“Orxan Saffari adlı “yazıçı” atam haqda məqalə yazıb. Mən heç bilmirəm o kimdir?! Həmin məxluq yazısında atam haqda tənqidi ifadələr işlədib. O Dadaşovlar nəsli haqda rəy bildirən ən axırıncı adam ola bilər! Onun atam haqda yazdığı məqalə qarşıma çıxdı. Təbii ki, buna susa bilməzdim. Bu insan cahil adamdır. O başa düşmür ki, Rafael Dadaşov teatr aktyoru olub, tamaşalarda çıxış edib. Silsilə filmlərdə də yer alıb. Atam tamaşaçıların ürəyini fəth edib. Bəli, səhnə gözəllik, yaraşıq, sima sevir. İndi nə edək ki, bu cahil, paxıl adamlarda belə şeylər yoxdur?! Ay cahil, heç olmasa elə aktyora söz de ki, ona yapışsın. Rafael Dadaşovun qiymətini xalq, dövlət verib. Sən onlardan üstünsən yoxsa daha çox bilirsən? Mənim atam mogikan aktyordur. Sən elə adamdan danışmısan ki... Mərhum, dünyasını dəyişən insan haqda danışmısan. Sənin dilin lal olmalıdır. Sən ona-buna söz atmaqla özünə reytinq qazanırsan?! Ay Saffari, sən durub Rafael Dadaşov haqda mövqe, fikir bildirə bilməzsən”
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova deyib. O daha sonra atasının ünvanına tənqidi ifadələr işlədən Orxan Saffarinin sənətkarın ailəsindən üzr istəməsini tələb edib:
“Mənim atam üçün ellər ağladı. İnsan var evdən gedir, insan da var eldən. Özünü camaata güldürmə, ayıbdır! Birinci və axırıncı dəfə olsun ki, sən mənim atam haqda nəsə yazırsan! Özünə çəki, düzən ver. Get özünə tay-tuşlarla, öz təbəqəndə olan insanlarla danış. Sən bu soyada girişmə! Bu soyadı ümumiyyətlə unut!
Sənin nə yaşın, nə savadın çatmır ki, durub atamdan danışasan! Bir güzgüdə özünə, danışığına bax və sonra papağını qoy qabağına fikirləş ki, sən kimsən? Heç özün bilmirsən ki, sən kimsən?! Sənin teatrdan, kinodan xəbərin var? Sənin mədəniyyətdən xəbərin olsaydı Azərbaycan teatrına və kinosuna bu qədər nailiyyətlər qazandıran şəxs haqda belə danışmazdın! Sən üzr istəyəcəksən! Bizdən, tamaşaçılardan və Dadaşovlar nəslindən. Mən ömür boyu imkan vermərəm ki, kimlərsə atamın ünvanına ona yaraşmayan söz desin. Ona görə şair düz deyir ki, “kimlər gəldi, kimlər getdi, bu dünyadan, bu dünyadan”. Ay fani dünya! Cahillərin əlində qalmısan! Əlbəttə ki, yaxşı insanlar istisna olmaqla.. Atam üçün xalq ağlayırdı.. Mənim bu dediyim sözlərin arxasında xalq dayanıb, sənin arxanda kim dayanıb?!
Şəhidlər Xiyabanını gedib ziyarət edəndə atamın məzarını da ziyarət edib mənə şəkil göndərirlər! Deyirlər ki, o bizim də atamız, sənətkarımız, Rafaelimiz idi! Atam bu dünyada da, o biri dünyada da rəhmət qazanıb. Sən yazdığın məqalənin altından xalqın yazdığı rəyləri oxudun?! Sən bu addımı atmaqla özünə düşmən qazandın, oxucu yox! Sən elə bildin ki, seviləcəksən?! Məşhurlaşacaqsan?! Atamın bir baxışı, duruşu dünyalara dəyər! Nəyin paxıllığıdır?! Get öz çömçəni qarışdır, öz qazanından yemək ye! Atam dünyasını dəyişəndən sonra bir çoxları baş qaldırdı. Sadəcə olaraq bəziləri susdu. Çünki bilirdilər ki, özlərinə böyük düşmən qazanacaqlar! Sən elə böyük ürəyə sahib idinsə atamın sağlığında bu məqaləni yazardın da! Bu insan təkcə atama yox, bir neçə görkəmli sənətkara “ilişib”. Hər kəs də onu söyür. Belə görürəm ki, buna söyüş də qəbuldur” deyə sənətkarın övladı bildirib.
Qeyd edək ki, yazıçı Orxan Saffari görkəmli sənətkar Rafael Dadaşov haqda “rolları, istedadı yox, yadımızda yaraşığı ilə qalan aktyorumuz” adlı məqalə yazıb. O həmin məqalədə Rafael Dadaşovun istedadının olmadığını, atası Məlik Dadaşovun kölgəsinə sığındığını, aktyorluğundan çox yaraşığı ilə xatirələrdə qaldığını iddia edib.

