“Postsovet respublikaların hamısında bu gizli siyasi xətt özünü göstərir və heç bir  ölkə bu təzyiqdən qaça bilmir...”
Ekskluziv
707
17:07, Bu gün

“Postsovet respublikaların hamısında bu gizli siyasi xətt özünü göstərir və heç bir  ölkə bu təzyiqdən qaça bilmir...”

“Rusiya iqtisadiyyatı bu saat demokratlaşsa, bircə anın içində V. Putinı şampan butulkasındakı probka kimi Kremldən bayıra atarlar...”
 
“Rusiyanın Ukraynaya təcavüzü dünyanın bütün geo-siyasi xəritəsini dəyişdi, üstəlik, Şərqdən-Qərbə, Şimaldan Qərbə gedən tranzit yollarını bağladı...”
 
Siyasi analitik Tahir Cəfərli  Moderator.az-a dünyada  baş verən hadisə və proseslərə fərqli baxışlarla müşayiət olunan növbəti maraqlı müsahibə verib.
 
(III hissə) 
(Əvvəli burada: )
 
-Ötən söhbətimizdə deyirsiz ki, “bizim bədbəxtliyimiz ondadır ki, biz indi demokratiyaya , vaxtilə kommunizmə inandığımız kimi inanırıq. Demokratiya oyunu ABŞ-ın dövlətçilik prinsipidir”. Düzdü, SSRİ-nin sosializmin ixracı adı altında ölkələri işğal etdiyi kimi, ABŞ da demokratiyanı ixrac etməyə çalışır. Amma hər halda Çörçill demiş, hələlik bəşəriyyət demokratik sistemdən uğurlu bir sistem icad etməyib. Maraqlıdır, bəs siz hansı sistemə üstünlük verirsiz, sovetlərin totalitar sosializminə, kommunizm nağılına, yoxsa Çinin hazırkı totalitar sosializminə?
 
-Mən sadaladığınız sistemlərdən heç birinə üstünlük vermirəm. Çünki ölkə demokratiyasının iqtisadi əsasları və bu əsasları qoruyan  bir-biri ilə rəqabət aparan ən azı iki siyasi partiya olmalıdır ki, bir-biri ilə iqtisadi maraqları uğrunda mübarizə aparsınlar. Çünki bu mübarizə olmasa, demokratiya ola bilməz... 
 
- “Demokratiyanın iqtisadi əsasları” deyəndə nəyi nəzərdə tutursuz?
 
-Hər şeydən əvvəl yaranmış siyasi partiyaların arxasında real iqtisadiyyat durmalıdır və onun əsasında müəyyən etməlidirlər ki, hakimiyyət uğrunda necə mübarizə aparsınlar ki, iqtisadi maraqlarını qorusunlar. 
Götürək ABŞ-ın iki aparıcı partiyasını: demokrat və respublikaçılar partiyaları ölkənin iqtisadi sistemlərinin maraqlarını qorumaq üçün yaradılmışdır. İngiltərədə də, Fransada və demək olar ki, bütün Avropada da belədir. Yəni orada da yetərincə iqtisadi gücə malik partiyalar bir-birləri ilə mübarizə aparırlar... 
 
O ki, qaldı Rusiyaya, orada belə sistem yoxdur və ola da bilməz. Çünki idarəçilik sistemi elə qurulub ki, bir nöqtədən idarə olunur, bu idarəçiliyə qarşı gedənləri isə o saat aradan götürürlər.  Deyə bilərsiniz ki, axı Rusiyada bir neçə nüfuzlu görünən partiya var. Əslində bunlar partiya deyil, partiyanın imitasiyasıdır, çünki arxalarında ciddi iqtisadi dayaq yoxdur. Dərinə getsək, hakim partiyanın cib itləridir... 
 
Götürək SSRİ-dən qalmış Rusiya  Kommunist partiyasını. Züqanov - partiyanın birinci katibi Rusiyanın bir nömrəli varlılarındandır. Rus xalqına yenə də kommunizm nağılı danışır. Əslində isə o, Putinin əlaltılarından biridir...  
 
Rusiya iqtisadiyyatı bu saat demokratlaşsa, bircə anın içində V. Putinı şampan butulkasındakı probka kimi Kremldən bayıra atarlar...
 
Çində də vəziyyət oxşardır. Ancaq Çin idarəçiliyi Rusiya idarəçiliyindən fərqlənir. Bu dövlətin sosializm ideologiyası olduğundan dövlət idarəçiliyi iqtisadi tələblərə uyğunlaşdırılır. Çin iqtisadiyyatının  yüksək templərlə inkişafı onu göstərir ki, demokratiyadan və diktaturadan asılı olmayaraq ölkəni ağıllı iqtidar idarə etməlidir ki, ölkə inkişaf etsin... 
 
