“Qərb dövlətləri, o cümlədən ABŞ dəfələrlə kürdlərdən istifadə edib, sonra isə onları atıblar...”
Ekskluziv
555
11:11, Bu gün

“Qərb dövlətləri, o cümlədən ABŞ dəfələrlə kürdlərdən istifadə edib, sonra isə onları atıblar...”

“ABŞ-İsrail aviasiyası isə Qərbi Azərbaycan ostanlığının şəhər və kəndlərini aramsız bombalamaqla kürd dəstələrinin gələcək hücum əməliyyatları üçün şərait yaradır...”
 
“İran kürdlərinin əhəmiyyətli bir hissəsi 12 imam şiəsidir. Onlar həmişə İran İslam Respublikasını dəstəkləyiblər. Sünni kürdlərin də dindar hissəsinin İran dövlətinə münasibəti loyaldır...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tədqiqatçı Araz Şəhrilinin “Kürdlər İsrailin tərəfinə keçiblərmi?” başlıqlı növbəti analitik araşdırma yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:
“24 yanvar 2026-cı il tarixində qələmə aldığımız “İran hakimiyyətinə qarşı “PKK” kartı, Qacar və Qaraqoyunlu şahzadələri” başlıqlı məqalədə ( burada:) belə bir proqnoz var: “ABŞ son günlərdə İran körfəzi ətrafında müxtəlif hərbi gəmilərdən ibarət güclü zərbə qruplaşması cəmləşdirib. Bu isə İran üzərinə üçüncü dalğanın göndəriləcəyinə dəlalət edə bilər. 
 
Məqaləmiz bu cümlə ilə bitmişdi: “Ümid edək ki, müəyyən fakt, əlamət və məntiqə əsaslanaraq qurulmuş bu proqnozların heç biri həyata keçməyəcək, bütün problemlər təkamül, danışıqlar və sülh yolu ilə həll ediləcək...” 
 
Lakin təəssüf ki, 2026-cı il fevralın 28-də ABŞ-İsrail koalisiyası İran İslam Respublikasına qarşı elan olunmamış müharibəyə başladı. Artıq 2026-cı il martın 4-də isə ABŞ-İsrail kütləvi informasiya vasitələri belə bir məlumat yaydılar ki, silahlı kürd müxalifətinin (İKDP və “PJAK” təşkilatlarının) döyüşçüləri artıq İran ərazisinə keçiblər. ABŞ-İsrail aviasiyası isə Qərbi Azərbaycan ostanlığının şəhər və kəndlərini aramsız bombalamaqla kürd dəstələrinin gələcək hücum əməliyyatları üçün şərait yaradır.
 
Ancaq ertəsi gün - martın 5-də məlum oldu ki, ABŞ-İsrail duetinin bu xəbəri dezinformasiyadan başqa bir şey deyilmiş. İran Kürdüstanının Demokratik Partiyası(İKDP) həmin xəbəri qətiyyətlə təkzib etdi. “PJAK”-dan hələ ki, bir məlumat yoxdur. 
 
Bu iki təşkilat arasında ən güclüsü İKDP-dir. O, 1945-ci ildən İran dövlətinə qarşı mübarizə aparır. Sosialist İnternasionalının üzvüdür. 2008-ci ilin məlumatına görə, İKDP-nin 1.800 yaraqlısı (peşmərgəsi) var. Ehtimal edilir ki, partiyanın səfərbərlik imkanı bundan ən azı 5-10 dəfə çoxdur. 
 
Kürdüstanın Azad Həyat Partiyası (“PJAK”) Türkiyə Cümhuriyyətinə qarşı fəaliyyət göstərən “PKK”-nın İran qanadıdır. Əsas lideri Abdullah Öcalandır. 2004-cü ildən İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə qarşı silahlı mübarizə aparır. “PJAK” hətta ABŞ-İsrail ittifaqı ilə razılaşıb hərbi əməliyyatlara başlasa belə, təkbaşına heç nə edə bilməz. İranda onun ən çoxu 1.000 döyüşçüsü var. İran kürdləri arasında səfərbərlik imkanları isə zəifdir...
 
ABŞ-İsrail dueti bu dezinformasiyanı yayarkən üç vacib amili nəzərə almamışdı:
 
1) Qərb dövlətləri, o cümlədən ABŞ dəfələrlə kürdlərdən istifadə edib, sonra isə onları atıblar.
 
2) İstər İKDP, istərsə də “PJAK” marksist-leninçi-stalinçi kommunist təşkilatlarıdır. “PJAK” isə həm də maoçudur. Onların hər ikisinin Rusiya Federasiyası və ola bilsin ki, həm də Çin Xalq Respublikası ilə uzun müddətli və sabit əlaqələri var. Rusiya və Çinin isə mövcud konfliktə münasibəti məlumdur.
 
3) İran kürdlərinin əhəmiyyətli bir hissəsi 12 imam şiəsidir. Onlar həmişə İran İslam Respublikasını dəstəkləyiblər. Sünni kürdlərin də dindar hissəsinin İran dövlətinə münasibəti loyaldır. İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani milliyyətcə kürddür. O, əhli-sünnənin şafei məzhəbinin ardıcılıdır. 1967-ci ildə Kürdüstanın Sənəndəc şəhərində anadan olub. 2021-ci ildən indiki vəzifəsini icra edir. İranın tanınmış sünni ruhanisi Faeq Rüstəmi onun təyinatını bu ölkənin sünni camaatı üçün ən sevincli hadisələrdən biri adlandırmışdı...
 
P.S. Yaxın və ya uzaq gələcəkdə kürd təşkilatları ABŞ-İsrail koalisiyasının tərəfinə keçəcəklərmi? Mümkündür. Lakin yəqin ki, bu bir halda baş verə bilər: İran İslam Respublikasının taleyi onların mövqeyindən asılı olmadıqda!..
 
Müəllif: Araz Şəhrili
 
Moderator.az üçün
 
Link kopyalandı!
Son xəbərlər