Məlum olduğu kimi, 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-a səfər əsnasında bir qrup radikalın təxribatı ilə üzləşib. Belə ki, Vaşinqton şəhərində yerləşən “Waldorf Astoria” mehmanxanasının qarşısında dövlət rəhbərliyinə qarşı qeyri-etik ifadələr səsləndirən təxribatçılar, qaydaları pozaraq mühafizə zonasına keçməyə cəhd göstəriblər. Lakin onların bu təxribatının qarşısı uğurla alınıb və etirazçılar ərazidən uzaqlaşdırılıb.
Paşinyan qarşısında susanlar İlham Əliyev qarşısında niyə quduza döndü?
Vaşinqton təxribatı ilə bağlı maraqlı nüanslardan biri Ermənistanın baş naziri Nikol Paşinyan qarşısında susan radikalların İlham Əliyev qarşısında quduza dönməsi, bütün əxlaqi-mənəvi sərhədləri aşmasıdır. Halbuki, radikalların İlham Əliyevi deyil, Paşinyanı hədəf alması hardasa daha anlaşılan və başadüşülən ola bilərdi. Ən azından ona görə ki, 44 günlük müharibədə şəhər və kəndlərimiz məhz Paşinyan rejiminin göstərişi ilə atəşə tutulub, günahsız insanlar məhz onun başında durduğu dövlətin ordusu tərəfindən qətlə yetriliblər. Bu mənada Azərbaycanın sülh siyasətinə sadiq olmasına baxmayaraq, radikalların bir fərd kimi Paşinyana etiraz etməsi daha məntiqli sayılardı. Məsələn, etirazçılar Paşinyana sual verə bilərdilər ki, niyə Şuşa kimi tarixi-mədəni şəhəri müharibə zamanı “İsgəndər”lərin hədəfinə çevirib? Niyə 30 il ərzində işğaldakı torpaqlarımız viran qoyulub, məscidlərimiz dağıdılıb, sərvətlərimiz yağmalanıb? Niyə Ermənistan konstitusiyasından Azərbaycanla bağlı ərazi iddialarının çıxarılmasını ləngidir və s.
Lakin biz Vaşinqton səfərində bütün bunların heç birinə şahid olmadıq. Şahid olduğumuz yeganə şey təxribatçıların İlham Əliyevin qaldığı otelə quduzca hücum etməsi, dövlət rəhbərliyinin ünvanına mənəviyyatla bir araya sıxmayan ifadələr işlətməsi oldu. Bu faktın özü Vaşinqton təxribatçılarının əsl niyyətini, kimlərə xidmət etdiyini, hansı məqsədlər güddüyünü ortaya çıxarır. Təxribatın ardınca ermənilərin ANCA təşkilatının və digər ermənipərəst dairələrin Azərbaycanın dövlət rəhbərliyinə yönəlik mənəviyyatsız hücumu müdafiə etməsi radikalların hansı qüvvələrin dəyirmanına su tökdüyünü isbat edir.
“Şuşa qatili”ni qoyub, “Şuşa fatehi”ni hədəf seçmək vətənə mənəvi xəyanətdir
Şübhəsiz, Vaşinqtonda baş verənlərin mahiyyəti izahsız, arayışsız da xalqa məlumdur. Hər kəs yaxşı başa düşür ki, baş verənlər təpədən-dırnağa qədər anti-Azərbaycan mahiyyəti daşıyır və dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməyə, ölkəmizi gözdən salmağa hesablanıb.
Ümumiyyətlə, Sülh Şurasının ilk iclası kimi vacib bir tədbirdə iştirak etmək üçün Vaşinqtona yollanan Azərbaycan Prezidentinə hər kəsin gözü önündə bu cür mənəviyyatsız hücumun təşkili sadəcə qanuni deyil, həm də əxlaqi baxımdan qəbuledilməzdir. Azərbaycanın mədəni paytaxtı olan şəhəri “İsgəndər” raketlərinin hədəfinə çevirən “Şuşa qatili”ni qoyub “Şuşa fatehi”ni hədəf seçmək vətənə mənəvi xəyanətdir. Və səbəb nə olursa olsun, bu xəyanətə haqq vermək,bəraət qazandırmaq mümkünsüzdür.
Seymur ƏLİYEV