Qüdsdə Hürrəm Sultan tərəfindən tikilmiş yeməkxana 500 ilə yaxındır ki, iftarda acları doyurur...-FOTOLAR
Ekskluziv
317
07:26, Bu gün

Qüdsdə Hürrəm Sultan tərəfindən tikilmiş yeməkxana 500 ilə yaxındır ki, iftarda acları doyurur...-FOTOLAR

Sultan Süleymanın həyat yoldaşı Hürrəm Sultan tərəfindən 1552-ci ildə tikilmiş Haseki Sultan təkkəsi hər Ramazan ayında Qüdsdə iftar üçün isti yeməklər hazırlamaqda davam edir.
 
Moderator.az  "İslamnews" nəşrinə istinadla xəbər verir ki, bu haqda "Anadolu" məlumat yayıb. 
Təkkə Əl-Əqsa məscidinin Bab əs-Silsila qapısının yaxınlığında yerləşir və Qüdsdəki ən əhəmiyyətli Osmanlı memarlıq abidələrindən biridir. Yerli sakinlər onu "heç vaxt bağlanmayan mərhəmət qapısı" adlandırırlar.
 
Bu gün İslam Vəqf İdarəsi təkkənin əməliyyat büdcəsini təmin edir və xeyriyyəçilər də ianələr edirlər. İsrail və İordaniya arasında 1994-cü ildə imzalanmış Vadi Ərəbə Sülh Sazişinə əsasən, təkkə Qüdsdə dini işlərdən məsul olan İordaniya Vəqflər Nazirliyinin yurisdiksiyasına daxildir.
 
Kompleksə Hürrəm Sultanın əmri ilə tikilmiş işlək mətbəx-yemək otağı, çörək sexi, yeməkxana, ərzaq anbarı və kiçik bir məscid daxildir. Hər Ramazan ayında və il ərzində təkkə, dinindən və milliyyətindən asılı olmayaraq ehtiyacı olanlara pulsuz isti yemək paylamaqda davam edir və müxtəlif menyular təqdim edir.
 
Haseki Sultan təkkəsinin direktoru Bassam Əbu Lubdeh bildirib ki, "COVID-19" pandemiyası dövründə və son iki ildə İsrailin Qəzza zolağına davam edən hücumları fonunda kömək istəyən insanların sayı xeyli artıb. "Köhnə Şəhərdə iqtisadi vəziyyət son dərəcə ağırdır, lakin xalqımız dözümlü, qətiyyətli, qürurlu və ləyaqətli olaraq qalır. Biz onları ən yüksək keyfiyyətli qida ilə təmin etməyə çalışırıq", - deyə Əbu Lubdeh qeyd edib. 
 
Mətbəx həmçinin Əl-Əqsa məscidinin işçiləri üçün yemək hazırlayır. "Biz il boyu fəaliyyət göstəririk. Allahın izni ilə bu, ehtiyacı olan heç kim qalmayana və bu yer muzeyə çevrilənə qədər bu işimiz davam edəcək", - deyə direktor vurğulayıb.

 

S.Laçın

Link kopyalandı!
Son xəbərlər