"Ukrayna Prezidenti Ofisinin rəhbəri üçtərəfli sammit ehtimalını istisna etmir, lakin hələ razılaşma yoxdur..."
Ukraynada müharibənin başa çatması üçün Rusiya prezidenti Vladimir Putinlə birbaşa görüş zəruridir.
Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov fevralın 28-də "Mı-Ukraina" telekanalına müsahibəsində bildirib.
Üçtərəfli görüş qaçılmazdır
Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ prezidenti Donald Tramp və Vladimir Putinin iştirakı ilə üçtərəfli sammit nəzəri cəhətdən mümkündür, lakin bu, hələ qəti deyil. Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff da daha əvvəl bu barədə bəyan edib.
O, "Fox News"-a açıqlamasında belə görüşün sülh danışıqlarında irəliləyiş olacağı halda mümkün ola biləcəyini demişdi. Budanov vurğulayıb ki, Rusiya hələlik bu formata razılıq verməyib, amma mövqelər sürətlə dəyişə bilər. Onun fikrincə, müharibənin bitməsi üçün belə bir görüş qaçılmazdır.
Diplomatik cəhdlər və mövcud vəziyyət
ABŞ indiyədək bir neçə dəfə Zelenski, Tramp və Putinin görüşünü təşkil etməyə çalışıb. 2025-ci ilin yazında Türkiyədə planlaşdırılan ilk təşəbbüs baş tutmayıb. Avqustda isə Tramp əvvəl Alyaskada Putinlə, daha sonra Vaşinqtonda Zelenski ilə görüşüb, lakin tərəfləri bir masa arxasına gətirmək mümkün olmayıb.
Kreml əlavə şərtlər irəli sürüb, Putin Zelenskini Moskvaya dəvət edib, Ukrayna prezidenti isə onu Kiyevə çağırıb. 2026-cı ilin fevralında Cenevrədə keçirilən danışıqlarda Moskva nümayəndə heyətinə tarixçi Medinski rəhbərlik edib. O, prosesi "çətin, lakin işgüzar" adlandıraraq yaxın vaxtda növbəti görüşün keçiriləcəyini bildirib.
Sülhə inam və əsas mesajlar
Budanov sülh danışıqlarının uğuruna inandığını deyib və bunu Ukraynanın qələbəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, hərbi altqrup çərçivəsində müəyyən irəliləyiş var, demilitarizasiya olunmuş zona üzərində nəzarət məsələsində də müzakirələr davam edir.
ABŞ-ın təklif etdiyi təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiya tərəfinin mövqeyində müəyyən dəyişiklik müşahidə olunduğu qeyd edilib. Bununla belə, kompromis hələ tam əldə edilməyib və vaxt məhduddur. Budanov Çinin Ukraynaya marağının davamlı amil olduğunu desə də, hazırda Pekinin təsir imkanlarından praktik istifadə imkanının olmadığını bildirib.
O, həmçinin komandirlərin döyüşçülərdən uzaqda olmamasının vacibliyini vurğulayıb, anonim "Telegram" kanalları vasitəsilə aparılan təxribat və mümkün verbovka fəaliyyətlərinə diqqət çəkib. Platformanın mümkün bloklanması ilə bağlı suala isə "Görəcəyik" cavabını verib.
Sonda Budanov qeyd edib ki, Rusiya qış hücumunda ciddi nəticə əldə etməyib, ərazi qazancları minimal olub. Bununla yanaşı, enerji infrastrukturuna zərbələrin cəmiyyətə psixoloji təsir göstərdiyini də etiraf edib. Onun fikrincə, müharibə davam etsə də, diplomatik pəncərə hələ açıqdır və sülh birbaşa siyasi qərarlardan asılıdır.