"Ukrayna öz müstəqilliyi uğrunda mübarizə aparır və məhz bu fakt məğlubiyyət ehtimalını istisna edir..."
Ukrayna prezidenti Vladimir Zelenski müharibə, mümkün atəşkəs, ərazi güzəştləri və seçkilər məsələsində mövqeyini qəti və prinsipial şəkildə ortaya qoyub.
Moderator.az xəbər verir ki, bu barədə o, "bbc.com" nəşrinə müsahibəsində bəyan edib.
Qlobal təhlükə və sarsılmaz mövqe
Zelenski Rusiyanın irəli sürdüyü şərtləri rədd edir və bildirir ki, Ukrayna nə uduzur, nə də geri çəkilməyə hazırdır. O, açıq şəkildə bəyan edir: "Putin artıq Üçüncü Dünya müharibəsinə başlayıb". Onun fikrincə, məsələ yalnız Ukraynanın taleyi deyil - söhbət qlobal təhlükədən gedir.
Prezident hesab edir ki, Kreml rəhbərinin məqsədi təkcə torpaq işğalı yox, insanlara zorla "öz dünyasını" qəbul etdirməkdir. Buna cavab isə yalnız bir ola bilər: Rusiyaya qarşı hərbi və iqtisadi təzyiqin artırılması. "Biz müharibəni uduzuruqmu? Əlbəttə ki, yox", - deyə Zelenski vurğulayır. Onun sözlərinə görə, Ukrayna öz müstəqilliyi uğrunda mübarizə aparır və məhz bu fakt məğlubiyyət ehtimalını istisna edir.
Ərazi güzəştləri: torpaq yox, insanlar məsələsi
Rusiya tərəfi atəşkəsin şərti kimi Ukrayna ordusunun strateji ərazilərdən çıxmasını tələb edir - o ərazilərdən ki, Rusiya minlərlə itki versə də, onları tam ələ keçirə bilməyib. Söhbət Donbasın Ukraynanın nəzarətində qalan hissəsinin təxminən 20 faizindən, həmçinin Xerson və Zaporojye vilayətlərinin bəzi hissələrindən gedir. Zelenski bu tələbi "sadəcə torpaq məsələsi" kimi görmədiyini bildirir:
"Bu, sadəcə ərazi deyil. Bu, yüz minlərlə insan deməkdir. Oradan çıxmaq - mövqelərimizi zəiflətmək və insanlarımızı faktiki olaraq taleyin ümidinə buraxmaqdır. Bu, cəmiyyəti parçalamaqdır". Onun fikrincə, Putin üçün mümkün atəşkəs yalnız "fasilə" rolunu oynayacaq. Avropalı tərəfdaşlar hesab edir ki, Rusiya 3-5 ilə bərpa oluna bilər. Zelenski isə düşünür ki, bu müddət daha qısa - maksimum bir neçə ildir. Və əsas sual budur: sonra nə olacaq? "Onun davam etmək istəyəcəyi faktdır", - deyə prezident bildirir.
Qələbə nədir? 1991 sərhədləri və ədalət anlayışı
Zelenskinin qələbə anlayışı təkcə hərbi nəticə ilə ölçülmür. Onun fikrincə, Putini dayandırmaq və Ukraynanın işğalının qarşısını almaq artıq qlobal miqyasda qələbədir. "Bu gün Putini dayandırmaq - bu, dünyanın qələbəsidir". Bununla yanaşı, o, 1991-ci ilin sərhədlərinə qayıdışı strateji hədəf kimi saxlayır:
"Biz bunu edəcəyik. Bu, zaman məsələsidir. Amma əgər bunu bu gün etmək istəsək, milyonlarla insanı itirə bilərik. Ordunun ölçüsünü və bunun qiymətini anlayırıq". Prezident açıq etiraf edir ki, Ukraynanın kifayət qədər silahı yoxdur və bu məsələ tərəfdaşlardan asılıdır. Lakin 1991 sərhədlərinə qayıdış onun üçün təkcə siyasi qələbə deyil, "ədalətin qələbəsidir".
Tramp, təzyiq və təhlükəsizlik zəmanətləri
Müsahibədə ABŞ prezidenti Donald Trampla münasibətlər də gündəmə gəlir. Trampın Ukraynaya daha çox təzyiq göstərdiyi, ərazi güzəştlərini atəşkəsin açarı kimi gördüyü barədə fikirlər səsləndirilir.
Zelenski isə məsələyə daha geniş baxmağı təklif edir: "Söhbət təkcə prezident Trampdan getmir. Söhbət Amerikadan gedir. Prezidentlər dəyişir, institutlar qalır". Onun fikrincə, təhlükəsizlik zəmanətləri uzunmüddətli, məsələn, 30 illik olmalıdır və bu zəmanətlər ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir. Yəni məsələ şəxslər yox, dövlət institutları səviyyəsində həll olunmalıdır.
Seçkilər və legitimlik məsələsi
Rusiya narrativinə uyğun olaraq Zelenskinin legitimliyi də sual altına alınır. Halbuki Ukraynada seçkilərin keçirilməməsi müharibə dövründə tətbiq olunan hərbi vəziyyətlə bağlıdır. Zelenski seçkilərə prinsipial olaraq qarşı çıxmadığını bildirir: "Əgər bu, müharibənin bitməsi üçün şərtdirsə, keçirək. Amma dürüst və elə şəkildə ki, ilk növbədə Ukrayna xalqı onu legitim hesab etsin". O, açıq mesaj verir: ya tərəfdaşlar onu vəzifədən uzaqlaşdırmaq istəyir, ya da həqiqətən seçki keçirmək niyyətindədirlər - bu məsələ aydınlaşdırılmalıdır.
HHM sistemləri və "Patriot" məsələsi
Prezident müsahibədə ən ağrılı məsələlərdən birinə - hava hücumundan müdafiə sistemlərinə də toxunur. O, ABŞ-dan "Patriot" sistemləri və ya ən azı həmin sistemlərin raketlərini lisenziya əsasında Ukraynada istehsal etməyə icazə verilməsini istədiklərini deyir. "Bu gün ən çətin məsələ HHM-dir. Təəssüf ki, tərəfdaşlar hələ bizə lisenziya vermirlər". Niyə? - sualına isə belə cavab verir: "Bilmirəm. Təəssüf ki, cavabım yoxdur".
"Şahmat oyunu" və paralel yollar
Müsahibənin sonunda Zelenski müharibənin gələcəyi barədə danışarkən bunu "çoxsaylı liderlərlə oynanan şahmat oyunu" adlandırır. Onun fikrincə, bir düzgün yol yoxdur - paralel istiqamətlərdə addımlar atılmalıdır. "Bizim üçün uğur - Putini dayandırmaqdır".
Zelenskinin mövqeyi aydındır: atəşkəs güzəşt bahasına olmamalıdır, ərazi yalnız xəritə üzərində torpaq deyil, insan taleyidir, qələbə isə sadəcə hərbi nəticə yox, ədalətin və beynəlxalq təhlükəsizliyin bərpasıdır.