“Bu yolda Güney Azərbaycanın da mühüm rolu vardır. Azərbaycanlılar da bu prosesdə iştirak etməli və İranın gələcəyinə yön verə biləcək müsbət bir təsir yaratmalıdırlar...”
“Bu qarışıqlıqda müxtəlif müxalifət qrupları, xüsusən də “Xalq mücahidləri” və digərləri bir-birinə qarşı mübarizəyə girə bilərlər. İranın Suriyaya bənzər bir duruma düşməsi ehtimalı da mümkündür...”
“İran ətrafında yaranmış son mürəkkəb və çox gərgin savaş vəziyyətini dəyərləndirmək çox çətindir. İndiki halda, İsrailin dünənki hücumundan və 30 hədəfi vuraraq yüksək rütbəli şəxsləri öldürdükdən sonra, müharibə məsələsi və güc strukturları ilə bağlı liderlik problemi də ortaya çıxıb. Bildiyimizə görə, İran konstitusiyasının 111-ci maddəsinə istinadla bir müvəqqəti şura yaradılıb. Amma bu şuranın necə fəaliyyət göstərəcəyi və oradakı güc strukturlalarına nəzarəti təmin edib-etməyəcəyi sual altındadır. Gələcəkdə hansı liderin meydana çıxacağı da önəmli bir məsələyə çevrilib. Xüsusilə, Xameneinin yerini tutacaq bir liderin kim olacağı müəyyən edilməldir. Çünki 37 illik qaranlıq hakimiyyəti boyu İran xalqına zülmlər etsə də, zaman-zaman böyük qətliamlar həyata keçirsə də, Xamenei çox xarizmatik bir lider idi və onun liderliyi, həm İran daxilində, həm də İranın ətrafında, xüsusilə şiələr arasında güclü təsirə malik idi. Bu səbəbdən Xameneinin ölümü bir tərəfdən şiə dünyasında böyük bir hüzn yaradıb onun fanatlarını qəlyana gətirsə də, digər tərəfdən xalq arasında müəyyən bir müvəqqəti sevinç dalğası maydana çıxarıb”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Güney Azərbaycanlı jurnalist və beynəlxalq əlaqələr üzrə ekspert, jurnalist, Almaniyanın Köln Universitetinin professoru Rıza Talebi səsləndirib.
Ekspert hesab edir ki, Xameneinin vəfatı ilə İranın siyasi sistemi çökməyi və göründüyü kimi hələ də duruş gətirir. “Və bu gün də həm İran daxilində, həm də xaricdə Xameneinin ardıcılları hələ də ayaqdadır. Və onun 37 il başında olduğu bu sistemi dəstəkləyən 10-15 milyon insan var və onlar olduqca ideoloji baxımdan sərt mövqelər tuturlar”, - deyə güneyli jurnalist nəzərə çatdırıb.
“Bəzi məlumatlara görə, İran ABŞ-ın atəşkəs təklifini rədd edib. Sizcə, belə bir şəraitdə bundan sonra hadisələr necə inkişaf edə bilər?” sualına Rıza Talebi belə cavab verib:
“İranın ABŞ-ın atəşkəs təklifini rədd etməsinə gəldikdə, hələ 13 günlük savaşda da ölkə rəhbərliyi danışıqlar aparıb atəşkəsə razılaşsa da, sonradan İsrail razılığı pozaraq yenidən hücum etdi. Odur ki, İran indi ABŞ ilə atəşkəs razılaşmasına etibar edə bilmir. Amma əgər yeni bir hakimiyyət formalaşarsa və təkid edərsə ki, biz İranın müharibədən kənarlaşdıraq və ölkədə dəyişikliklər edək, o halda açıq kanallarla ABŞ ilə hansısa danışıqlar aparıla bilər. Ancaq həmin müzakirələr necə olacaq, əsas nüvə məsələləri, yaxud ballistik raketlərin istehsalının dayandırılması məsələsi olacaq, yoxsa ümumiyyətlə tam rejim dəyişikliyi üzərində fokuslanacaq- bunlar bəlli deyil. Yəqin ki, bunlar yeni idarəçi qurumun fəlaiyyətə başlaması və Xameneinin dəfnindən sonra baş verəcəkdir...”
