“Müsəlman aləmində dövlətlər yox, tayfa ittifaqları formalaşmalıdır...”-POLKOVNİK
Ekskluziv
1993
12:32, Bu gün

“Müsəlman aləmində dövlətlər yox, tayfa ittifaqları formalaşmalıdır...”-POLKOVNİK

“Amerika bu xaosu yaratmaqla regionda İsrailin vasitəsilə bütün məqsədlərinə nail olmağa və buradakı dövlətlərin hamısını birbaşa öz tabeliyinə almağa çalışır…”
 
“Özləri də açıq şəkildə bildirirlər ki, növbədə Türkiyədir…”
 
“Bütün bu deyilənləri nəzərə alaraq Azərbaycan dövlət və cəmiyyət olaraq gözlənilən proseslərə ciddi şəkildə hazır olmalıdır...”
 
“Ümumilikdə götürəndə İran savaşı cinayətkar bir prosesdir. Tramp başda olmaqla hamısı cinayətlərə bulaşıblar. ABŞ və İsrail açıq şəkildə cinayətkar mövqelər tutublar. İranı nüvə silahı yaratmaqda ittiham etməyə haqqı olan ən sonuncu dövlət İsraildir. Çünki İsrail özü dünyada nüvə silahının yayılmaması haqqında müqaviləyə imza atmayan dörd dövlətdən biridir: Hindistan, Pakistan, Şimali Koreya və İsrail. Yəni İsrail özünün nüvə silahını yaratmağa iddialı olduğunu o müqaviləyə imza atmamaqla rəsmi olaraq bildirir və eyni zamanda başqa bir dövləti nüvə silahı yaratmaqda ittiham edir. Bu özü böyük bir absurddur və onu göstərir ki, İrana qarşı ittihamların bir siyasi dayağı yoxdur.”
 
Bu fikirləri Moderator.az-a müsahibəsində AMİP-in fəxri lideri Etibar Məmmədov ifadə edib. 
 
“Həmçinin guya İranın nüvə silahı yaratmasının qarşısını almaq üçün bu boyda geniş miqyasda hərbi əməliyyat apararaq mülki əhalinin yaşadığı binaları, xəstəxanaları, məktəbləri və s. bombalamağa heç bir zərurət yoxdur. Aşkar edilmiş nüvə obyektlərinin vurulub sıradan çıxarılması ilə bu məsələlər həll edilə bilər və bunun qarşısı alına bilərdi. Ancaq göründüyü kimi, Amerikanın məqsədi yalnız nüvə silahının yaradılmasının qarşısını almaq yox, eyni zamanda oradakı rejimi dəyişdirməkdir. Fikrimcə, onların strateji məqsədi İran və ətrafında xaos yaratmaqdır. İranda xaosun yaradılması isə çox böyük təhlükədir. Və bu, ilk növbədə qonşular üçün, xüsusən də Azərbaycan dövləti üçün ciddi təhdiddir”, - deyə davamında siyasətçi bildirib.
 
“Bəs İran və ətrafında xaos yaratmaqla ABŞ və İsrail nəyə nail olmaq istəyir?” sualına partiya lideri bu cür cavab verib: 
 
“Amerika bu xaosu yaratmaqla regionda İsrailin vasitəsilə bütün məqsədlərinə nail olmağa və buradakı dövlətlərin hamısını birbaşa öz tabeliyinə almağa çalışır. Bilirik ki, 2003-cü ildəki hücumdan sonra İraqda yaradılmış xaos nəticəsində təxminən 10 il ərzində 1 milyondan çox insan öldü. Və bu günədək hələ də İraq dövlət kimi oturuşa bilmir. Suriyada eyni ssenari, Liviyada da eyni ssenari...” 
 
“Belə nəticəyə gəlmək olarmı ki, bu cinayətkar proses təkcə İrana qarşı yox, bütövlükdə müsəlman-türk dünyasına qarşı yönəldilib?”  sualına cavabında isə Etibar Məmmədov aşağıdakı fikirləri diqqətə çatdırıb:
 
“Bəli, belə demək olar. Və özləri də açıq şəkildə bildirirlər ki, növbədə Türkiyədir. Yəni İrandan sonra qarışdırılmaq, xaos yaratmaq məqsədi güdülən əsas hədəf Türkiyədir. Hələ 2003-cü ildə Bakıda görüşdüyüm ABŞ-ın o zamankı müdafiə naziri Donald Ramsfeldin müşaviri olan polkovnik Duqlas Makqregor da o günlərdə bu istiqamətdə səsləndirdiyi fikirləri bu gün də dilə gətirir. O deyir ki, müsəlman aləmində dövlətlər yox, tayfa ittifaqları formalaşmalıdır...
Bütün bu deyilənləri nəzərə alaraq Azərbaycan dövlət və cəmiyyət olaraq gözlənilən proseslərə ciddi şəkildə hazır olmalıdır...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər