“Rza Pəhləvi müəyyən azərbaycanlı çevrələrlə də əlaqə yaratmağa çalışıb... Təəssüf ki...”
Ekskluziv
54
11:11, Bu gün

“Rza Pəhləvi müəyyən azərbaycanlı çevrələrlə də əlaqə yaratmağa çalışıb... Təəssüf ki...”

“Əgər Pəhləvi ilə görüşlər baş tutursa, bunun səbəblərindən biri alternativ fiqurların zəifliyi və ya mövcud olmamasıdır...”
 
“Təəssüf ki, Qərbin İran üçün lider axtarışları xaricdə yaşayan dissident azərbaycanlıların fəaliyyətinin nə qədər yetərsiz olduğunu da üzə çıxardı...”
 
“Ümumilikdə, Pəhləvinin hakimiyyətə gətirilməsi real ssenari kimi görünmür. Bu, təkcə onun şəxsi keyfiyyətləri ilə bağlı deyil, həm də İranda sistemin həqiqətən dəyişib-dəyişməyəcəyi məsələsi ilə əlaqədardır...”
 
“ABŞ prezidenti Donald Trampın göstərişi ilə xüsusi elçi Stiv Uitkoffun sonuncu İran şahının oğlu Rza Pəhləvi ilə görüşü haqda hansı məlumatlarınız var? Bu günlərdə Amerikanın nüfuzlu “Politico” nəşri də son illər müxalif fiqur kimiu fəallaşan və İsrailin də hakim dairələri tərəfindən müəyyən dəstək alan şahzadə barədə geniş bir təhlil dərc edib. Görəsən, Ağ Evdə doğrudanmı inanırlar ki, Pəhləvi İranda hakimiyyətə gələ bilər?”
 
Bu suallarla müraciət etdiyimiz ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli Moderator.az-a açıqlamasında aşağıdakı fikir və mülahizələri nəzərə çatdırıb:
 
“Açıq mənbələrdə Pəhləvi ilə görüşlərlə bağlı müxtəlif məlumatlar yayılsa da, rəsmi və təsdiqlənmiş strateji razılaşma barədə konkret dəlillər mövcud deyil. ABŞ administrasiyalarının mühacir müxalifət nümayəndələri ilə təmas saxlaması yeni hal deyil və bu, avtomatik olaraq hakimiyyət dəyişikliyi planı anlamına gəlmir...
 
Qeyd etmək lazımdır ki, əgər Pəhləvi ilə görüşlər baş tutursa, bunun səbəblərindən biri alternativ fiqurların zəifliyi və ya mövcud olmamasıdır. İrandan uzun illər əvvəl çıxmış dissidentlər az deyil, lakin onların heç biri özünü ümummilli (heç olmasa regional) lider kimi qəbul etdirə bilməyib. Pəhləvi onlardan daha populyar deyil və hər hansı aktiv siyasi təşkilata da malik deyil. Lakin keçmiş şahın oğlu kimi müəyyən legitimlik iddiası irəli sürür. Müəyyən xarici güclər də onu bu çərçivədə təqdim edərək legitimləşdirmə cəhdləri göstərirlər. Ancaq onların bu istiqamətdə ciddi uğur əldə etdiyini söyləmək çətindir.
 
Ümumilikdə, Pəhləvinin hakimiyyətə gətirilməsi real ssenari kimi görünmür. Bu, təkcə onun şəxsi keyfiyyətləri ilə bağlı deyil, həm də İranda sistemin həqiqətən dəyişib-dəyişməyəcəyi məsələsi ilə əlaqədardır. Doğrudur ki, İranın əleyhdarları ölkədə daha ilıq – moderat – bir rejim görmək istəyirlər: Onlar Iranda ABŞ-la daha uyğun işləyən və İsrail üçün təhlükə yaratmayan bir hakimiyyət modeli yaratmaq istəyirlər. Belə bir rejimin İsrailə təhlükə yaradan bütün regional elementlərə dəstəyi dayandırması gözlənilər. Pəhləvi müxtəlif çıxışlarında bu istiqamətdə siqnallar verib. Bu baxımdan onun ABŞ–İsrail xətti üçün uyğun fiqur kimi görülməsi təbiidir... 
 
Digər tərəfdən, İran daxilində əvvəllər müşahidə olunmayan müəyyən siyasi proseslər gedir. Məsələn, bəzi müxalif etnik qüvvələr birləşmə istiqamətində addımlar atırlar. Bu, ölkədə siyasi dəyişiklik ehtimalının artdığını göstərir və ya ən azı müxalif qüvvələrin buna inandığını nümayiş etdirir. Fevralın 22-də müxalif kürd təşkilatlarının 6-ndan 5-i rejimə qarşı mübarizədə birləşdiklərini bəyan ediblər. Onların İsrail və ABŞ ilə müəyyən təmaslarının olması ehtimalı istisna edilmir. Eyni şəkildə, ABŞ və İsrailin digər müxalif etnik təşkilatlarla da əlaqələr qurmağa çalışdığı barədə iddialar mövcuddur...
 
Azərbaycanlılara gəldikdə isə, mediada gedən bəzi məlumatlara görə, Pəhləvi müəyyən azərbaycanlı çevrələrlə də əlaqə yaratmağa çalışıb. Bu məsələ cəmiyyət daxilində birmənalı qarşılanmır. İranın ən böyük sosial dayaqlarından biri olan azərbaycanlıların proseslərdə ikinci dərəcəli qüvvə kimi görünməsi haqlı olaraq müəyyən narahatlıq doğurur. Təəssüf ki, Qərbin İran üçün lider axtarışları xaricdə yaşayan dissident azərbaycanlıların fəaliyyətinin nə qədər yetərsiz olduğunu da üzə çıxardı...
 
Ümumən, etnik qüvvələrlə təmasların ABŞ–İsrail xəttində formalaşan strategiyanın bir hissəsinə çevrildiyi müşahidə olunur. Sanki yeni strateji yanaşma İran rejiminə təkcə xaricdən deyil, daxili faktorlar vasitəsilə də təzyiq göstərmək istiqamətinə yönəlir. Bununla belə, əsas məqsədin rejim dəyişikliyi olub-olmadığını fevralın 26-da keçirilməsi gözlənilən danışıqların nəticəsindən sonra daha aydın qiymətləndirmək mümkün olacaq.
 
Əgər belə bir hədəf mövcuddursa, alternativ ssenarilərin hazır olması da vacibdir. Pəhləvinin adı bu alternativlər arasında çəkilsə də, onun güclü və geniş daxili dayaqlara malik lider olduğunu demək çətindir. Ümumiyyətlə, bu durumda xaricdə tanınan siyasi fiqurun ölkə daxilində real təşkilatlanmış dayaqlara malik olub-olmaması əsas məsələdir. Yenə də qeyd edək ki, Ağ Evdən Pəhləvinin İranda hakimiyyətə gələ biləcəyinə dair verilmiş açıq və təsdiqlənmiş hər hansı məlumat yoxdur. İddialar doğru çıxarsa və Pəhləvi İranda hakimiyyətə gətirilərsə, onun uzunmüddətli uğur qazanacağına inanmaq üçün ciddi əsas görünmür...”
 
Təqdim etdi:
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər