“Əksinə, İranın daxilində həm ölkənin, xüsusən də oradakı soydaşlarımızın gələcəyi ilə bağlı proseslərə hazırlanan məlum qruplar var...”
“Pezeşkian bu gün hələlik siyasi meydanda qalır. Amma görünən odur ki, onun mütəşəkkil arxası yoxdur. Siyasi dayaqları zəifdir. Amma fikrimcə...”
"Güney Azərbaycanda və ümumilikdə, İrandakı soydaşlarımızın gələcəyi ilə bağlı mən dəfələrlə demişəm ki, bu məsələ Azərbaycan dövlətinin diqqət mərkəzində olmalıdır. Amma son müharibə günlərində görünən odur ki, bizim mediada da Güney Azərbaycanla, ümumiyyətlə, İranla bağlı məsələlər kifayət qədər peşəkar səviyyədə təhlil oluna bilmir. Çünki İranla, Güneylə məşğul olan mütəxəssislərimiz yox səviyyəsindədir. Onların sayı bir əlin barmaqlarıyla sayılacaq qədərdir. Ona görə də Güney Azərbaycan-İran probleminin təhlili üçün bizim jurnalistlərimiz digər dövlətlərin təhlilçilərinə müraciət etməyə məcbur olur və onların təhlillərinin nəticələrindən çıxış etmək zorunda qalırlar.”
Bu mülahizələri Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov “ABŞ-İsrail cütlüyünün İrana qarşı artıq 4-cü gündür davam edən savaşı fonunda Güney Azərbaycandakı soydaşlarımızın, yəni Azərbaycan türklərinin taleyini necə görürsüz?” sualını cavablandırarkən səsləndirib.
“Ümumilikdə Azərbaycan cəmiyyətinin öncədən- on illər boyu İranda baş verən hadisə və proseslərə hazırlanması da bizim dövlət qurumlarının vəzifəsi idi. Təəssüf ki, onlar bu vəzifəni də yerinə yetirmədilər. Əslində indiyədək cəmiyyətin bu mövzuya hazırlanması üçün müvafiq mütəxəssislər yetişdirilməli idi ki, lazım olanda həm dövlət, həm media, həm də bütövlükdə cəmiyyət həmin mütəxəssislərdən yetərincə faydalana bilinsin. Amma nə yazıqlar ki, bu, baş verməyib. Odur ki, hər şey sanki taleyin ümidinə buraxılıb”, - deyə davamında partiya lideri diqqətə çatdırıb.
Siyasətçi təəssüf hissi ilə bildirib ki, əksinə, İranın daxilində həm ölkənin, xüsusən də oradakı soydaşlarımızın gələcəyi ilə bağlı proseslərə hazırlanan məlum qruplar var:
“Özü də onlar Azərbaycana qarşı dost olmayan qüvvələrdir... Hesab edirəm ki, həmin qüvvələrin cənubdakı Azərbaycan türklərinə vura biləcəyi zərbələr həmçinin Azərbaycana, Azərbaycan dövlətinə, bizim milli heysiyyatımıza qarşı yönələcək. Mən bundan çox ehtiyatlanıram və İrandakı olayları çox narahatlıqla izləyirəm. Çox təəssüf ki, deyilən təhlükələr gözlənilir..."
“Bəs bizim hazırda İran prezidenti kimi hakimiyyətdə olan soydaşımız Məsud Pezeşkianın taleyini necə görürsünüz? O, bundan sonra siyasi meydanda qalıb azərbaycanlıların gələcəyinə yönəlik nəsə bir iş görə biləcəkmi?” sualına isə Etibar Məmmədov belə cavab verib:
“Pezeşkian bu gün hələlik siyasi meydanda qalır. Amma görünən odur ki, onun mütəşəkkil arxası yoxdur. Siyasi dayaqları zəifdir. Amma fikrimcə, hər şey İranda ordunun mövqeyindən asılı olacaq. İndiyədək həm bütövlükdə İran xalqına, xüsusən də soydaşlarımıza qarşı cinayətkar mövqedə olan “SEPAH” həmin cinayətlərini davam etdirir. Mollakratiyanın əsas dayağı “SEPAH” olduğundan elə müharibə də əsasən həmin qurumla ABŞ-İsrail arasında gedir. Ayrıca İran ordusu hələ ki, siyasi mövqeyini bildirməyib. Fikrimcə, daxili böhran daha da dərinləşəndə həlledici sözü məhz ordu deyəcək. Və ümid etmək olar ki, ordunun içərisindən də Pezeşkianın tərəfdarları meydana çıxa bilər...”
Təqdim etdi: Sultan Laçın