“Ərəblərin əksəriyyəti Osmanlı ordusu tərkibində və ya partizan kimi ingilislərə qarşı döyüşüblər...” -ARAŞDIRMA
Ekskluziv
312
12:32, Bu gün

“Ərəblərin əksəriyyəti Osmanlı ordusu tərkibində və ya partizan kimi ingilislərə qarşı döyüşüblər...” -ARAŞDIRMA

“Azərbaycanı rus, ingilis və ermənilərdən azad etməyə gəlmiş Qafqaz İslam Ordusunun şəhidləri arasında da çoxlu ərəb, o cümlədən, fələstinli vardı... 
 
Ərəblərin az bir qismi (vəhhabilər və ərəb millətçiləri) Osmanlıya qarşı qiyam qaldırmışdı...”
 
"Bir sözlə, tarix həmişə təkrarlanir. Bu gün də türklər və ərəblər (az bir hissəsi istisna olmaqla) birlikdədirlər. Yaxın gələcəkdə onların qarşısında ABŞ-ın dəstəkləyəcəyi Hindistan, İsrail və Yunanıstandan ibarət koalisiya dura bilər..."
 
 
“İsrailin baş naziri Benyamin Netanyahu Hindistanın baş naziri Narendra Modinin İsrailə səfəri zamanı knessetdə çıxış edərək Osmanlı dönəmini "işğal dövrü" adlandırıb. O, Birinci Dünya Müharibəsi illərində Böyük Britaniya, yəhudi və Hindistan hərbçilərinin Hayfa şəhərinin (türklərdən) azad edilməsinə verdikləri töhfəni vurğulayaraq, döyüşlərdə həlak olmuş hind əsgər və zabitlərinə xüsusi minnətdarlığını bildirib”.
 
Bu xəbəri şərh etməyini xahiş etdiyimiz  tədqiqatçı Araz Şəhrili Moderator.az-a aşağıdakı analitik araşdırmasını təqdim edib:
 
Tarix daim təkrarlanır!..
 
“Benyamin Netanyahu haqlıdır. O dönəmdə Böyük Britaniya ordusunun tərkibundə yəhudi və hindlilərdən ibarət iri hərbi hissələr var idi. Yəhudilər Osmanlı dövlətinə qarşı müharibədə könüllü iştirak edirdilər. Yəhudilərdən təşkil olunmuş ilk hərbi hissə “qatır mehtərləri dəstəsi” oldu. 500 döyüşçüdən ibarət bu dəstə 1915-ci il aprelin 25-də Gelibolu yarımadasında türklərlə savaşa girdi. Osmanlı ordusunun türk, kürd və ərəb döyüşçülərinə qarşı mübarizədə həmin dəstənin 14 üzvü həlak oldu, 60 nəfəri yaralanıb sıradan çıxdı. “Qatır mehtərləri dəstəsi”nin üç döyüşçüsü Böyük Britaniya imperiyasının medalları ilə təltif edildi...
 
1917-ci ilin iyununda isə beş alaydan, 5.000 döyüşçüdən ibarət “yəhudi legionu” yaradıldı. Legion əsasən Fələstində türklərə və onların tərəfini saxlayan yerli ərəblərə qarşı döyüşlərdə, o cümlədən, Qüds şəhərinin alınmasında (1917) və Armageddon savaşında (1918) iştirak etdi. Fələstin cəbhəsində  “yəhudi legionu”ndan 90 nəfər həlak oldu, xeyli döyüşçü yaralandı.
 
Hindistana gəlincə, Birinci Dünya müharibəsi illərində Böyük Britaniya ordusunda 1.000.000 hindli xidmət etmiş, onlardan 64.449 nəfəri həlak olmuş, 128.000 nəfəri yaralanmış, 11.264 nəfəri əsir düşmüşdü. Osmanlı ordusuna qarşı aparılmış təkcə Mesopotamiya kampaniyasında 27.675 nəfər həlak olmuş, 51.836 nəfər yaralanmış, 13.492 nəfər əsir düşmüşdü.
 
İndi isə ərəblərin Birinci Dünya müharibəsində iştirakından bəhs edək...
 
