İlham Əliyev möcüzə yaratmaqda davam edir!
Artıq bir neçə gündür ki, ABŞ-İran müharibəsi bütün şiddəti ilə davam edir. İsrailin də qatıldığı müharibədə on minlərlə hərbçidən, yüzlərlə hərbi təyyarədən, ən müasir raket sistemlərindən istifadə olunur ki, bu da müharibənin nəticələrini daha dağıdıcı və ölümcül edir.
ABŞ-İsrail müharibəsi ilə bağlı diqqət çəkən nüanslardan biri də müharibənin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Qətər, Oman, İordaniya kimi ölkələrə də yayılmasıdır. Belə ki, ABŞ-İsrail koalisiyasının hücumundan sonra Amerikanın Yaxın və Orta Şərqdəki bazalarını hədəf alan İran, bir sıra ərəb ölkələrinin ərazisinə raket hücumları reallaşdırıb. Nəticədə, mülki infrastrukturda ciddi dağıntılar və itkilər baş verib. Hansı ki, məlum hücumların növbəti günlərdə də davam etməsi ehtimalı böyükdür.
ABŞ-İran qarşıdurması müharibəsi müharibə və münaqişələrdən əziyyət çəkən dünyamızda gərginliklərin azalmadığını, əksinə, artdığını göstərir. Bu isə hər bir dövlət və xalqın təhlükəsizlik problemini aktuallaşdırmaqdadır.
Xatırladaq ki, bu gün dünyada qaynar nöqtələrdən biri də məhz Azərbaycanın yerləşdiyi coğrafiya hesab olunub. Azərbaycanın şimal qonşusu olan Rusiya 4 ildən çoxdur ki, Ukrayna ilə üzücü və qüvvətükədən müharibə aparmaqdadır. Ölkəmizin şimal-qərb qonşusu olan Gürcüstanda Abxaziya və Şimali Osetiya problemi mövcuddur ki, dondurulmuş vəziyyətdə olan məlum problemin nə zaman öz həllini tapacağı ilə bağlı xırda ehtimal belə mövcud deyil. Cənub-qərb qonşumuz olan Ermənistanda isə müharibə olmasa da, ölkə dövlət-kilsə qarşıdurmasından, habelə, müxtəliv siyasi qüvvələr və klanlar arasındakı mübarizədən əziyyət çəkməkdədir.
Hazırda Azərbaycanın cənub qonşusu olan İranda baş verən müharibə isə bütün digər problemləri kölgədə qoymaqda, regionun gələcəyi ilə bağlı mövcud narahatlıqları daha da artırmaqdadır. Məhz belə bir şəraitdə yalnız Azərbaycan müharibə və qarşıdurmaların fövqündə dayanıb ki, bu da Prezident İlham Əliyevin uzaqgörənliyindən, nəhəng siyasi dühasından qaynaqlanır.
Bu gün Azərbaycan müharibə cəhənnəmi içərisindəki sülh adası təsiri bağışlamaqda, müharibədən əziyyət çəkən insanlar üçün xilas mənbəyi, təsəlli rolunu oynaqmaqdadır. Fevralın 28-dən bugünə qədər İrandakı müharibə səbəbi ilə cənub sərhədləri vasitəsilə Azərbaycana yüzlərlə əcnəbi pənah gətirib ki, bu da ölkəmizin ənənəvi humanitar missiyasına sadiqliyindən xəbər verir. Bu gerçək bir daha sübut edir ki, Azərbaycan Müzəffər Ali Baş Komandanının siyasi səriştəsi sayəsində qaynar qazan təsiri bağışlayan planetimizdə öz təhlükəsizliyini və toxunulmazlığını uğurla qorumaqda, bütün təhdid və təhlükələri müvəffəqiyyətlə dəf etməkdədir. Bu fakt həm də İlham Əliyevin heyrətləndirmək bacarığından, möcüzə yaratmaq səriştəsindən xəbər verir.
Dörd bir tərəfdən müharibə və münaqişələrlə dövrələndiyi bir zamanda Azərbaycanın sülhə sadiq qalması, öz bitərəfliyini qoruyub saxlaması diplomatiyamızın tarixi uğuru, tarixi nailiyyətidir. Və bu uğur Prezident İlham Əliyev 9 fevral 2026-cı il tarixində ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinlə görüşü zamanı səsləndirdiyi tarixi ifadəni yada salır:
“Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”.
Seymur ƏLİYEV