-Demokratiya olmayan öılkədə ağıllı iqtidar yetişə bilərmi?
 
-Bütün hallarda  iqtidar ölkənin iqtisadi maraqlarından çıxış etməlidir ki, ölkə  inkişafdan qalmasın,
Süni demokratiya, yəni iqtisadi əsası olmayan demokratiya oyunu ölkəni viran qoyar, çünki yaranmış qurumlar ölkəmizə deyil, başqa ölkələrin maraqlarına xidmət edəcəklər. Buna siyasətdə “demokratiya oyunbazlığı” deyilir, ”kommunizm oyunbazlığı” olduğu kimi...
 
Yadınıza 1992-ci il mart və may  dövlət çevrilişlərini salıram. Demokratik dəyərlərə inanan Azərbaycanın ilk Prezidenti demokratik seçkilərə getdi, Sonra Dövlət Şurası yaratdı, nəzərə almadı ki, bu Şurada oturanların  çoxunun belləri 9-dan artıq dövlətə bağlanıb. O ölkələrə ki, inkişaf edən ölkə kimi BMT-yə qəbul olmuş Azərbaycanın  inkişafını dayandırmağa hazırdırlar... Nəticəsi dövlət çevrilişi ilə qurtardı. İndiki Musavat “lideri”nın o dövrdə qəzetlərə verdiyi müsahibəni xatırlayın: “Biz 9 ölkə ilə danışıqlar aparıb, hakimiyyətə gəlmişik!” Həmin bu hakimiyyətə gəlmişlər, bir ilin ərzində Azərbaycanın bütün sənaye obyektlərini “demokratiya” adıyla darmadağın etdilər. Nəticədə Azərbaycan geriyə qalmış ölkəyə çevrildi.  Bunları yada saldıqca anlayırsan ki, Azərbaycanda demokratlaşma onun ancaq iqtisadiyyatına söykəməli və konkret iqtisadi islahatlara arxalanmalıdır. 
 
İnanırıq ki, bu saat ölkəmizdə Prezident İlham Əliyevin apardığı iqtisadi və siyasi islahatlar ölkənin demokratikləşməsini tamlığı ilə həyata keçirəcəkdir, Əlbəttə ki, demokratik prinsiplərin iqtisadi əsaslarını təmin etməklə...
 
-Hazırda dünyada gedən iqtisadi-siyasi proseslərdə üstünlük kimdədir; demokratik dəyərlərə üstünlük verənlərdə, yoxsa?
 
-Dünyada gedən geo-siyasi proseslərə obyektiv yanaşmaq üçün heç bir oyunçunu o biri oyunçudan üstün tutmamalıyıq, çalışmalıyıq ki, onların iqtisadi maraqlarından irəli gələn mövqelərini müəyyən edək, hətta zəhləmiz gedən ölkənin də harada haqlı, harada  haqsız olduğunu göstərməliyik. Hadisələrə birtərəfli yanaşma həqiqəti heç vaxt üzə çıxara bilməz. Bu da bir həqiqətdir ki, dünya bir-birini inkar edən qüvvələrin vəhdəti  sayəsində inkişaf edir. Bu proses indi daha aydın  şəkildə  gözə dəyir. Odur ki,  dünya  bu saat iki geo-siyasi qütblülüyə doğru iri addımlarla gedir. Belə olduğu halda bir-birinə qarşı gedən qüvvələr özlərindən asılı olmayaraq  ölkələrinin iqtisadi və siyasi inkişafına ciddi təkan verirlər və beləliklə, geo-siyasi balansı saxlaya bilirlər. 
 
Bir qütblülük bir fövqəl dövlətin ağalığıdır və bu ağalığa son qoymaq üçün başqa dövlətlər ikinci düşərgədə birləşməklə onun diktəsindən çıxmağa çalışırlar. Dərinə getsək, birinci olaraq Amerikanın təkhakimliyinə  qarşı ilk dəfə Avropa İttifaqı çıxmağa başladı və dollar diktəsindən çıxmaq üçün avronu dövriyyəyə saldı. Bu balaca hadisə deyildi. Bu, ABŞ-ın həmin birliyə qarşı maliyyə diktəsinin üstündən xətt çəkirdi və Aİ-yə avro ilə dünya ticarətinə daxil olması üçün  geniş imkanlar yaradırdı. Bu ölkələr arasında Rusiya birinci yerdə idi və avro bu ölkəni Aİ-nın xammal bazasına çevirmişdi. Və belə getsəydi, Aİ ABŞ-dan da güclü dövlətlər birliyinə çevrilə bilərdi.  Amerika analitik və siyasətçiləri bunu görürdü və nəyin bahasına olursa-olsun  Rusiya ilə Aİ arasında iqtisadi əlaqələrə son qoymağa  çalışırdılar. Rusiya və Aİ-yə qarşı sanksiyaları və ikincinin birinciyə qarşı hibrid müharibə aparması ABŞ iqtisadiyyatını dirçəltsə də, paradoks olsa da, Rusiyanın da hərbi sənaye komplekslərini konservasiya vəziyyətindən çıxardı. Rusiya   müharibə edərək UDM-i bir neçə dəfə artırmaqla varlanmağa başladı. Yeni silahlar və raketləri ortaya çıxardı...  
 
 Ötən söhbətimizdə dediyimiz kimi, Rusiyanın Ukraynaya təcavüzü dünyanın bütün geo-siyasi xəritəsini dəyişdi, üstəlik, Şərqdən-Qərbə, Şimaldan Qərbə gedən tranzit yollarını bağladı. Ən əsası, günbəgün güclənən və fövqəl dövlətə çevrilən Çinin Ukraynadan gedən və Aİ ölkələrinin sənaye nəhənglərin işləməsi üçün göndərilən yüklərin çatmamasını təmin etdi. Aİ iqtisadiyyatına Çində gələn, daha doğrusu, bütün Şərq –Qərb tranzitindən  gələn yüklərin qarşısını aldı...
 
İndi dünya ictimaiyyəti dərk edir ki,Ukrayna müharibəsinin mahiyyəti elə bununla bağlıdır. Ukraynadakı dövlət çevrilişini ABŞ xüsusi orqanları və analitik mərkəzləri etmişlər. Rəngli inqilabların ssenaristi Cin Şarpın kitablarında bu açıq şəkildə öz əksini tapmışdır...  
 
Mövzudan uzaqlaşmayaq. ABŞ-ın analitik mərkəzləri bu müharibə nəticəsində Rusiyanın güclənəcəyini Aİ-nin isə dağılacağından yazırlar... 
 
-Dünyanı idarə edən ABŞ niyə bu yolu seçdi?
 
-Çünki Avropa İttifaqının dağılması ABŞ-ın  geo-siyasi marağında idi. Rusiyanın isə yox! Çünki Rusiya Aİ ilə bütün sahələrdə iqtisadiyyatına inteqrasiya olunmuşdu. Məcbur olub Ukraynada müharibə gedən Rusiyanın Avropaya gedən tranzit yolları da bir-birinin ardınca bağlanılırdı. İstər neft-qaz, istərsə yük daşımaları. Ukrayna yolunun bağlanması ilk növbədə  Çindən Avropaya göndərilən maşın və avadanlıqların qarşısını alırdı. Bütün dünya bilirdi ki, bu və ya digər maşın və cihazlar  Avropanın sənaye ocaqlarında  Çindən gələn detallar və avadanlıqlarla yığılırdı. ABŞ bu yolları kəsdi. Odur ki, Çinə iqtisadi inteqrasiya olmuş Avropanı bir çox sənaye nəhəngləri də gücdən düşdü...
 
Avropadan sonra ABŞ siyasətçiləri geo-siyasi rəqib kimi Çini görür. Maraqlısı budur ki, ABŞ analitikləri qeyd edirlər ki, istəsələr də, istəməsələr də Ukraynada müharibəni davam etdirməlidirlər ki, Şərq-Qərb tranzitləri işləməsin. Digər tərəfdən, belə düşünürlər ki, bu müharibə Rusiyanın gücləndirir və dağılmağa qoymur. Onlar elə fikirləşirlər ki,  Rusiya Federasiyası dağılsa, ondan ayrılacaq respublikalar o saat Çinin təsirinə düşəcəklər və bu ölkə daha da güclənəcək...
        
Belə çıxır ki, Ukrayna müharibəsi Çinlə Avropa ittifaqı arasında olan tranzit  yollarının dağıdılması ilə bağlıdır. Ukrayna müharibəsi bu yolların işləməsini qoymur. Bundan əlavə ABŞ çalışır ki, bütün tranzit yollarını tamlığı ilə nəzarətdə saxlasın. Bəziləri ölkəyə gələn tranzit yollarının işləməməsini sərhədlərin bağlanması ilə izah edirlər. Həqiqət isə başqadır. ABŞ-ın təzyiqidir, çünki fikir versəniz, daşınacaq yüklərin Çindən Avropaya göndərildiyini görərsiniz. ABŞ onların Aİ-yə və başqa ölkələrə  çatmamasını istəyir, odur ki, kiçik dövlətlərə təzyiq edir və yolları bağlayır. Postsovet respublikaların hamısında bu gizli siyasi xətt özünü göstərir və heç bir  ölkə bu təzyiqdən qaça bilmir. Çünki ABŞ-ın əlində istənilən qədər təzyiq vasitələri var - sanksiyalardan tutmuş, devalvasiyaya qədər...
 
 ( Davamı var)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər