“Ortada İsrail faktoru olmasaydı, ABŞ-la İranın...”  
Ekskluziv
79
16:16, Bu gün

“Ortada İsrail faktoru olmasaydı, ABŞ-la İranın...”  

“Regionda ritorika sərtləşsə də, tərəflər hələlik birbaşa və genişmiqyaslı hərbi toqquşmadan yayınmağa çalışırlar. ABŞ-ın İranı tammiqyaslı hərbi əməliyyatla hədəfə alması ehtimalı aşağı qiymətləndirilir...”
 
“Görünən odur ki, ABŞ 2003-cü il İraq müharibəsindən bu yana bölgəyə bu qədər güc toplamamışdı. Hər halda, Ağ Ev buradan müəyyən siyasi nəticə əldə etməyə çalışacaq. ABŞ bunu ya gücdən məhdud miqyasda istifadə etməklə, ya da bölgəyə topladığı hərbi potensial vasitəsilə Tehrana təzyiq göstərərək həyata keçirməyə cəhd edə bilər. Hazırda isə İran ətrafında formalaşmış vəziyyəti “idarə olunan gərginlik” mərhələsi kimi xarakterizə etmək olar. Regionda ritorika sərtləşsə də, tərəflər hələlik birbaşa və genişmiqyaslı hərbi toqquşmadan yayınmağa çalışırlar.”
 
ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli bu fikirləri Moderator.az əməkdaşının "İran ətrafında yaranmış hərbi-siyasi durum haqda gəldiyiniz nəticələr nədən ibarətdir? ABŞ-ın bu ölkəyə genişmiqyaslı hücum ehtimalı nə qədərdir, sizcə?” suallarını cavablandırarkən ortaya qoyub.
 
Tədqiqatçı alim hesab edir ki, ABŞ-ın İranı tammiqyaslı hərbi əməliyyatla hədəfə alması ehtimalı aşağı qiymətləndirilir: 
 
“Bunun əsas səbəbləri regional müharibənin yüksək siyasi və iqtisadi xərcləri, eləcə də İranın cavab potensialıdır. İranın cavab potensialı 12 günlük müharibə zamanı da özünü göstərmişdi. Bununla belə, məhdud xarakterli əməliyyatlar və ya dolayı qarşıdurma formaları tamamilə istisna edilə bilməz...”
 
“Ümumilikdə, hazırkı mərhələdə tərəflərin eskalasiyanı müəyyən hədd daxilində saxlamağa çalışdığı müşahidə olunur. Ortada İsrail faktoru olmasaydı, bu müzakirələrdən ABŞ-la İranın müəyyən məqamlarda əməkdaşlıq edən tərəflər kimi çıxması da imkansız görünməzdi. Lakin reallıq kifayət qədər ciddi bir gərginliyin mövcudluğundan xəbər verir”, - deyə Əli Əskərli diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər