"Reuters" istintaqın nə qədər davam edəcəyini və ya ABŞ müstəntiqlərinin qiymətləndirmənin başa çatmasından əvvəl hansı dəlilləri axtardıqlarını müəyyən edə bilməyib.
Xatırladılır ki, İranın cənubundakı Minab şəhərindəki qızlar məktəbi şənbə günü - fevralın 28-də ABŞ və İsrailin ölkəyə hücumlarının ilk günündə zərbəyə məruz qalıb. İranın Cenevrədəki BMT-dəki səfiri Əli Bəhreyni bildirib ki, zərbə nəticəsində 150 şagird həlak olub. "Reuters" ölənlərin sayını müstəqil şəkildə təsdiqləyə bilməyib.
Pentaqon "Reuters" agentliyinin suallarını ABŞ ordusunun Mərkəzi Komandanlığına ünvanlayıb. Mərkəzi Komandanlığın sözçüsü kapitan Timoti Hokins deyib: "Hadisə araşdırıldığı üçün şərh vermək yersiz olardı".
Ağ Ev ABŞ-ın uşaqları hədəf aldığını təkzib edir...
Ağ Ev istintaqla bağlı birbaşa şərh verməsə də, mətbuat katibi Kerolayn Livitt "Reuters" agentliyinə verdiyi açıqlamada bildirib: “Hərbi Nazirliyi hazırda bu məsələni araşdırarkən İran rejimi Amerika Birləşmiş Ştatlarını deyil, mülki şəxsləri və uşaqları hədəf alır”.
Çərşənbə günü keçirilən mətbuat brifinqi zamanı hadisə ilə bağlı suala Heqsethbelə cavab verib: “Biz bunu araşdırırıq. Əlbəttə ki, biz heç vaxt mülki binaları hədəf almırıq. Amma biz bunu araşdırırıq”.
ABŞ dövlət katibi Marko Rubio bazar ertəsi jurnalistlərə bildirib ki, ABŞ qəsdən məktəbi hədəfə almayıb.
"Əgər bu bizim zərbəmiz olsaydı, Hərb Nazirliyi bunu araşdırardı və mən sizin sualınızı onlara ünvanlayardım", - Rubio deyib.
İsrailin yüksək vəzifəli rəsmisi və birgə planlaşdırmadan birbaşa xəbərdar olan mənbə bildirib ki, İsrail və ABŞ qüvvələri indiyə qədər İrandakı hücumlarını həm coğrafi, həm də hədəf növünə görə bölüblər. İsrail İranın qərbindəki raket buraxılış məntəqələrini vurarkən ABŞ cənubdakı dəniz hədəfləri ilə yanaşı, bu cür hədəflərə də hücum edib.
BMT-nin insan haqları üzrə ofisi çərşənbə axşamı məktəbə edilən zərbəyə görə kimin cavabdeh olduğunu demədən araşdırma tələb edib.
BMT-nin insan haqları ofisinin sözçüsü Ravina Şamdasani Cenevrədə keçirilən mətbuat brifinqində bildirib ki, "hücumu araşdırmaq məsuliyyəti onu həyata keçirən qüvvələrin üzərinə düşür".
Qızların çərşənbə axşamı günü keçirilən dəfn mərasiminin görüntüləri İran dövlət televiziyasında nümayiş etdirilib. Onların kiçik tabutları İran bayraqları ilə örtülüb və yük maşınından böyük bir izdihamın arasından keçərək məzar yerinə aparılıb.
Beynəlxalq humanitar hüquqa görə, məktəbə, xəstəxanaya və ya hər hansı digər mülki tikiliyə qəsdən hücum etmək, çox güman ki, müharibə cinayəti hesab ediləcək.
Əgər ABŞ-ın rolu təsdiqlənərsə, bu hücum ABŞ-ın Yaxın Şərqdəki onilliklər ərzindəki münaqişələrində mülki əhali arasında ən pis itki halları arasında yer alacaq.
S.Laçın