Moderator.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İranın Azərbaycana 5 mart 2026-cı il tarixli terror aktı ilə bağlı bəyanat yayıb, dünya veteranlarına müraciət ünvanlayıb. Bəyanatda deyilir:
“5 mart 2026-cı il tarixində İran İslam Respublikasının Naxçıvan hava limanı ərazisinə, eləcə də digər mülki infrastrukturlara dron zərbələri endirməsi haqlı olaraq Azərbaycan xalqının böyük qəzəbinə və sərt etirazına səbəb olub. İran dövlətinin heç bir əsas olmadan dinc insanlara xəsarət yetirməsi, Azərbaycan ərazisində aşkar terror aktı törətməsi beynəlxalq hüquqa zidd olmaqla yanaşı, əxlaqi-mənəvi dəyərlərin və insani prinsiplərin də nümayişkəranə şəkildə pozulması deməkdir.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Naxçıvana edilən dron hücumlarının bütün insanlığa qarşı cinayət olduğunu bəyan edir və beynəlxalq ictimaiyyəti, dünya veteranlarını bu terror aktını qınamağa səsləyir.
Beynəlxalq ictimaiyyətin İranın terror aktı ilə bağlı sərgilədiyi etiraz Azərbaycan xalqına mənəvi dəstək nümunəsi olmaqla yanaşı, gələcəkdə digər dövlətlərə qarşı da oxşar terror aktlarının qarşısının alınması baxımından da böyük önəmə, çəkindirici əhəmiyyətə malikdir.
İnanırıq ki, beynəlxalq ictimaiyyətin təzyiq və təkidi altında rəsmi Tehran bu terror aktına görə Azərbaycandan üzr istəyəcək, cinayətkarların cəzalandırılması üçün əməli addımlar atacaq”.
Seymur ƏLİYEV