"ABŞ təzyiqlərinə baxmayaraq, Ukrayna üçün müharibənin sonu yaxın görünmür..."
Vaşinqtonun diplomatik təşəbbüslərinə baxmayaraq, Ukraynada müharibənin başa çatması hələ real görünmür.
Moderator.az xəbər verir ki, bu barədə "ap.com" agentliyi yazıb.
Ukraynalı rəsmilər bu qışı müharibənin ən ağır dövrü adlandırırlar. Ötən ay Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı 1418 günü keçdi - bu, İkinci Dünya müharibəsində Berlinə qədər irəliləyən sovet ordusunun tarixindən də uzun müddətdir.
Agentlik qeyd edir ki, 2022-ci ilin fevralında Kiyevi ələ keçirə bilməyən Moskva uzunmüddətli, mövqelər uğrunda gedən qanlı qarşıdurmaya başladı. Təxminən 2 milyon hərbçi ölüb, yaralanıb və ya itkin düşüb. Rusiya qüvvələri son iki ildə Donetsk vilayətində cəmi 50 km irəliləyə bilib, amma Vladimir Putin maksimalist tələblərindən geri çəkilməyib və Kiyevdən Moskvanın qanunsuz ilhaq etdiyi ərazilərdən qoşunlarını çıxarmağı tələb edir.
Enerji müharibəsi və Ukraynanın cavabı
Rusiya enerji infrastrukturuna zərbələri artırıb, şəhərlərdə elektrik kəsintiləri baş verib. Ukrayna isə uzaqmənzilli dronlarla Rusiyanın enerji obyektlərinə zərbə endirərək Moskvanın ixrac gəlirlərini azaldır.
Qara dənizdə Rusiyanın bir neçə hərbi gəmisi məhv edilib, donanma Krımdan Novorossiyskə köçürülüb. İyun ayında "Pautina" ("Hörümçək toru") əməliyyatı çərçivəsində Ukrayna dronlarla Rusiyanın uzaqmənzilli bombardmançı bazalarına zərbələr endirib.
ABŞ təzyiqləri və danışıqların çətinliyi
Donald Tramp sülh sazişi istəsə də, tərəflərin mövqeləri fərqlidir. Putin Ukraynanın geri çəkilməsini tələb edir, Zelenski isə mövcud cəbhə xətti boyunca atəşkəs istəyir. Zelenski hesab edir ki, Trampın açıq təzyiqi "ədalətsizdir", çünki eyni tələblər Rusiyaya ünvanlanmır. O, həmçinin ABŞ-dan təhlükəsizlik zəmanətləri istəyir və müharibənin iyunadək bitməsini gözləyir.
Ukraynanın mövqeyi və müharibənin gələcəyi
Zelenski bildirib ki, Ukrayna geri çəkilmək niyyətində deyil və mübarizəsini davam etdirəcək. Müharibənin yaxın zamanda başa çatması ehtimalı azdır, mövqelər sərtdir, itkilər ağırdır. Enerji və strateji infrastruktur uğrunda qarşıdurma davam edir, Ukrayna isə Qərbin hərbi və iqtisadi dəstəyi ilə döyüşləri davam etdirir.