“Artıq Urmiyanın bəzi yerlərində xalqa özlərini müdafiə üçün avtomat silahlar paylanıb...”
Ekskluziv
1728
13:23, Bu gün

“Artıq Urmiyanın bəzi yerlərində xalqa özlərini müdafiə üçün avtomat silahlar paylanıb...”

“İstər “SEPAH”, istərsə də ordu birləşmələrində yetərli sayda azərbaycanlılar var... Ümid edirəm ki, gələcəkdə azərbaycanlılara qarşı baş verə biləcək hər hansı hücuma qarşı onlar da ayağa qalxıb vuruşacaqlar...”
 
“Cənubda ərəblərlə kürdlər arasında da konflikt gözlənilir. Və daha dəhşətlisi Xorasan “İŞİD”-i də, Taliban da əraziyə soxulsa, durum daha da kəskinləşəcək və mürəkkəbləşəcək...”
 
"Hələlik İraqdakı kürd qruplaşmaları tərəfindən İrana bir hücum olmayıbdı. Anlaşılan odur ki, bütün kürd partiyaları Ərbildə toplaşıblar və Avropadakı kürd təşkilatlarından da nümayəndələr oraya gedibdir. Hətta  iranlıların “Xalq mücahidləri” təşkilatı da oradadır. Əgər İranın hazırkı hökumətinin yıxılmadığını görsələr, ABŞ və İsrail həmin qruplaşmalardan istifadə edəcək və onlara İraq-İran sərhədini keçmək əmri veriləcək. “Xalq mücahidləri” qrupunun da onlarla bərabər İrana girmək ehtimalı var".
Bunu Moderator.az-a açıqlamasında İraq Kürdüstanındakı kürd terrorçularının guya İranla sərhədi  keçərək Urmiya ərazisinə doğru mövqelər tutmasıyla bağlı bu günlərdə yayılmış infromasiyalara münasibət bildirən Güney Azərbaycanlı araşdırmaçı alim Rıza Talebi söyləyib.
 
"Amma bir daha deyirəm ki, məndə olan məlumata görə, hələ bu vaxta qədər kürd qrupları İran sərhədini keçməyib. Belə xəbərlər  “Axios” nəşri kimi İsrailə bağlı nəşrlərin qəsdən yaydığı dezinformasiyadır. Kürd peşmərgələr sadəcə İraq Kürdüstanının sərhədini qorumaq üçün oradadırlar. Ancaq bu o demək deyil ki, gələcəkdə kürd qrupları sərhədi keçməyəcək və Urmiyaya, Güney Azərbaycana doğru hərəkət etməyəcək. Daha öncə də sizə demişdim, İranı fərqli bölgələr və etnik, dini qruplar vasitəsilə bir iç savaşına- vətəndaş müharibəsinə aparmağa çalışırlar. Hədəf – vətəndaş müharibəsidir”, - deyə davamında araşdırmaçı bildirib. 
 
Rıza Talebi onun doğulub boya-başa çatdığı Urmiyadakı durumdan da bəhs edərək belə deyib: 
 
“Bildiyiniz kimi, mən urmiyalıyam. İraqla həmsərhəd olan bizim bölgədə də təbii ki, bir narahatlıq var. Deyilənə görə, bəzi yerlərdə xalqa özlərini müdafiə etmələri üçün silah-sursat, avtomatlar da paylanıb. Və Urmiya xalqı, xüsusilə yaşlı nəsil yaxşı xatırlayır ki, İraq-İran müharibəsi zamanı da belə bir vətəndaş müharibəsi olmuşdu, əraziyə müdaxilə halları olmuşdu və o zaman da xalq silahlanaraq müdafiə olunmuşdu...”
 
“Mənim aldığım digər bilgiyə görə, Ərbildə bizdən də, yəni azərbaycanlılardan da bir qrup İrana müdaxilə üçün hazırlanır. Görünür ki, bunlar genişmiqyaslı bir qarşıdurma düşünüblər. Əgər azərbaycanlılardan da bir qrupu öz yanlarına alıblarsa, bu, dəhşətverici bir vəziyyətdir. Mərkəzi hökumətin zəifləməsi ilə Urmiyada da sülh və sabitlik qorunmazsa və ABŞ-İsrail bombardmanları davam edərsə, yüksək ehtimalla orada gələcəkdə böyük bir qırğın baş verəcək. Həmçinin cənubda ərəblərlə kürdlər arasında da konflikt gözlənilir. Və daha dəhşətlisi Xorasan “İŞİD”-i də, Taliban da əraziyə soxulsa, durum daha da kəskinləşəcək və mürəkkəbləşəcək”, -deyə həmsöhbətimiz diqqətə çatdırıb.
 
Araşdırmaçı alim Güney Azərbaycanın xaricdəki təşkilatlarına heç cür güvənmədiyini ifadə edərək belə deyib: 
 
“Təəssüf ki, onların heç bir dəyəri, hərbi gücü və tutumu yoxdur. Nə olacaqsa, içəridə olacaq. Mən düşünürəm ki, xalq artıq kəndlərdə, şəhərlərdə bu gərginliyi hiss edir və yavaş-yavaş 1980-ci illərdəki kimi qruplara qoşularaq müdafiəyə başlayacaqlar.  Ancaq indidən sadəcə xəbərlər və qanlı propaqanda fonunda hansısa hərəkətlənməyə keçmək, zənnimcə, doğru deyil. Gözləmək lazımdır. Əgər deyilən kürd qrupları doğrudan da Urmiya, Güney Azərbaycan ərazisinə daxil olarsa, o zaman nəticələrə görə cavab vermək gərəkdir. Mənim düşüncəmə görə,  belə bir müdaxilə olacağı və şiddətli qarşıdurmlar başlayacağı halda artıq Türkiyədə əraziyə müdaxilə edə bilər...”
 
“Onu da deyim ki, Urmiyadakı istər “SEPAH”, istərsə də ordu birləşmələrində yetərli sayda azərbaycanlılar var. Demirəm ki, onlar süddən çıxmış qaşıq kimidirlər- xalqa qarşı cinayətlərdə iştirak etməyiblər. Amma ümid edirəm ki, gələcəkdə azərbaycanlılara qarşı baş verə biləcək hər hansı hücuma qarşı onlar da ayağa qalxıb vuruşacaqlar”, -deyə Rıza Talebi vurğulayıb.
 
Sultan Laçın 
 
 
 
Link kopyalandı!
Son xəbərlər