“Hələlik İranın xaricində təşkilatlanmış güclü bir müxalifət yoxdur. Və təəssüf ki, Rza Pəhləvi də ABŞ və İsrail ilə sıx əlaqələr quraraq özünü təbliğ etməyə çalışır və özünü İran xalqı tərəfindən sevilən biri kimi təqdim etməyə çalışır. Lakin bəllidir ki, bu, təbliğatdan başqa bir şey deyil. Mən şəxsən bu məsələyə İranın bir fərdi olaraq yanaşıram və şəxsi fikrimi bildirirəm. İran xalqı arasında bəziləri Rza Pəhləviyə müəyyən dərəcədə müsbət yanaşa bilər. Amma onun atasının, yənin sonuncu İran şahının keçmişdəki fəaliyyətlərini, xalqa etdikləri zülmləri xatırlamalıyıq. Və Rza Pəhləvinin xaricdəki gücsüzlüyü və İran daxilində birləşdirici bir şəxsiyyət olmaması səbəbindən, bu yanaşma ciddi problemlərlə qarşılaşır. Məlumdur ki, nə türk, nə kürd, nə də ərəb icmalarında onun güclü bir təsiri yoxdur.”
Bu mülahizələri isə alim-jurnalist “İranın daxilində də, xaricdə də vahid müxalifət olmadığından, teokratik rejimi çökdürmək istəyənlər ölkənindaxilində parçalanmaya ümid edirlər. Necə düşünürsüz, belə bir gediş mümkündürmü?” sualını cavablandırarkən ifadə edib.
“Həmçinin, müxalifət qrupları arasında da güclü bir həmrəylik yoxdur. Və İranın gələcəkdə vətəndaş müharibəsinə sürüklənmə ehtimalı var. Çünki bu qarışıqlıqda müxtəlif müxalifət qrupları, xüsusən də “Xalq mücahidləri” və digərləri bir-birinə qarşı mübarizəyə girə bilərlər. İranın Suriyaya bənzər bir duruma düşməsi ehtimalı da mümkündür. İranın daxili vəziyyətinə baxdığımızda bunun qeyri-sabitlik və çətinliklərə yol açma potensialı var. Bu vəziyyətdən ən çox faydalanmaq istəyən tərəf İsraildir və o artıq bombardmanlarla yanaşı milli, etnik problemləri də körükləməyə çalışır. İsrailin bu siyasəti aparmasına da məhz İrandakı Xamenei hakimiyyətinin qaranlıq siyasətləri, xüsusən də xalqa ayrımcı yanaşmaları dolayısıyla dəstək verib. Və bu gün İsrailin müxtəlif qruplara dəstək verməsi ölkəni bir parçalanmaya doğru aparır. Lakin həmin parçalanmanın da xəritələr üzərində aparılması ehtimalı yoxdur ki, bu da İranın gələcəkdə müharibəyə sürüklənməsi ilə nəticələnə bilər. Bizim ümidimiz odur ki, belə bir vəziyyət yaranmasın və qan tökülməsin. Ən azından, İranın müxalifəti müxtəlif qrupları dəyərləndirərək və birləşdirərək, demokratik bir ölkə qurmağa çalışmalıdır. Bu yolda Güney Azərbaycanın da mühüm rolu vardır. Azərbaycanlılar da bu prosesdə iştirak etməli və ölkələrinin gələcəyinə yön verə biləcək müsbət bir təsir yaratmalıdırlar”, -deyə davamında Rıza Talebi vurğulayıb.
Sultan Laçın