Müharibə riyaziyyat deyil və heç vaxt da olmadı! – TƏHLİL!
Ekskluziv
372
20:17, Bu gün

Müharibə riyaziyyat deyil və heç vaxt da olmadı! – TƏHLİL!

Yaxud, İranın müqaviməti ABŞ-ın planlarını necə dəyişir?

Fevralın 28-də başlayan ABŞ-İran müharibəsi artıq beşinci gündür ki, davam edir. Müharibənin elə ilk günündən ABŞ-İsrail koalisiyasının hərbi üstnülüyü açıq şəkildə müşahidə edilsə də, İran da sistemli müqavimət ortaya qoymaqda, qarşı tərəfin hərbi arsenalına, eləcə də digər ölkələrdəki bazalarına uğurlu zərbələr endirməkdə davam edir. Xüsusilə də, İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin ABŞ hücumunun ilk sarsıdıcı zərbələrinə davam gətirərək öz mövcudluğu qoruyub saxlaması Penbtaqonu narahat edən əsas məqamlardan biridir. İran ordusunun orta və uzaqmənzilli raket ehtiyatının, eləcə də dron sistemlərinin tam məhv edilməməsi də ABŞ ordusunun qonşu ölkəyə həmləsindəki əsas kəsirlərdən biri hesab edilə bilər. Bütün bu amillər, eləcə də ali dini liderin öldürülməsi ilə mərkəzi hakimiyyətin sarsılacağı, İran cəmiyyətində xaos və qarışıqlığın yaranacağı və s. kimi ehimalrın özünü doğrultmaması rəsmi Vaşiqntonun hərbi planlarına bəzi düzəlişlər etməsini zəruri edib.

Məhz sözügedən gözlənilməzliklərin nəticəsidir ki, ABŞ Yaxın Şərqə yeni hərbi qüvvələr göndərməyə qərar verib. Bu faktın özü İran əməliyyatının Pentaqonun düşündüyündən daha artıq canlı resurs tələb etdiyini sübut edir.

Bundan başqa, ABŞ-ın müharibə naziri Pit Heqset hərbi əməliyyatların nə vaxta qədər davam edəcəyi ilə bağlı suala konkret cavab verməkdən imtina edib. Müdafiə naziri bildirib ki, hərbi əməliyyatlar “nə qədər lazımdırsa, o qədər davam edəcək”.

Xatırladaq ki, belə qeyri-müəyyənlik hər zaman ABŞ-ın xarakterinə, hərbi əməliyyatlarla bağlı siyasətinə zidd olub. Pentaqon Vyetnam müharibəsindən bugünə qədər dünyanın müxtəlif nöqtələrində həyata keçirdiyi hərbi əməliyyatların  vaxtını, davam etmə müddətini, bu əməliyyatlara cəlb ediləcək şəxsi heyətin sayı və tərkibini, sərf olunacaq maddi vəsaitin miqdarını “zərgər dəqiqliyi” ilə seçib. Və çox az istisnalar olmaqla, öz seçimlərində yanılmayıb. İranla başlayan müharibədə isə ABŞ-ın ənənəvi dəqiqliyinə şahid olmaq mümkün deyil. Əksinə, verilən rəsmi bəyanatların bir çoxu hərbi əməliyyatların nə zaman bitəcəyi ilə bağlı ABŞ hərbi-siyasi rəhbərliyinin özündə belə konkret bir əminliyin olmadığını göstərir. Bu isə o deməkdir ki, yaxın günlərdə ABŞ-ın İrandakı əməliyyatla bağlı planlarında yeni redaktələrin aparıldığına şahid ola bilərik.

Şübhəsiz, ABŞ və İsrail hərbi potensial baxımından İrandan bir neçə dəfə üstündür. Bu mənada müttəfiqlərin gec-tez İran üzərində qətiq ələbə çalması ehtimalı böyükdür. Fəqət onu da untumaq olmaz ki, müharibə riyaziyyat deyil və burada 2+2 heç də həmişə 4 etmir. Xalqın, eləcə də ordunun ideoloji və psixoji hazırlıq səviyyəsi, dözümlülüyü, vətənə olan məhəbbəti və s. kimi amillər müharibənin gedişatına bütün digər amillərdən heç də az təsir göstərmir. Odur ki, ABŞ-ın “asan loxma” kimi təqdim etdiyi İranın hələ bir müddət müttəfiqlərə müqavimtə göstərməsi mümkündür. Bu müqavimətin ABŞ büdcəsinə neçəyə başa gələcəyini, onun beynəlxalq aləmdəki nüfuzuna necə təsir göstərəcəyi isə zaman göstərəcək. Bugünlə bağlı əminliklə deyilə biləcək yalnız bir şey var: Müharibə davam edir!

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər