Ekskluziv
385
15:30, Bu gün

"Dünyanı zorakılıq və hakimiyyət idarə edir": ABŞ yeni uğursuzluq riski ilə üz-üzə - "Die Zeit" 

 
"Trampın İrana qarşı hərbi əməliyyat qərarı ikinci prezidentlik dövrünün ən riskli addımıdır..."
 
ABŞ-ın İrana qarşı başladığı hərbi əməliyyat Vaşinqtonu uzunmüddətli və proqnozlaşdırılması çətin olan yeni qarşıdurmaya sürükləyə bilər. 
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "diezeit.com" nəşri yazıb.
 
Nəşrin qənaətinə görə, ABŞ prezidenti Donald Tramp bu dəfə son dərəcə böyük riskə gedir. Tramp İrana yenidən zərbə endirmək qərarı verib. O, videomüraciətində "bombalar hər yerə düşəcək" deyərək əməliyyatın miqyasının əvvəlkilərdən fərqli olacağını bildirib. Ötən ilin iyununda həyata keçirilən məhdud zərbədən fərqli olaraq, indi söhbət daha geniş hərbi kampaniyadan gedir.
 
Həmin vaxt Tramp İranın nüvə proqramının tamamilə məhv ediləcəyini demişdi. Prezident həftəsonunu Mar-a-Laqodakı iqamətgahında keçirərkən ABŞ-ı potensial olaraq uzun və itkilərlə müşayiət oluna biləcək münaqişəyə aparır. O, mümkün itkiləri istisna etməyib və "biz bunu gələcəyimiz naminə edirik" deyə vurğulayıb.
 
Amerika cəmiyyəti və Konqres kənarda qalır
 
Nəşr qeyd edir ki, amerikalıların əksəriyyəti belə bir qarşıdurma istəmir. Son sorğular göstərir ki, vətəndaşların böyük hissəsi İrana qarşı hərbi müdaxiləni dəstəkləmir və prezidentin hərbi güc tətbiq etməzdən əvvəl Konqresin razılığını almalı olduğunu düşünür. ABŞ Konstitusiyasına görə, müharibə elan etmək səlahiyyəti məhz Konqresə məxsusdur. Lakin Tramp bu dəfə də qanunverici orqanın təsdiqini almadan qərar verib.
 
Nümayəndələr Palatasında demokrat Ro Xanna və respublikaçı Tomas Massi, Senatda isə demokrat Tim Keyn və respublikaçı Rend Pol Konqresin razılığı olmadan kampaniyanın başlanmasına mane olmağa yönəlmiş təşəbbüslərlə çıxış ediblər. Hələlik Konqresin öz səlahiyyətlərini müdafiə edib-etməyəcəyi bəlli deyil.
 
Respublikaçı senator Lindsi Qrem Trampın çıxışını "Yaxın Şərqdə min illik dönüş nöqtəsi" adlandıraraq əməliyyata dəstək verib. Demokrat senator Ruben Qalyeqo isə bildirib ki, ABŞ iranlıları dəstəkləyə bilər, lakin əsgərlərini izahı və əsaslandırması olmayan rejim dəyişikliyi kampaniyasına qurban verməməlidir.
 
Məqsəd nədir və "Öncə Amerika" doktrinasının dəyişməsi
 
Məqalədə vurğulanır ki, Trampın konkret olaraq hansı nəticəyə nail olmaq istədiyi aydın deyil. O, müxtəlif vaxtlarda İranın nüvə proqramını dayandırmaqdan, regiondakı müttəfiq qruplaşmaları zəiflətməkdən, etiraz hərəkatını dəstəkləməkdən və iranlılara "azadlıq" qazandırmaqdan danışıb. Lakin bu zərbələrin ABŞ-ın uzunmüddətli təhlükəsizliyini necə təmin edəcəyi və mümkün rejim dəyişikliyindən sonra planın nə olduğu açıqlanmayıb.
 
Trampın yaxın ətrafı dünyaya daha sərt prizma ilə yanaşır. Onun müşaviri Stiven Miller CNN-ə müsahibəsində "biz zorakılıq və gücün hakim olduğu dünyada yaşayırıq" deyə bildirmişdi. Bu yanaşma qərarların geniş beynəlxalq koordinasiya və ya Konqresin razılığı olmadan qəbul edilməsini legitimləşdirir.
 
Bununla belə, MAGA hərəkatının bəzi ideoloqları, o cümlədən Stiv Bannon artıq xəbərdarlıq ediblər ki, ABŞ yenidən İraq və ya Əfqanıstan tipli uzunmüddətli bataqlığa sürüklənə bilər. "Sonsuz müharibələr" amerikalılar üçün kollektiv travmadır və quru qoşunlarının yeridilməsi daxili siyasət baxımından son dərəcə risklidir.
 
"The Washington Post"-a müsahibəsində vitse-prezident Cey Di Vens ABŞ-ın heç bir halda uzunmüddətli Yaxın Şərq münaqişəsinə girməyəcəyini deyib. Lakin "Die Zeit"-in qənaətinə görə, Trampın son qərarı bu vədin artıq qüvvədə olmadığını göstərir. Nəşr yekun olaraq bildirir ki, əgər münaqişə uzansa və amerikalı hərbçilər həlak olmağa başlasa, bu addım Trampa və onun partiyasına aralıq seçkilər ərəfəsində siyasi dividend deyil, əksinə ciddi zərbə vura bilər.
Link kopyalandı!
Son xəbərlər