“ABŞ-ın oraya gətirdiyi quru qüvvələrinə baxsaq, İraq savaşı dövründə 150 minə qədər piyada toplanmışdı, amma hazırda bölgədə təxminən 30-40 min civarında ABŞ əsgəri mövcuddur. Bu da göstərir ki, İranla baş verə biləcək bir müharibə iki şəkildə ola bilər...”
“İran ətrafındakı son vəziyyət, əlbəttə ki, çox gərgindir. Bir yandan bölgədə və regionda olan ABŞ hərbi qüvvələrinin və texnikasının toplanmasını görürük ki, bu da bizə İraqa qarşı 2003-cü il müharibəsini xatırladır. Hərçənd o dövrdə bölgədə 4 və ya 6 aviadaşıyıcı gəmi vardı. Və ondan sonra 2007-2008-ci illərdə, həmçinin 2017-ci ildə də ABŞ-ın hərbi qüvvələrinin və loqistik baxımdan da bölgədə eyni şəkildə cəmləşməsini müşahidə etmişdik”.
Bunu Moderator.az-a açıqlamasında İran ətrafında baş verən son hərbi-siyasi proseslərdən danışan Güney Azərbaycanlı Jurnalist və beynəlxalq əlaqələr üzrə ekspert, jurnalist, Almaniyanın Köln Universitetinin professoru Rıza Talebi bildirib.
Ekspert hesab edir ki, Amerika qüvvələrinin regiondakı “budəfəki cəmləşməsi dənizdə və havada olsa da, əvvəla, əsasən hava müdafiə raketləri ABŞ-ın regiondakı, xüsusilə də ərəb ölkələrindəki bazalarını qorumaq məqsədilə toplanıb. İkincisi də, ABŞ-ın oraya gətirdiyi quru qüvvələrinə baxsaq, İraq savaşı dövründə 150 minə qədər piyada toplanmışdı, amma hazırda bölgədə təxminən 30-40 min civarında ABŞ əsgəri mövcuddur. Bu da göstərir ki, İranla baş verə biləcək bir müharibə iki şəkildə ola bilər: ya məhdud miqyaslı bir hücum olacaq, ya da kollektiv şəkildə hücum edilərsə, bu əsasən İsrail vasitəsilə həyata keçiriləcək. ABŞ isə burada logistika və hava müdafiəsi sahəsində dəstək verəcək. Misal olaraq, “Cerald Ford” təyyarədaşıyıcı gəmisi Aralıq dənizində, “Avraam Linkoln” gəmisi isə Ərəbistan və ya Oman dənizindən hücuma dəstək verəcək. Yəni həmin gəmilər vasitəsilə “Tomahavk” raketləri və digər vasitələrdən istifadə ediləcək”.
Ardınca Rıza Talebi belə deyib:
“Bəs bu əməliyyatların hədəfləri nələr ola bilər? Əgər məhdud bir əməliyyat olarsa, həmin hədəflər “SEPAH” qüvvələri və bazaları, Əli Xamenei və ona bağlı şəxslər ola bilər. Bu zərbələrin nəticəsi nə ola bilər? Rejim bu şəkildə dağıla bilərmi? Bu da bir çətin sualdır. Hətta ABŞ Dövlət katibi Mark Rubio da Konqresdə bu suala cavab verməkdə çətinlik çəkdi. Çünki hər an İran daxilində vətəndaş müharibəsinin də başlaması ehtimalı da var. Bu da onunla nəticələnə bilər ki, rejim hakimiyyətdən getməsin və ölkədə Suriya variantı yaransın. Yəni vətəndaş savaşı illərlə davam etsin. Və yaxud bu hücumlarla, xüsusilə nöqtə zərbələri ilə paralel olaraq, ölkə daxili ilə bir koordinasiya şəraitində rejimin dəyişməsi mümkün ola bilər.
Üçüncü variantda ABŞ tərəfindən eyni təzyiq davam edər və bu, İranda etirazların getdikcə artmasına və nəticədə inqilaba və çevrilişə səbəb ola bilər. Lakin digər tərəfdən, göründüyü kimi, müzakirələr də davam edir. Ancaq bu danışıqların nə qədər güclü olduğu hələ də bəlli deyil. Çünki İran proksi-qüvvələrə dəstəkdən əl çəksə də, ballistik raket istehsalı məsələsində geri çəkilməyib.”
Güneyli jurnalistin sözlərinə görə, İranın gələcək taleyi üçün digər əsas məsələlərdən biri də nüvə məsələsidir:
“MAQATE rəhbəri Rafael Qrossi tərəfindən verilən təklifə görə, İran simvolik olaraq uranın zənginləşdirməsini davam etdirə bilər. Amma həmin zənginləşmə 0.6 və ya 3.6%-dən yüksək olmamalıdır. Eyni zamanda bu proeses atom enerjisi ekspertləri tərəfindən nəzarət altında olmalıdır. ABŞ bu təklifi qəbul edərmi-etməzmi- bunu da demək çətindir, çünki İranın mövqeyi bu məsələdə zəifdir. Daxildə də şiddət səviyyəsində bir narahatlıq mövcuddur. Odur ki, ABŞ ilə həftə sonu Cenevrədə gözlənilən görüşlərdə iranlı diplomatların hansı mövqedən, necə çıxış edəcəkləri bəlli deyil. ABŞ ilə keçici bir anlaşma əldə ediləcəkmi, yoxsa heç bir irəliləyiş olmayacaq?”
Ekspert belə düşünür ki, ortada İsrail məsələsinin də olması İranın vəziyyətini daha da çətinləşdirir.
“Əgər İsrail ilə bir atəşkəs razılaşması baş tutmazsa, qeyri-rəsmi olsa da, ABŞ İranla anlaşa, amma İsrailin əlini açıq qoya bilər. Və nəticədə İsrailə hər hansı bir hücum olacağı halda onun özünü ötən dəfəki kimi müdafiə etmə imkanı da var. Bu baxımdan, əsas faktorlardan biri İsraildir”, -deyə Rıza Talebi vurğulayıb.
Sultan Laçın