Bu gün Azərbaycanın Naxçıvan bölgəsində İran tərəfindən həyata keçirilən təxribat təkcə regional sabitliyi təhlükə altına qoymur, həm də ölkəmizin ərazi bütövlüyü və strateji əlaqələrinə ciddi təhdid yaradır.
Xüsusilə Naxçıvan Hava Limanının vurulması, bu bölgənin Azərbaycanın əsas hissəsi ilə əlaqəsini kəsmək məqsədini ortaya qoyur.
Niyə İran məhz Naxçıvan Hava Limanını vurdu?
Molla rejimi bilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında əlaqəni yalnız hava nəqliyyatı təmin edir. Buna görə də hava limanını sıradan çıxartmaqla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında əlaqəni tam kəsmək istəyirlər. Bu metodu 1990-cı illərdə Ermənistan aktiv şəkildə tətbiq etmişdi və indi İran həmin nümunəni götürərək istifadə edir.

Baş vermiş təxribatla bağlı Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı Moderator.az-a münasibət bildirib.
Tarix elmlər namizədi bildirib ki, İranın bu hərəkəti açıq şəkildə göstərir ki, molla rejimi xaos və dərin böhran içərisindədir:
"Artıq onlar atdıqları addımlara görə məsuliyyət hiss etmirlər.
Belə görünür ki, Əli Xamenei hakimiyyətdə olduğu dövrdə ən azı bəzi qərarlar qəbul edilir və addımlarda müəyyən məntiq hiss olunurdu. İndi isə başıpozuqluq və hakimiyyətdəki xaos açıq şəkildə görünür.
Bu qərarları kim və hansı məqsədlə qəbul edir? Azərbaycanın əleyhinə belə bir addım atmaq nə deməkdir? Bu, böyük cinayət və ciddi yanlışlıqdır. İran rəhbərliyi isə buna nə izahat verə bilir, nə də vermək iqtidarındadır.
İranın Azərbaycandakı səfirliyi isə bildirir ki, hadisə ilə bağlı məlumatları yoxdur.
Bu addımın təsadüfən baş verib-vermədiyi də hələ aydın deyil. Belə bir dövlət ola bilərmi? Faktiki olaraq orada dövlətçilik görünmür".
Akif Nağı qeyd edib ki, bu ölkə son 40–45 ildə özünü tamamilə iflasa sürükləyib:
"İran 1925-ci ildə fars rejimi hakimiyyətinin davamı olaraq formalaşıb. Təxminən 100 il ərzində həyata keçirilən bu idarəçilik modeli iflasa uğradı və özünü doğrultmadı. Bu gün də dövlətçilik bacarığını nümayiş etdirməkdən uzaqdır.
Azərbaycan bu hərəkətlərə sərt cavab verməlidir. Türkiyə ilə birlikdə müdaxilə artıq zəruridir. Bu cür addımlara dözmək mümkün deyil. Orada 30–40 milyon soydaşımız yaşayır və onlar bütün təşəbbüslərdə fəal iştirak etməlidirlər. Azərbaycan və Türkiyə bu məsələlərdə onlara dəstək verməlidir.
1925-ci ildə itirilmiş həmin dövlətin Azərbaycan türk mahiyyəti özünə qaytarılmalıdır və bu məsuliyyət də bizim üzərimizə düşür. Əgər bu başıpozuq molla rejimi hakimiyyətdə qalarsa, həmin ölkənin və xalqın gələcəyi olmayacaq. Azərbaycan məsələyə sərt mövqedən yanaşmalı, növbəti addımları gözləmədən hərəkətlərin qarşısını almaq üçün qəti addımlar atmalıdır".
Pərvin Şakirqızı