"İranın ali liderinin ölümü Yaxın Şərqin son onilliklərini formalaşdıran bir dövrün sonudur..."
Ali dini lider Əli Xameneinin ölümü İran və bütövlükdə Yaxın Şərq üçün bütöv bir siyasi mərhələnin başa çatması deməkdir.
Moderator.az xəbər verir ki, bu barədə "ft.com" nəşri yazıb.
1989-cu ildə ayətullah Ruhulla Xomeyninin vəfatından sonra ali lider postuna namizəd göstərilən Xamenei əvvəlcə bu vəzifə üçün yetərli olmadığını desə də, sonradan İranın ən uzunömürlü rəhbərlərindən birinə çevrildi. 86 yaşında ABŞ və İsrail zərbələrindən sonra həyatını itirən Xamenei arxasında həyat yoldaşı, dörd ruhani oğlu, iki qızı və çoxsaylı nəvələrini qoyub. Onun 37 illik hakimiyyətinin əsas xətti ABŞ və İsrailə qarşı açıq düşmənçilik üzərində qurulan xarici siyasət idi. İranlı islahatçı siyasətçilərdən biri bunu rejimin "əsas kimliyi" adlandırmışdı.
Məşhəddən Tehrana uzanan yol
Əli Xamenei 1939-cu ildə İranın müqəddəs şəhəri Məşhəddə kasıb, lakin hörmətli ruhani ailəsində doğulub. Uşaqlıq illərini çətin şəraitdə keçirdiyini, bəzən axşam yeməyi olmadan yatdıqlarını özü də xatırladırdı. Gənc yaşlarında Qum seminariyasında təhsil alıb və Xomeyninin tələbələrindən olub. Şaha qarşı çıxışları səbəbilə dəfələrlə həbs olunub və sürgünə göndərilib. İnqilabdan əvvəl o, dini-intellektual yanaşması, müasir ədəbiyyata və musiqiyə marağı ilə seçilirdi. İnqilabdan sonra isə daha mühafizəkar xəttə yaxınlaşdı.
1979-cu il inqilabı ərəfəsində Tehrana köçən Xamenei əvvəlcə digər nüfuzlu ruhanilərin kölgəsində qalsa da, siyasi bacarığı və natiqliyi ilə Xomeyninin etimadını qazandı. 1981-ci ildə prezident seçildi. Həmin il müxalif "Mücahidin-e Xalq" qruplaşmasının sui-qəsdindən sağ qurtuldu, lakin sağ əli iflic oldu. 1997-ci ildə islahatçı ruhani Məhəmməd Hatəminin prezident seçilməsi ali liderlə ciddi daxili qarşıdurmaya səbəb oldu. Nəticədə sərt xətt tərəfdarları üstün gəldi və islahatçılara qarşı repressiyalar gücləndi.
Nüvə sazişi, sanksiyalar və daxili böhran
Xameneinin xarici siyasəti İran-İraq müharibəsi illərində formalaşmışdı. O, hakimiyyətə gəldikdən sonra regionda silahlı qrupları dəstəkləyərək İranın təsirini genişləndirməyə çalışdı.
2015-ci ildə İranın dünya gücləri ilə imzaladığı nüvə sazişi onun dediyi kimi "qəhrəmancasına çeviklik" nümunəsi idi: Tehran nüvə proqramını ciddi şəkildə məhdudlaşdırdı, əvəzində sanksiyaların ləğvini aldı.
Lakin 2018-ci ildə ABŞ prezidenti Donald Tramp Vaşinqtonu sazişdən çıxardıqdan sonra Xamenei ABŞ-a etimadsızlığının haqlı olduğunu bildirdi. Yeni sanksiyalar İran iqtisadiyyatını ağır vəziyyətə saldı. Neft gəlirlərinin azalması, maliyyə sistemindən təcrid və yüksək inflyasiya əhalinin həyat səviyyəsini aşağı saldı. Ölümü zamanı 90 milyonluq əhalinin azı üçdə birinin yoxsulluq həddində yaşadığı bildirilir.
2009, 2017, 2019, 2022 və 2026-cı illərdə baş verən etirazlar minlərlə insanın ölümü ilə nəticələndi və şüarlar birbaşa Xameneini hədəfə aldı. Onun hakimiyyəti getdikcə cəmiyyətlə rejim arasında dərin uçurum yaratdı. Xameneinin əsas dayağı isə İslam İnqilabı Keşikçiləri Korpusu oldu. O, bu qurumu ölkənin ən güclü hərbi-siyasi və iqtisadi institutuna çevirdi. Nəticədə ruhanilər və ənənəvi bazar elitası kimi əvvəlki dayaqlar zəiflədi. Qərb diplomatlarının fikrincə, Xameneinin qurduğu sistem investisiyadan çox ticarətə və qapalı iqtisadi modelə söykənirdi. Bu isə ölkənin uzunmüddətli inkişaf potensialını zəiflətdi.
İran dövlət mediası onun ölümünü təsdiqlədikdən sonra Tehran "tarixdə ən sərt cavab" veriləcəyini bəyan edib. ABŞ prezidenti Donald Tramp isə iranlıları rejimə qarşı ayağa qalxmağa çağırıb. Lakin ölkə küçələrində hələ də təhlükəsizlik qüvvələri və Keşikçilər Korpusu mövcuddur və vəziyyət qeyri-müəyyən olaraq qalır. Beləliklə, Əli Xameneinin 37 illik hakimiyyəti İranı regional güc ambisiyalarından ağır iqtisadi və sosial böhrana gətirib çıxaran mürəkkəb və ziddiyyətli bir irs qoydu.