Zeydi şiəliyinə etiqad edən Şimali Yəmən ərəblərinin imamı Yəhya ibn Muhəmməd (1869-1948) Osmanlı imperiyasına əvvəllər mənfi münasibət bəsləsə də, Birinci Dünya müharibəsi başladıqdan sonra İslam həmrəyliyi naminə bu dövlətin tərəfinə keçdi. O, 1914-cü ilin noyabrından 1916-cı ilin iyulunadək Ədən ətrafında ingilislərlə döyüşən türk ordusuna əlindən gələn yardımı etdi. Yeri gəlmişkən, Yəhya ibn Muhəmməd şiələrin IV İmamı Zeyn əl-Abidinin nəslindən idi...
 
On İki İmam şiələri olan İraq ərəbləri də Osmanlı imperiyasını sözün əsl mənasında dəstəklədilər. Onlar türk ordusuna nəinki ərzaq, həm də canlı qüvvə ilə kömək göstərdilər. Şiə ərəb tayfalarının silahlı dəstələri kütləvi şəkildə türk ordusuna qoşularaq Böyük Britaniya və Fransa qoşunlarına qarşı bütün əməliyyatlarda fəal iştirak etdilər.
 
On İki İmam şiəliyinə etiqad edən Livan ərəbləri də müharibə illərində Osmanlı imperiyasına loyal münasibət göstərdilər və heç bir problem yaratmadılar.
 
Ələvi şiəliyinə bağlı olan Suriya ərəblərinin Osmanlı imperiyasına  münasibəti yaxşı deyildi. Lakin buna baxmayaraq müharibə illərində onlar da türklərə qarşı qiyam qaldırmadılar. Amma Yəmən, İraq və Livan şiələrindən fərqli olaraq, ələvilər Osmanlı dövlətinə heç bir kömək etmədilər.
 
Fələstin, Suriya və Liviyanın sünni ərəblərinin çoxu, eləcə də bərbərlərin əksəriyyəti Osmanlı imperiyasının yanında idi. Xüsusilə, liviyalılar türklərdən hərbi yardım alaraq Antanta qüvvələrinə qarşı döyüşürdülər.
 
Ərəbistan yarımadasındakı sünni Cəbəl-Şəmmar əmirliyi də Osmanlı dövlətini dəstəkləyirdi. Maraqlı bir faktı qeyd edək: Şəmmar qədim ərəb qəbiləsi sayılsa da, son genetik araşdırmalara, əsasən onun üzvlərinin ən azı 43 faizi müasir xoton türkləri (83%), qırğızlar (63 %), altaylılar (58 %), şorlar (57 %), teleutlar (53 %), telengitlər (50 %), qaraçaylılar (40 %), balkarlar (35 %), uyğurlar (31 %), xakaslar (28 %), özbəklər (25 %), azərbaycanlılar (9-19 %), taciklər (64 %), puştular (59-80 %), Xorasan farsları (20-35 %), kürdlər (20 %), Pakistanın mohan (71 %) və balt (48 %) xalqları,  Hindistanın brahman və kşatriya varnaları (72 %), manipurilər (50 %) və pəncablılar (47 %), eləcə də qədim türklərin Aşina, qədim macarların isə Arpad sülalələri, həmçinin skiflər, sakalar və qədim arilər üçün xarakterik olan, birbaşa ata xətti ilə ötürülən “R1a1-Z93” DNY-nin daşıyıcısıdır.
 
Yenə də Ərəbistan yarımadasında gələcək Səudiyyə kralı Əbduləziz ibn Əbdurrəhman Səudun (1877-1953) rəhbərlik etdiyi vəhhabilər cəmi bir neçə il əvvəl Osmanlı imperiyasına qarşı vuruşsalar da, Birinci Dünya müharibəsi illərində əsasən neytral mövqe tutdular. Amma bununla yanaşı, onlar Osmanlı dövlətini dəstəkləyən Cəbəl-Şəmmar əmirliyinə müharibə elan etdilər. Həmçinin ingilislərə zərər vura biləcək heç bir hərəkətə yol vermədilər...
 
İraq, İordaniya və Ərəbistan yarımadasının bəzi sünni qəbilələri isə Osmanlı ordusuna qarşı silahlı qiyam qaldırıb ingilislərin və fransızların tərəfinə keçdilər. Lakin onların motivləri eyni deyildi.
 
