Əfqanıstanla Pakistan arasındakı savaş nə vaxt dayanacaq?..- Elxan Şahinoğlu
Ekskluziv
37
12:32, Bu gün

Əfqanıstanla Pakistan arasındakı savaş nə vaxt dayanacaq?..- Elxan Şahinoğlu

“Hesab edirəm ki, böyük dövlətlər vasitəçi kimi çıxış edib bu müharibəni dayandırmağa çalışacaqlar. Onu da qeyd etmək olar ki, hər iki ölkənin ərazisindən yeni tranzit yolların keçirilməsi nəzərdə tutulur...”
 
“Bildiyiniz kimi, hazırda Əfqanıstan, Pakistan, Hindistan və s. kimi dövlətlərin yerləşdiyi bölgə vaxtilə, 100 il bundan öncə Böyük Britaniya imperiyasının müstəmləkəsi olanda həmin imperiya onların arasında elə sərhədlər çəkib ki, o sərhədlər həmin dövlətlər müstəqillik qazandıqdan sonra onların arasında münaqişələrə səbəb olsun. Misal üçün, Hindistanla Pakistan arasında da sərhədi elə çəkiblər ki, Kəşmir iki hissəyə bölünüb. Və artıq 80 ilə yaxındır ki, bu məsələyə görə münaqişə gedir və dəfələrlə silahlı qarşıdurmalar, müharibələr olub. Hələ bu gün də məsələ münaqişə predmetidir. İndiyədək Hindistan və Pakistan Kəşmir məsələsi ilə bağlı razılığa gələ bilmir. İki nüvə dövləti arasında sonuncu belə qarşıdurma 2025-ci ilin aprel-may aylarında olub. Bu günlər aralarında hərbi əməliyyatlara başlamış Əfqanıstanla Pakistan arasındakı sərhədləri də o vaxtlar ingilis müstəmləkəçiləri müəyyənləşdirib. Dürand xətti deyilən həmin sərhəd də, hər iki tərəfdən çox da tanınmır. Və  sərhəd qeyri-müəyyən olduğuna görə ara-sıra atışmalar olur. Lakin bu dəfə artıq həmin atışmalar Əfqanıstanla Pakistan arasında genişmiqyaslı müharibəyə çevrilib.” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında bu günlərdə Pakistan və Əfqanıstan arasında yaşanan genişmiqyaslı hərbi əməliyyatlardan danışarkən politoloq Elxan Şahinoğlu səsləndirib.
 
“Əlbəttə, bu müharibə heç kimin maraqlarına cavab vermir. Çünki Əfqanıstanda Talibanın hakimiyyətdə olmasına rəğmən bir çox dövlətlərin paralel olaraq həm Pakistanla, həm Əfqanıstanla münasibətləri var. Ona görə də hesab edirəm ki, böyük dövlətlər vasitəçi kimi çıxış edib bu müharibəni dayandırmağa çalışacaqlar. Onu da qeyd etmək olar ki, hər iki ölkənin ərazisindən yeni tranzit yolların keçirilməsi nəzərdə tutulur. Yəni belə layihələr var. Ancaq təbii ki, Pakistan-Əfqanıstan arasındakı savaş davam edərsə,  həmin layihələrin reallaşması xeyli çətinləşəcək”, -deyə davamında  politoloq Elxan Şahinoğlu diqqətə çatdırıb.
 
Sultan Laçın 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər