Bizi sosial şəbəkələrdən izləyin:
“Zənnimcə, Çin də İrana heç bir dəstək verməyəcək...”
“Hesab edirəm ki, İranın nə ABŞ silahlarına cavab verə biləcək səviyyədə silah və texnikası, nə də doğru-düzgün müttəfiqləri var...”
“Artıq növbəti ABŞ-İsrail-İran müharubəsi başlandı. Bircə onu dəqiq bilirik ki, müharibə başlandı. Amma heç kəs dəqiq deyə, proqnoz verə bilməz ki, bu savaş nə vaxt dayanacaq, nəticəsi nə olacaq, regiona daha geniş şəkildə yayılacaqmı. Düzdü, hazırda İran da cavab atəşləri ilə İsraili, həmçinin körfəzə yaxın ərəb ölkələrini, oradakı Amerika bazalarını vurmağa çalışır. Amma hesab edirəm ki, İranın nə ABŞ silahlarına cavab verə biləcək səviyyədə silah və texnikası, nə də doğru-düzgün müttəfiqləri var.”
Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov bu fikirləri Moderator.az-a açıqlamasında son saatlarda İrana qarşı İsrail və ABŞ-ın birgə başlatdığı raket hücumu ilə yaranmış mənzərəni şərh edərkən dilə gətirib.
“Rusiya heç –öz hayındadır. Bəs Çin ən azı öz strateji maraqları baxımından İran rejiminə hansısa gizli, açıq dəstək verə bilərmi?” sualını isə keçmiş səfir belə cavablandırıb:
“Zənnimcə, Çin də İrana heç bir dəstək verməyəcək. Vaxtında bu dövlət illər boyu İran neftindən kifayət qədər bəhrələndi- onu ucuz qiymətə aldı. Və müqabilində İrana pul yox, özünün bir sıra məhsullarını, o cümlədən də hərbi yönümlü məhsullar verdi. Amma söhbət hansı keyfiyyətdə, gücdə olan silahlardan gedir- bilinmir. Eyni zamanda Çin heç vaxt İrana dəstəklə bağlı ciddi, prinsipial mövqe nümayiş etdirməyib. Onun son aylarda guya İrana gizli şəkildə hansısa silah, texnika yollaması barədəki məlumatlar isə dəqiq deyil. Və ümumiyyətlə, Çin son onilliklər boyunca heç bir münaqişəyə, müharibəyə qatılmır. Mənafeyini sırf iqtisadi prinsiplərlə qorumağa çalışır. Bu da əslində ölkənin özü üçün müdrik bir siyasətdir. Bir sözlə, hesab edirəm ki, ABŞ və İsrailin hücumları fonunda İranın Rusiya kimi Çindən də ciddi kömək gözləməsi məntiqsizdir...”
Sultan Laçın