Məsələn, Əsir Əmirliyinin başçısı Seyid Muhəmməd ibn Əli İdrisi (1876-1923) vəhhabi olduğuna görə hənəfi məzhəbli, maturudi (əhli-sünnə) etiqadlı türklərə düşmənçilik münasibəti bəsləyirdi. Maraqlıdır ki, vəhhabi etiqadlı Seyid Muhəmməd birbaşa ata xətti ilə şiələrin II İmamı Həsənin nəslindən idi...
 
İndiki Qətər və İordaniya ərazilərində yaşayan huveytat qəbiləsinin rəhbəri Əudə əbu Tayi (1874-1924) birbaşa ata xətti ilə şiələrin IV İmamı Zeyn əl-Abidinin nəslindən olsa da, əhli-sünnə əqidəsinə etiqad edirdi. Lakin ərəb millətçiliyinə aludə olduğuna görə türklərə qarşı silahlı hərəkatın liderlərindən birinə çevrildi.
 
Məkkə şərifi Huseyn ibn Əli (1853-1931) də birbaşa ata xəttilə şiələrin II İmamı Həsənin soyundan idi. O, eyni zamanda təəssübkeş bir sünni və qatı ərəb millətçisi kimi tanınırdı. Məhz millətçi olduğuna görə Osmanlı əleyhinə silahlı üsyan qaldırdı. Şərif Huseyn hesab edirdi ki, hər bir İslam xəlifəsi yalnız Qureyş soyundan olmalıdır. Çünki əhli-sünnənin ən məşhur hədis alimləri sayılan İmam Əhməd ibn Hənbəlin (780-855) musnəd, İmam Muhəmməd ibn İsmail əl-Buxari (810-870) və İmam Muslim ibn əl-Həccac ən-Nişapurinin (821-875) səhih, İmam Muhəmməd ibn İsa ət-Tirmizinin (824-892) camiə adlı kitablarında Muhəmməd Peyğəmbərin səhabəsi Cabir ibn Səmurədən belə bir hədis nəql olunmuşdur:
 
“Allah Rəsulunun belə buyurduğunu eşitdim: Həqiqətən də, bu əmr (İslamın göstərişləri) on iki nəfərin (12 imamın, 12 xəlifənin və ya 12 əmirin) hakimiyyəti bitənədək qüvvədən düşməyəcək... Sonra Peyğəmbər çox sakit bir səslə söhbətinə davam etdi. Eşitmədiyimə görə atamdan Peyğəmbərin nə söylədiyini soruşdum. O, cavab verdi ki, Peyğəmbər onların hamısının Qureyşdən olduğunu bildirdi”.
 
Görünür, şərif Hüseyn ibn Əli sidq ürəkdən hesab edirmiş ki, həmin on iki xəlifədən biri də elə onun özü ola bilər. Britaniya kəşfiyyatı məhz belə məsələlərdə şərif Hüseyni manipulyasiya obyektinə çevirə bilmişdi. İngilislər ona söz vermişdilər, yaxud şərif özünü inandırmışdı ki, müharibədən sonra bütün İslam dünyasının xəlifəsi elan ediləcək. Lakin bu arzusuna çata bilmədi. Nəhayət, şirin vədlərdən bezib cana yığılmış şərif Huseyn 1924-cü ilin martında özünü bütün İslam aləminin xəlifəsi elan etdi. Bununla o, daha da gülünc vəziyyətə düşdü. “Haşimi xilafəti” elə həmin ilin oktyabrında iflasa uğradı. Belə ki, ərəblərin bir hissəsi, fələstinlilərin çoxu bəyan etdi ki, Osmanlının sonuncu sultanı II Əbdülməciddən (1968-1944) başqa heç kimin xilafətini tanımırlar. Xüsusilə qəzzalılar şərif Hüseynin adını çəkənləri ölümlə hədələyir, Osmanlıya sadiq qaldıqlarını bildirirdilər...
 
Şərif Huseyn öz oğlu Əlini (1879-1935) Hicaz kralı etdi. Lakin 1925-ci ildə Əbduləziz ibn Səud (1877-1953) onu oradan qovdu.
 
Şərif Hüseynin digər oğlu Abdullah (1882-1951) İordaniyanın birinci kralı oldu. İordaniyanın indiki kralı Abdullah ibn Huseyn ibn Təlal ibn Huseyn onun nəticəsidir...
 
