Ekskluziv
622
15:45, Bu gün

"Naxçıvana dronlar İranı istəməyən qüvvələr tərəfindən də atıla bilər, amma..."

 
 "İran bütövlükdə İslam dünyası ilə düşmən olmaq riskini daşıyır... Xüsusən də Azərbaycan və Türkiyə ilə düşmənçilik ona daha baha başa gələr..."
 
Siyasi analitik Heydər Oğuz Moderator.az-a açıqlamasında bu gün Naxçıvana atılan dronların İranın bilavasitə rəsmi qurumları və dövlətə bağlı qüvvələr tərəfindən atılmadığının ehtimalı olduğunu da bildirib. Onun sözlərinə görə, bu, təxribat xarakterli bir hadisədir, lakin İranın hakimiyyəti artıq İrana bağlı qüvvələrin əlindən çıxıb: 
 
“Açığı, mən də hesab edirəm ki, Naxçıvana- Azərbaycan ərazisində atılan dronlar İranın birbaşa rəsmi qurumları, dövlətə bağlı, dövləti istəyən qüvvələr tərəfindən atılmayıb. Təbii ki, orada hansısa bir təxribat var. Amma məsələ ondadır ki, hakimiyyət İrana bağlı qüvvələrin əlindən çıxıb.  Onlar öz liderlərini aradan götürəcək qədər xəyanət içindədirlər.” 
 
Analitik İranda prezident aparatında yetərincə “Mossad” agentlərinin yerləşdiyini və dini-siyasi liderin idarəsində belə yerləşən agentlər tərəfindən İran rəhbərlərinin koordinatlarının İsrailə ötürüldüyünü vurğulayıb.
 
O, yaranmış vəziyyəti İranın öz torpağına, xalqına və dövlət orqanlarına nəzarət edə bilməməsi ilə əlaqələndirib. "Bu gün İran ərazisindən nəinki Azərbaycana, hətta İranın öz prezident aparatına və dini liderlərinin iqamətgahına belə, raketlər atılır. Bu artıq İran üçün utandırıcı bir durumdur", - deyə siyasi şərhçi qeyd edib.
 
Bundan başqa, Oğuz, İranın daxili vəziyyətinin çox mürəkkəb olduğunu, ölkə daxilində müxtəlif xarici kəşfiyyat şəbəkələrinin mövcudluğunu vurğulayıb. "Amerika prezidenti Donald Tramp İran rəhbərliyindəki dövlətə bağlı saf insanları öldürdüklərini demişdi. Belə çıxır ki, indi İranın daxili idarəetməsi böyük ölçüdə xarici qüvvələrin əlindədir", - deyə o, sözlərinə əlavə edib.
 
Heydər Oğuz bildirib ki, İranın daxili idarəetməsindəki boşluqlar və gücsüzlük, beynəlxalq münasibətlərdə ciddi fəsadlara səbəb ola bilər. "İran bütövlükdə İslam dünyası ilə düşmən olmaq riskini daşıyır. Onsuz da xristianlarla və bəzi ölkələrlə düşməndir, bir də müsəlmanlarla düşmən olmaq onun üçün çox böyük fəlakətə yol aça bilər. Pakistanla da münasibətlər də ciddi narahatlıqlar var. Xüsusən də Azərbaycan və Türkiyə ilə düşmənçilik ona daha baha başa gələr", - deyə Oğuz diqqətə çatdırıb.
 
"İranın daxili idarəçiliyinin səlahiyyətləri vilayətlərə ötürülüb. Prezident Məsud Pezeşkian özü açıq şəkildə deyir ki, mən öz səlahiyyətlərimi valilərə vermişəm. Bu isə o deməkdir ki, artıq İranda mərkəzi hakimiyyət iflic vəziyyətindədir. Ona görə də hər əyalətdə kim necə istəyirsə, ölkəni idarə edir, kim hara, necə istəyirsə, dron, raket atır. Bu cür vəziyyət heç bir dövlətə yaraşmaz", - deyə Heydər Oğuz bildirib.
 
Analitik İranın bu məsələlərə təcili çözüm gətirməsinin vacib olduğunu qeyd edərək, "İranı parçalamaq ehtimalı belə mümkündür. ", - deyə sözlərinə əlavə edib.
 
Heydər Oğuz, son olaraq, İranın öz daxili və xarici siyasətini düzgün qurmazsa, yaxın gələcəkdə daha ciddi təhlükələrlə üzləşəcəyini, beynəlxalq aləmdə tək qalacağını və param-parça olaraq dövlətçiliyini itirəcəyini bildirib.
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər