərbaycan regional təhlükəsizliyə yönələn hər bir təhdidə qarşı ayıqdır. Azərbaycanın siyasi iradəsi və hərbi gücü istənilən təxribatın qarşısını almağa qadirdir. Regionda sülhün və sabitliyin qorunması üçün rəsmi Bakının nümayiş etdirdiyi prinsipial mövqe gələcək geosiyasi proseslərin istiqamətinə də təsir göstərəcək”.

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər