"Müharibə yeni, texnoloji baxımdan daha təhlükəli mərhələyə qədəm qoyur..."
Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin dördüncü ilinin tamamında cəbhədə vəziyyət dəyişib və Moskvanın üstünlüyü artıq mütləq görünmür.
Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.
Qərb rəsmiləri və analitiklər hesab edirlər ki, Vladimir Putin üçün qələbə ssenarisi əvvəlki kimi qaçılmaz deyil. Zaporojye istiqamətində Ukraynanın məhdud əks-hücumları Rusiyanın müdafiəni yarmaqda və irəliləməni genişləndirməkdə ciddi çətinlik çəkdiyini göstərir.
Kiyevin məqsədi geniş əraziləri dərhal qaytarmaqdan çox, zəif nöqtələrə zərbə vuraraq Moskvanı digər cəbhələrdən qüvvə çəkməyə məcbur etməkdir. Almaniya kansleri Fridrix Merts Ukraynanın müdafiəsinin tez-tez deyildiyindən daha effektiv olduğunu bildirib. "The Independent" yazır ki, son ayda Ukrayna qüvvələri təxminən 400 kvadrat kilometr ərazini və səkkiz yaşayış məntəqəsini nəzarətə götürüb.
İnsan itkisi və səfərbərlik problemi
Qərb kəşfiyyatına görə, Rusiyanın ümumi itkiləri 1,2-1,25 milyon nəfərə çatıb, 300 mindən çox hərbçi həlak olub. Böyük Britaniyanın silahlı qüvvələr naziri Al Karns bildirib ki, bu rəqəm ABŞ-ın bütün İkinci Dünya müharibəsindəki itkilərindən çoxdur.
Son üç ayda Rusiya cəbhədə itirdiyindən az hərbçi cəlb edir. Aylıq 30-35 min nəfərlik səfərbərlik itkiləri kompensasiya etmir və bu meyl Kreml üçün həm hərbi, həm də daxili siyasi risklər yaradır. Finlandiyanın hərbi kəşfiyyat rəhbəri Pekka Turunen isə qeyd edir ki, Rusiya hələ də Ukraynadan çox yeni hərbçi toplayır, lakin ümumi dinamika Moskvanın xeyrinə deyil.
Dron müharibəsi və enerji təzyiqi
Rusiya ordusu əsasən piyada "infiltrasiya qrupları" və dronların dəstəyi ilə irəliləməyə çalışır ki, bu da ağır itkilərlə nəticələnir. 2025-ci ildə Moskva orta mənzilli pilotsuz aparatlar sahəsində üstünlük qazansa da, SpaceX şirkətinin "Starlink" terminallarını sıradan çıxarması bu üstünlüyü zəiflədib.
Londonda yerləşən "Chatham House" mərkəzində çıxış edən Ukraynanın Böyük Britaniyadakı səfiri, keçmiş baş komandan Valeri Zalujnı bildirib ki, müharibə artıq "avtonom dron sürüləri" mərhələsinə keçir və döyüş meydanı 25 kilometrlik "robotlaşdırılmış məhvetmə zonasına" çevrilir.
Eyni zamanda enerji infrastrukturu əsas hədəflərdən biridir. Rusiyanın əsas ixrac markası olan "Ural" nefti beynəlxalq "Brent" etalonuna nisbətən ciddi endirimlə satılır və sanksiya təzyiqi artır.
Ukrayna prezidenti Vladimir Zelenski BBC-yə müsahibəsində bildirib ki, Putin "artıq Üçüncü dünya müharibəsini başlayıb" və Moskva üzərində hərbi-iqtisadi təzyiqin gücləndirilməsinin vacibliyini vurğulayıb. Dörd ildən sonra mənzərə göstərir ki, həlledici dönüş baş verməsə də, Rusiyanın qələbəsi əvvəlki kimi qaçılmaz görünmür və müharibə daha təhlükəli, texnoloji mərhələyə keçir.