Qanunsuz əməliyyatlar, həyatını itirən vətəndaşlar: bu təhlükənin qarşısını kim almalıdır?
Ekskluziv
1627
15:01, Bu gün

Qanunsuz əməliyyatlar, həyatını itirən vətəndaşlar: bu təhlükənin qarşısını kim almalıdır?

Bu yaxınlarda keçirilən Milli Məclisin plenar iclasında deputat Azay Quliyev səhiyyə sahəsində mövcud problemlərlə bağlı diqqətçəkən məqamlara toxundu.

O bildirdi ki, bəzi hallarda lisenziyasız fəaliyyət göstərən klinikalar və həkimlik hüququ olmadan həyata keçirilən cərrahi müdaxilələr hələ də mövcuddur. Deputatın sözlərinə görə, belə qanunsuz fəaliyyətlər bəzən ağır nəticələrə səbəb olur, vətəndaşların həyatını itirməsi və ya sağlamlığına ciddi zərər dəyməsi ilə nəticələnir.

Məsələ ilə bağlı yaranan suallar əsasında mövzunu tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla ilə müzakirə etdik.

Moderator.az olaraq mütəxəssisə belə bir sual ünvanladıq: sizcə, bu cür qanunsuz fəaliyyət göstərən tibb müəssisələrinin qarşısının alınmasına nə mane olur? Problem daha çox nəzarət mexanizmlərinin zəifliyi ilə bağlıdır, yoxsa başqa amillər də bu vəziyyətin formalaşmasında rol oynayır?

Adil Qeybulla bildirdi ki, bu məsələ uzun müddətdir hələ də aktual olaraq qalır:

"Əgər deputatlar bu istiqamətdə təkliflər verirlərsə, ilk növbədə akreditasiya sisteminin yaradılması məsələsi həll edilməlidir. Səhiyyə sahəsində aparılan islahatlar bunu təşviq edirsə, sistemin daha düzgün və səmərəli formalaşması üçün bu problemin aradan qaldırılması vacib olmalıdır.


Məsələn, hər hansı diplom almış şəxsin müəyyən bir əməliyyatı həyata keçirməyə hüququnun olub-olmadığını necə müəyyən etmək mümkündür?

Bunun üçün mütləq lisenziya mexanizmi tətbiq olunmalıdır. Lisenziya isə akreditasiya sistemi vasitəsilə verilir.


Bu sistem çərçivəsində həkimin baza tibbi təhsili, rezidentura hazırlığı, iş təcrübəsi və digər peşə göstəriciləri yoxlanılır, təqdim olunan sənədlər qiymətləndirilir".

Ekspert bildirdi ki, yalnız bundan sonra həmin şəxsə tibbin konkret sahəsində fəaliyyət göstərmək üçün lisenziya verilir və o, ancaq həmin lisenziyanın əhatə etdiyi istiqamət üzrə çalışa bilir:

"Bizdə isə hazırda fərqli mexanizm tətbiq olunur. Həkimlər sertifikasiya imtahanından keçir və bununla da onların tibbin hansı sahəsi ilə məşğul ola bilməsi məsələsi formal şəkildə həll edilmiş hesab olunur. Təəssüf ki, mövcud vəziyyət bu şəkildədir.

Bununla yanaşı, sertifikasiya imtahanları bir çox hallarda həkimlərin fəaliyyətinə müəyyən maneələr də yaradır. Hesab edirəm ki, bu sistem ləğv olunmalı və daha müasir yanaşma kimi akreditasiya mexanizminə keçid təmin edilməlidir.

Eyni zamanda lisenziyanın müddətinin uzadılması da konkret meyarlar əsasında həyata keçirilməlidir. Bu zaman həkimin peşə fəaliyyəti qiymətləndirilməli, onun iştirak etdiyi konfranslar, həyata keçirdiyi müalicə və əməliyyatların sayı, qəbul etdiyi xəstələr, baş verən ağırlaşma halları və topladığı kredit balları nəzərə alınmalıdır. Yalnız bu göstəricilər əsasında lisenziyanın müddətinin uzadılması barədə qərar qəbul edilməlidir.
Bu yanaşma həm yeni, həm də səhiyyə sisteminin inkişafını stimullaşdıran bir model hesab olunur. Belə bir sistem qurulmadığı müddətdə isə bu istiqamətdə səsləndirilən fikirlər praktik nəticədən çox, sadəcə müzakirə səviyyəsində qalacaq".

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər