44 Günlük birliyin ideoloji təməli: Azərbaycançılıq nəyi sübut etdi?
Ekskluziv
225
18:38, Bu gün

44 Günlük birliyin ideoloji təməli: Azərbaycançılıq nəyi sübut etdi?

Müasir dövrdə qloballaşma, informasiya müharibələri və ideoloji təsirlərin artdığı bir zamanda milli kimlik məsələsi hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan üçün isə bu məsələnin mərkəzində azərbaycançılıq ideyası dayanır. Tarixi və mədəni dəyərlərə söykənən bu yanaşma artıq təkcə mənəvi konsepsiya deyil, dövlətin gücü, milli təhlükəsizlik və ictimai sabitlik baxımından mühüm dayaq kimi çıxış edir.
 
Xüsusilə son illərdə regionda baş verən proseslər və 44 günlük Vətən müharibəsi zamanı ortaya çıxan milli birlik azərbaycançılığın praktik əhəmiyyətini daha aydın göstərdi. Müxtəlif millət və dinlərə mənsub vətəndaşların vahid dövlət kimliyi ətrafında birləşməsi daxili sabitliyin əsas şərtlərindən birinə çevrildi.
 
Bütün bu məqamları nəzərə alaraq, azərbaycançılıq ideyasının müasir çağırışlar əsasında dövlət strategiyası, milli təhlükəsizlik və ictimai həmrəylik baxımından aktuallığını daha dərindən təhlil etmək üçün Moderator.az Millət vəkili, Milli Məclisin Müdafiə,Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu ilə həmsöhbət olub.
 
 
Deputat vurğulayıb ki, Azərbaycançılıq ideologiyası ilk növbədə ümumimilli həmrəyliyi ifadə edən vahid ideoloji konsepsiya kimi meydana çıxsa da, ötən müddət ərzində tədricən milli dövlətçilik ideologiyasına çevrilmişdir:
 
 "Başqa sözlə desək, Azərbaycançılıq bir millətin milli enerjisinin və milli gücünün vahid maraqlar naminə səfərbər olunmasının ideoloji-siyasi, sosial və hüquqi əsaslarını təmin edən fundamental ideoloji çərçivədir. Məhz buna görə də ilkin mərhələdə yalnız milli həmrəyliyin təmin olunması məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülən bu ideoloji konsepsiya hazırda həm milli maraqların cəmləşdiyi mərkəzdə dayanan dövlətçilik ənənələrinin qorunmasını, həm ortaq təhlükəsizlik maraqlarımızın təmin edilməsini, həm də milli institutlaşmanı və davamlı inkişafı təmin edən çoxşaxəli bir ideologiya kimi çıxış edir.
 
Bu baxımdan Azərbaycançılıq ideologiyası universal mahiyyət daşıyır. Universal anlayışı nəyi ifadə edir? Əgər biz siyasi elmin nəzəri əsaslarına istinad edərək bir daha Azərbaycançılıq ideologiyasına nəzər salsaq, burada bir neçə mühüm komponentin mövcud olduğunu aydın şəkildə görərik. Azərbaycançılıq ilk növbədə Azərbaycan dövlətinə, onun tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə və dilinə sahib çıxmaq deməkdir. Ümummilli lider Heydər Əliyev Azərbaycançılıq ideologiyasını məhz bu kontekstdə təqdim etmiş və məsələnin mahiyyətini bu cür müəyyənləşdirmişdir".
 
 Hikmət Babaoğlu vurğulayıb ki, sahib çıxılan milli dəyərlər üzərinə qəlbdən gələn universal dəyərlərin əlavə olunması yolu ilə fərdin, cəmiyyətin və dövlətin hərtərəfli inkişafına nail olunması da bu ideologiyanın əsas hədəflərindən biridir:
 
"Diqqətlə yanaşdıqda görürük ki, bu ideoloji modeldə birinci sırada təməl və mühafizəkar dəyərlər dayanır ki, bu da konservatizmi ifadə edir. İkinci komponent isə universal dəyərlərdir ki, bunlar müasirlik, modernizm və açıq cəmiyyət prinsipləri ilə səciyyələnir. Beləliklə, Azərbaycançılıq ideologiyasının daxilində özünəməxsus bir daxili struktur formalaşır. Bu strukturu eyni zamanda sosial bir düstur kimi də xarakterizə etmək olar: mühafizəkarlıq, yəni konservatizm üzərində qurulan modernizm nəticə etibarilə neo-konservatizm modelini meydana çıxarır. Məhz bu sosial-siyasi struktur bu gün Qərb ölkələrinin bir çoxunda cəmiyyətin və dövlətin dayanıqlığını təmin edən, xalqları dövlətlər ətrafında birləşdirən dəyərlər sisteminin əsasını təşkil edir.
 
Bu mənada Azərbaycançılıq ideologiyası bizim milli neo-konservatizm ideyalarımızın ifadəsidir. Onun unikallığı milli dəyərlərlə dini dəyərlərin vəhdətində, eyni zamanda modern dəyərlərə açıq olmaq prinsiplərində təzahür edir. Bu xüsusiyyətlər Azərbaycançılığı Azərbaycan dövləti və Azərbaycan dövlətçiliyi üçün əsas ideoloji dayağa çevirir. Burada həm milli həmrəylik, həm səfərbərlik, həm də dövlət ətrafında birləşmə ideyası mövcuddur".
 
Millət vəkili fikirlərinə əlavə olaraq qeyd edib ki, eyni zamanda Azərbaycanlı sosial üst kimliyini müəyyən edən əsas paradigmalar da məhz bu ideologiya çərçivəsində formalaşır:
 
"Bütün bu amillər bu gün hüquqi dövlət kimi xarakterizə etdiyimiz, milli hüquqi dövlət olan Azərbaycan Respublikasının ideoloji-siyasi və hüquqi əsaslarını müəyyən edir. Şübhəsiz ki, bu yanaşmanın nə qədər dəyərli olduğu 44 günlük Vətən müharibəsi zamanı bir daha özünü sübut etdi. Çünki əsrlər boyu formalaşan və 1990-cı illərin əvvəllərində Heydər Əliyev tərəfindən vahid milli və ideoloji konsepsiya kimi irəli sürülən bu dəyərlər Azərbaycan xalqının milli şüurunun real tələbatına uyğun olduğu üçün dərhal mənimsənildi və praktik müstəvidə öz təsdiqini tapdı. Məhz bunun nəticəsində biz 44 günlük müharibə zamanı hansı gücə və potensiala malik olduğumuzu bütün dünyaya nümayiş etdirdik.
 
Hazırda Azərbaycançılıq ideologiyasını milli neo-konservatizm modeli kimi qiymətləndirə bilərik və zaman keçdikcə bu ideologiyanın daxilində keyfiyyət dəyişikliklərinin baş verməsi tamamilə təbiidir. Necə ki, bütün sahələrdə inkişaf prosesi davam edir, eləcə də milli məqsədlərə yanaşmada dinamik inkişaf tendensiyaları müşahidə olunmalıdır. Əgər bu gün Azərbaycan dövləti keyfiyyət etibarilə dövlətçiliyinin yeni tarixi mərhələsinə qədəm qoyubsa, yeni şərtlər formalaşıbsa, Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu, rolu və gücü artıbsa, bu halda yeni tələblərə uyğun olaraq ideoloji konsepsiyamızın da keyfiyyət baxımından yenilənməsi zəruridir.
 
Bu prosesdə üzərimizə düşən əsas vəzifələrdən biri təhsil, media və vətəndaş cəmiyyəti institutları vasitəsilə aktual milli sifarişi dəstəkləyən genişmiqyaslı maarifləndirmə işlərinin aparılmasıdır. Nəticə etibarilə, vərdiş etdiyimiz və həyat tərzinə çevirdiyimiz Azərbaycançılıq ideologiyası öz müasirliyini qorumaqla yanaşı, ideoloji və ictimai yenilənmə funksiyasını daha da zənginləşdirməlidir. Bunun üçün ilk növbədə təhsildə bu məsələlərə xüsusi diqqət yetirilməli, vətəndaş cəmiyyəti institutlarının hər biri bu istiqamətdə öz üzərinə düşən vəzifəni müəyyən etməli və bu dəyərləri müxtəlif vasitələrlə təbliğ etməlidir.
 
Çünki məhz bu dəyərlər Azərbaycan cəmiyyətinin həm milli şüurunu, həm də siyasi şüurunu formalaşdırır. Milli şüur kütləvi xarakter daşıdığı halda, siyasi şüur onun avanqardını, yəni elitar və qərarverici hissəsini təşkil edir. Aktiv xarakterinə görə siyasi şüur cəmiyyətin siyasi prosesləri necə dərk edirsə, həmin proseslər milli şüurda da eyni şəkildə əks olunur. Buna görə də bu istiqamətdə qətiyyətli və ardıcıl addımlar atılmalıdır. Nəticədə Azərbaycançılıq ideologiyası yalnız müstəqil Azərbaycan Respublikasının inzibati sərhədləri ilə məhdudlaşmamalı, bütövlükdə 50 milyonluq Azərbaycan xalqının düşüncə tərzinə və milli təfəkkürünə çevrilməlidir. Bu ideologiya siyasi şüur səviyyəsində formalaşmalı və dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının siyasi şüuru müstəqil Azərbaycanda yaşayan azərbaycanlıların siyasi şüuru ilə identik, bənzər və bir-birini tamamlayan mahiyyət daşımalıdır ki, gələcəkdə daha böyük milli məqsədlərə nail olmaq mümkün olsun".
 
Pərvin Şakirqızı
 
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycançılıq ideyasının təbliği" mövzusunda hazırlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər