“Xocalı Soyqırımı Memorialı erməni faşizminə sonsuz nifrət, faciə qurbanlarına nəhayətsiz ehtiram simvoludur”.
Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri,hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Xocalı Soyqırımı Memorialı tarixi yaddaşımızın qorunub saxlanılması və təbliği baxımından mühüm əhəmiyyətə malikdir:
“Xocalı Soyqırımı Memorialının inşası, dövlət başçısının sözügedən kompleksin açılışında iştirakı mühüm əhəmiyyətə malikdir.
Xocalı Soyqırımı Memorialı hər şeydən öncə Xocalıda erməni faşizmi tərəfindən qətlə yetirilən yüzlərlə şəhidimizə olan ümumxalq sevgisi və ehtiramının göstəricisidir. Bu fakt bir daha sübut edir ki, xalqımız öz şəhidlərini unutmur və bundan sonra da heç vaxt unutmayacaq, onların xatirəsini hər zaman böyük sevgi və ehtiram hissi ilə yad edəcək.
Xocalı Soyqırımı Memorialı həm də erməni faşizmi, onun qanlı cinayətlərinin ifşası abidəsidir. Bu Memorial ermənilərin ötən əsrin 90-cı illərində Xocalı sakinlərinin timsalında bütün Azərbaycan xalqının başına gətirdiyi qorxunc cinayətlərdən xəbər verir. Xocalı Soyqırımı Memorialı, onun özündə əks etdirdiyi hər bir element erməni vəhşiliyinin sərhəd tanımadığını göstərir.
Əminəm ki, Xocalı Soyqırımı Memorialı illər, əsrlər sonra da onu ziyarət edənlərə erməni faşizminin qanlı əməllərindən danışacaq, bu əməllərin necə böyük faciələrə yol açdığından bəhs edəcək”.
Polkovnik Xocalı Soyqırımı Memorialının inşasına görə Preizdent İlham Əliyevə də veteranlar adından təşəkkür edib:
“Xocalı Soyqırımı Memorialının inşası ilə bağlı irəli sürdüyü təşəbbüsə, kompleksin inşasının hər bir mərhələsini davamlı dqiqətdə saxladığına, onun açılışında şəxsən iştirak etməklə bütün dünyanın diqqətini bu Memoriala yönəltdiyinə görə bütün veteranlarımız adından Prezident İlham Əliyevə təşəkkür edirik. Qətiyyətlə bildiririk ki, veteran təşkilatı olaraq biz də bugünə qədər olduğu kimi bundan sonra da tarixi həqiqətlərimizin təbliğində aktiv iştirak edəcək, erməni faşizminin ifşası, qəhrəmanlıq tariximizin təbliğində əlimizdən gələni əsirgəməyəcəyik”.
Seymur ƏLİYEV