“İranın həm hakimiyyət, həm də hərbi strukturlarının eyni vaxtda parçalamaq çətindir...”- MÜSAHİBƏ
Ekskluziv
173
08:28, Bu gün

“İranın həm hakimiyyət, həm də hərbi strukturlarının eyni vaxtda parçalamaq çətindir...”- MÜSAHİBƏ

“Həm mövcud bəzi təşkilatlanmış etnik qruplardan istifadə etməyə çalışırlar, həm də İranın infrastrukturunu dağıtmaqla insanları üsyana vadar etməyə cəhd edirlər...”
 
“Hərbi əməliyyatlar ABŞ Konqresinin və ya BMT Təhlükəsizlik Şurasının xüsusi qərarı olmadan həyata keçirilib...”
 
ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli Moderator.az-a müsahibəsində son günlər Amerika və İsrailin İrana qarşı apardığı savaşa müxtəlif aspektlərdən yanaşılan sualları cavablandırıb.
 
-Əli bəy, birləşmiş Ştatların siyasi dairələrində və ictimaiyyətində ABŞ və İsrailin İrana qarşı son hərbi əməliyyatlarına necə dəyər verilir?
 
-Birləşmiş Ştatlarda bu əməliyyatlara münasibət birmənalı deyil. Həm ciddi tənqidi mövqedən çıxış edənlər var, həm də əməliyyatları açıq şəkildə dəstəkləyənlər. Bu məsələdə “tam doğru” və ya “tam yanlış” mövqe müəyyən etmək çətindir. Lakin bəzi hüquqi və siyasi reallıqlar mövcuddur. Hərbi əməliyyatlar ABŞ Konqresinin və ya BMT Təhlükəsizlik Şurasının xüsusi qərarı olmadan həyata keçirilib. Eyni zamanda, burada klassik mənada birbaşa özünümüdafiə vəziyyətindən danışmaq da çətindir. Daha çox qabaqlayıcı (preventiv və ya preemptiv) zərbələrdən söhbət gedir.
 
Birinci yanaşmanı qəbul edənlər əməliyyatları beynəlxalq hüquq baxımından problemli hesab edir və tənqid edirlər. Digər tərəfdən, hadisələrə ABŞ və İsrailin təhlükəsizlik prizmasından baxanlar bu addımları zəruri və əsaslandırılmış sayır, hətta alqışlayırlar. Xüsusilə, xaricdə yaşayan bəzi iranlı mühacir qrupları arasında əməliyyatlara açıq dəstək müşahidə olunur...
 
-Bəzi məlumatlara görə, İran ABŞ-ın atəşkəs təklifini rədd edib. Belə bir şəraitdə hadisələr necə inkişaf edə bilər?
 
-Məlumatlar ziddiyyətlidir. Bəzi mənbələr İranın atəşkəs təklifini rədd etdiyini bildirir, digər açıqlamalarda isə əksinə, təşəbbüsün İran tərəfindən gəldiyi və ABŞ tərəfindən qəbul edildiyi iddia olunur. Bu xəbərlərin hansının tam doğru olduğunu dəqiqləşdirmək hazırda çətindir. Hadisələrin inkişafı əsasən iki istiqamətdə mümkündür: eskalasiya və ya deeskalasiya. Əgər tərəflər, xüsusən də Iran, müəyyən güzəştlərə gedər və qarşılıqlı tələblər üzrə razılaşma əldə olunarsa, gərginliyin azalması mümkündür. Lakin hazırkı şəraitdə qısamüddətli perspektivdə deeskalasiya ehtimalı yüksək görünmür. 
 
Əgər İran İsrailə və ya ABŞ-ın regiondakı obyektlərinə qarşı zərbələri davam etdirərsə, qarşıdurma daha da genişlənə və daha sərt cavab tədbirləri ilə nəticələnə bilər. Gərginliyin azaldılması üçün qısamüddətli atəşkəs mühüm rol oynaya bilər. Bununla yanaşı, qeyri-rəsmi (“back-channel”) diplomatiya və regional vasitəçilik mexanizmləri də vəziyyətin sabitləşməsinə töhfə verə bilər...
 
- İranın daxilində də, xaricdə də vahid müxalifət olmadığından, teokratik rejimi çökdürmək istəyən ABŞ, İsrail və s., deyəsən, ölkənin həm hakimiyyət, həm də hərbi strukturları daxilində parçalanmaya ümid edirlər. Necə düşünürsüz, belə bir gediş mümkündürmü?
 
-Nəzəri baxımdan teokratik rejimin dəyişdirilməsi ssenarisi mümkün görünsə də, praktikada olduqca mürəkkəbdir. İranın siyasi sistemi təkcə ali dini liderdən ibarət deyil. Burada İran İslam İnqilabı Keşikçiləri Korpusu(“SEPAH”), dini şuralar və siyasi elita mühüm rol oynayır. Bu strukturların eyni vaxtda zəiflədilməsi və ya parçalanması asan deyil. Ona görə də müttəfiqlər daxildə xalq üsyanı çıxarmağa çalışırlar. Bunu yaxın keçmişdə bacara bilməmişdilər, amma indiki vəziyyətin siyasi dəyişikliklərə yol aça biləcəyinə ümid edirlər. Bunun üçün həm mövcud bəzi təşkilatlanmış etnik qruplardan istifadə etməyə çalışırlar, həm də İranın infrastrukturunu dağıtmaqla insanları üsyana vadar etməyə cəhd edirlər. Hər halda ABŞ ilə Israil bütün gücü ilə buna nail olmağa çalışacaq. İran isə öz növbəsində iki seçim qarşısında qala bilər: ya ciddi güzəştlər hesabına gərginliyi azaltmaq, ya da yüksək risklərə baxmayaraq müqaviməti davam etdirmək. İran bu müharibədə nə qədər yalqız olduğunu iliklərinə qədər hiss etdi...  
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər