ABŞ-İran müharibəsinin İlham Əliyevlə bağlı sübut etdiyi ən böyük həqiqət budur ki...
Ekskluziv
256
15:12, Bu gün

ABŞ-İran müharibəsinin İlham Əliyevlə bağlı sübut etdiyi ən böyük həqiqət budur ki...

28 fevral 2026-cı il tarixindən etibarən ABŞ-İsrail koalisiyasının İranla bağlı başlatdığı hərbi əməliyyatlar davam edir. Müttəfiqlərin hücumuna cavab olaraq İran ABŞ-ın Yaxın və Orta Şərq ölkələrindəki hərbi bazalarına da zərbələr endirir ki, bu da müharibə arenasının daha da genişlənməsi deməkdir.

Hələlik hərbi əməliyyatların nə zamana kimi davam edəcəyi bəlli olmasa da, müharibə milli, regional və qobal təhlükəsizliklə bağlı mövcud problemləri yenidən aktuallaşdırıb. Azərbaycanın cənub qonşusunda cərəyan edən hadisələr bir daha sübut edir ki, müharibə və münaqişələrin sürətlə artdığı dünyamızda heç bir dövlət tam olaraq hərbi müdaxilə və zorakılıqdan sığortalanmış deyil. Məhz bu reallıq hər bir dövlətin özlüyündə güclü olmasını, müdafiə və təhlükəsizlik qabiliyyətini dinamik şəkildə yüksəltməsini zəruri edir. Əslində ABŞ-İran müharibəsinin Prezident İlham Əliyevin uzaqgörənliyi ilə bağlı sübut etdiyi ən böyük həqiqət də məhz budur: Təhlükəsizlik bir nömrəli prioritetdir və heç bir halda ikinci plana keçirilə bilməz!

Xatırladaq ki, Prezident İlham Əliyev 2024-cü ilin sonunda - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Azərbaycanın 2025-ci il üçün hərbi büdcəni 8,4 milyard manata çatdırdığına diqqət çəkib, bunu zəruri edən səbəblərə toxunub:

“Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir”. (//azertag.az/xeber/azerbaycan_respublikasinin_prezidenti_ilham_eliyevin_dunya_azerbaycanlilarinin_hemreyliyi_gunu_ve_yeni_il_munasibetile_muracieti_video-3357987 ).

Dövlət başçısı 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışı zamanı da güc faktorunun müasir dünyamızda əsas rol oynadığını, bu faktorun alternativinin olmadığını bildirib:

“Əgər biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, hələ bundan sonra 100 il də icra edilməyəcəkdi. Beynəlxalq təşkilatların nüfuzu böyük dərəcədə aşağı düşüb. Bu gün güc amili dünyada aparıcı amildir. Yəni, bugünkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir. Əlbəttə ki, güclü iqtisadiyyat, maliyyə resursları olmadan bunu əldə etmək mümkün olmayacaq”. (//president.az/az/articles/view/70689 ).

Prezident İlham Əliyev bu və digər çıxışlarında səsləndirdiyi oxşar fikirlər, o cümlədən bu fikirlər fonunda dünyada baş verən proseslər Müzəffər Ali Baş Komandanın beynəlxalq aləmdəki prosesləri necə  dəqiq dərk etdiyini, bu qavrayışı xalqa necə aydın təlqin etdiyini göstərir. Dövlət başçısı öz çıxışlarında açıq şəkildə bildirir ki, Azərbaycanın hərbi büdcəsini mütəmadi surətdə artırması beynəlxalq aləmdəki vəziyyətdən, beynəlxalq hüququn zəifləməsi və zorakılığın artmasından qaynaqlanır. Bu səbəbdən də, Azərbaycanın müdafiə qabiliyyətini artırması seçim deyl, bir məcburiyyət olaraq ortaya çıxır.

Bu gün cənub qonşumuzda davam edən müharibə - onun dağıdıcı təsirləri bir daha İlham Əliyevin təhlükəsizlik məsələsinə niyə bu qədər mühüm önəm verdiyini izah edir. Bu fakt sübut edir ki, çağdaş dünyamızda kimin haqlı olmasından daha çox, kimin güclü olması daha mühüm rol oynayır. Bu gün yalnız o dövlətlər pozulan hüquq və haqqını bərpa edə bilir ki, onun bunun üçün kifayət qədər gücü var. Və bu həqiqətin ən böyük örnəyi Azərbaycan, onun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdir.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər