Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Cenevrədə erməni həmkarı Robert Abisoğomonyanla görüşüb. Məlumata görə tərəflər çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
Cenevrə görüşü ilk baxışdan böyük siyasi hadisə təsiri bağışlamasa da, əslində bu görüş regionun sabahı, təhlükəsizliyi və tərəqqisi baxımından mühüm əhəmiyyətə malikdir.
Hər şeydən öncə qeyd edək ki, bu görüş Azərbaycanın sülh və qarşılıqlı etimad siyasətinə sadiq qaldığını göstərir. Cenevrə görüşü sübut edir ki, rəsmi Bakı regionda etibarlı sülhün təminində maraqlıdır və bunun üçün bütün gərəkli addımları atır.
İkincisi, Cenevrə görüşü Azərbaycanla Ermənistan dövləti arasındakı de-fakto sülhün siyasi müstəvidən gündəlik yaşama daşınması, xalqlar arasındakı sülhə çevrilməsi cəhdidir. Hansı ki, uzunmüddətli sülh üçün məhz xalqlar arasında etimad mühitinin formalaşması vacibdir.
Üçüncüsü, nazir müavinləri arasında keçirilın görüş, həm də daha yüksək səviyyəli danışıqlar üçün zəmin rolunu oynayır ki, bu da məlum danışıqların önəmini artırır.
Heç kimə sirr deyil ki, eyniylə 44 günlük Vətən müharibəsindən öncə olduğu kimi, bu gün də regionda sülhü və sabitliyi pozmağa çalışan qüvvələr mövcuddur. Onlar Cənubi Qafqazda yeni bir gərginlik yaratmaqla regionla bağlı maraqlarını təmin etmək niyyətindədir. Lakin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyasının sayıqlığı, yürütdüyü çevik və optimal siyasət nəticəsində məkirli qüvvələrin bütün planları alt-üst olmaqdadır. Elnur Məmmədovun Cenevrədə apardığı danışıqlar, habelə, BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasının yüksək səviyyəli seqmentində etdiyi çıxış da sübut edir ki, Azərbaycan Prezident İlham Əliyevin memarı olduğu sülhün pozulmasına imkan verməyəcək, bu sülhün əbədi olması üçün bundan sonra da bütün imkanlarından maksimum istifadə edəcək.
Seymur ƏLİYEV