Şərif Huseynin üçüncü oğlu I Feysəli (1884-1933) ingilislər İraq kralı elan etdilər. Onun nəvəsi II Feysəli 1958-ci ildə İraq hərbçiləri devirib qətlə yetirdilər.
 
Haşiyə: 
 
İraqda əhalinin əksəriyyəti (60-70 %) şiə olsa da, Hicazdan gətirilmiş sünni bir ailənin nümayəndəsi I Feysəl 1921-ci ilin iyulunda  bu ölkənin kralı təyin edildi. Bunun əsas səbəbi İraq şiələrinin Osmanlını dəstəkləyərək Antanta qüvvələrinə şiddətli müqavimət göstərmələri oldu.
 
İraq şiələri Osmanlının süqutundan sonra da mübarizəni dayandırmadılar. 1920-ci ilin mayında onlar Böyük Britaniya istilasına qarşı silahlı üsyana qalxdılar. Cihad (müdafiə) fətvasını məşhur şiə müctəhidi Mirzə Muhəmməd Təqi Şirazi (1840-1920) verdi. İngilis ordusu bu hərəkatı böyük itkilər hesabına 1920-ci ilin oktyabr-noyabr aylarında çətinliklə yatıra bildi.
 
Yeri gəlmişkən, 1920-ci ilin mayında həm də Azərbaycan xalqı sovet istilasına qarşı silahlı üsyana qalxmışdı. Azərbaycanda müqavimət hərəkatı 1922-ci ilin avqust ayınadək davam etmişdi.
 
1914-cü ildə Rusiya ordusu və erməni dəstələri Cənubi Azərbaycanda qırğınlar törədərkən, eləcə də Antanta qüvvələri Osmanlı torpaqlarına təcavüz edərkən mərceyi-təqlid Mirzə Muhəmməd Təqi Şirazi müsəlmanları birliyə və ümumi düşmənə müqavimət göstərməyə çağıran fətvalar vermişdi. Buna görə də həm şiələr, həm də sünnilər ona böyük hörmət və ehtiramla yanaşırdılar. Bu alimin fəaliyyəti ingilislər üçün ağır problemlər yaradırdı. 1920-ci il avqustun 17-də Mirzə Muhəmməd Təqi Şirazi şəhid edildi. Müsəlmanlar onu İmam Hüseyn məqbərəsinin cənub küncündə torpağa tapşırdılar...
 
Osmanlı dövləti və İraq xalqının Qərbə qarşı mübarizəsini fəal dəstəkləmiş böyük şiə alimlərindən Şeyx Muhəmməd Xalissinin (?-1925), Şeyx Muhəmməd Hüseyn Naininin (1869-1936), Seyid Əbül Həsən İsfahaninin (1861-1946), Seyid Əbül Qasim Kaşaninin (1877-1962) adlarını çəkə bilərik. Onlardan Şeyx Muhəmməd Xalissi Osmanlı ordusu ilə birlikdə Böyük Briyaniya qoşunlarına qarşı qanlı döyüşlərdə şəxsən iştirak etmişdi. Şeyx Muhəmməd Hüseyn Naini istər ingilis, istərsə də rus müstəmləkəçilərinin barışmaz düşmənlərindən sayılırdı. Onu da qeyd edək ki, Seyid Əbül Həsən İsfahani və Seyid Əbül Qasim Kaşani şiələrin I İmamı Əli ibn Əbu Talibin soyundan idilər...
 
Beləliklə, ərəblərin əksəriyyəti Osmanlı ordusunun tərkibində, yaxud partizan dəstələrində ingilislərə qarşı döyüşmüşdülər. Azərbaycanı rus, ingilis və ermənilərdən azad etməyə gəlmiş Qafqaz İslam Ordusunun şəhidləri arasında da çoxlu ərəb, o cümlədən, fələstinli vardı. Ərəblərin az bir qismi (vəhhabilər və ərəb millətçiləri) Osmanlıya qarşı qiyam qaldırmışdı...
 
P.S. Bir sözlə, tarix həmişə təkrarlanir. Bu gün də türklər və ərəblər (az bir hissəsi istisna olmaqla) birlikdədirlər. Yaxın gələcəkdə onların qarşısında ABŞ-ın dəstəkləyəcəyi Hindistan, İsrail və Yunanıstandan ibarət koalisiya dura bilər...
 
Müəllif: tədqiqatçı Araz Şəhrili
 
Təqdim etdi: 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər