Paris və Moskva bu dərsdən nəticə çıxaracaqmı?
ABŞ-İsrail koalisiyası ilə İran arasında başlayan müharibə dörd gündür ki, davam edir. Bu müddət ərzində yüzlərlə əcnəbi Azərbaycanın Astara sərhəd-keçid məntəqəsindən istifadə edərək müharibə zonasından canlarını qurtararaq dövlətimizə pənah gətirib, buradan isə öz ölkələrinə yola salınıblar. İrandakı müharibə səbəbi ilə Azərbaycana üz tutanlar arasında Fransa və Rusiya vətəndaşları da olub ki, onlara da digər əcnəbilər kimi qayğı ilə yanaşılıb, bu şəxslərin öz vətənlərinə təhlükəsiz şəkildə getmələri üçün hər cür dəstək göstərilib. Məhz bu dəstəyin nəticəsidir ki, Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Fransa vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi təcili və effektiv köməyə görə Azərbaycana minnətdarlığını bildirib. Səfir "X" sosial şəbəkəsindəki payaşımında yazıb:
“Vətəndaşlarımıza göstərdiyi effektiv və operativ köməyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirik”.
Səfir Sofi Laqutun bu paylaşımı Azərbaycanın Fransa vətəndaşlarına, onların həyat və təhlükəsizliklərinə olan qayğıkeş münasibətin rəsmi təsdiqidir. Bu, həm də Azərbaycanın insani-bəşəri dəyərlərə verdiyi önəmi göstərir.
2 mart 2026-cı il tarixli məlumata görə, Azərbaycan sərhədi vasitəsilə İranı 39 Rusiya vətəndaşı tərk edib. Bu barədə Rusiyanın Bakıdakı səfirliyi məlumat verib. Buna görə Rusiyanın Bakıdakı səfirliyi Azərbaycana təşəkkür edib. Teleqram kanalında yer alan tməlumatda deyilir:
“Rusiyanın Azərbaycandakı səfirliyi Astara sərhəd keçid məntəqəsindən İranı tərk edən Rusiya vətəndaşlarına yardım göstərir. Sərhəd keçid icazələrinin tez bir zamanda işlənməsi də daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirmək istərdik”.
3 mart 2026-cı il saat 10-a qədər isə Azərbaycan sərhədi vasitəsilə İranı tərk edən Rusiya vətəndaşlarının sayı 127-ə çatıb. Başqa sözlə desək, bugünə qədər 127 Rusiya vətəndaşı Azərbaycan sayəsində öz təhlükəsizliyini təmin edib.
Azərbaycanın Fransa və Rusiya vətəndaşlarına göstərdiyi həyati yardım istər-istəməz adıçəkilən dövlətlərin ölkəmizə olan münasibətini yada salır. Hansı ki, 44 günlük Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan siyasəti həyata keçirən Fransa, bu gün də Ermənistanı silahlandırmaqda, ölkəmizin ünvanına əsassız ittihamlar səsləndirməkdədir. Rusiya isə 25 dekabr 2025-ci il tarixində öz səmasında vurduğu “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi ilə bağlı ölkəmizin irəli sürdüyü tələbləri hələ də yerinə yetirmir, təyyarənin vurulması faktını inkar etməyə çalışır.
Xatırladaq ki, AZAL-a məxsus təyyarənin vurulması nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.
Azərbaycan bu gün – İranda raket və mərmilərin dolu kimi yağdığı bir zamanda bütün əcnəbiləri, o cümlədən də Fransa və Rusiya vətəndaşlarını xilas edir ki, bu da dövlətimizin, onun Prezidentinin Paris və Moskvaya verdiyi mərdlik və insanlıq dərsi hesab edilə bilər. Azərbaycan dövləti və Prezidenti bununla sübut etdi ki, əsl güc insan həyatına son qoymaq deyil, insan həyatını xilas etməkdir. Əsl böyüklük, köməyə ehtiyacı olan insanların harayına kar olmaq deyil, onların yardımına qaçmaqdır. Əsl mədəniyyət və kamillik öz şəxsi ambisiyaları naminə digərlərinə çirkab atmaq yox, ümumbəşəri dəyərlər naminə şəxsi ambisiyalarını arxa plana keçirmək, xırda hislərə əsir olmamaq, hər bir hadisə və prosesə insani prizmadan yanaşmaqdır.
Bəli, Azərbaycan məhz bu prinsipial, həyati məsələlərdə Fransa və Rusiyaya heç vaxt unudulmayan, heç vaxt unudulmaması gərəkən dərs verdi.
İnci isə cavablandırılması gərəkən ən başlıca sual budur: Paris və Moskva bu dərsdən, lazımi nəticə çıxaracaqmı? Bax bunu, zaman göstərəcək.
Seymur ƏLİYEV