“Tramp İranda hakimiyyəti dəyişdirə bilsə, Rusiyanın Cənubi Qafqaza hərbi müdaxiləsi üçün başlıca səbəb NATO ilə özü arasında bufer zonası yaratmaq olacaq...”
“Azərbaycanla 350 km-lik sərhəd xətti. Bu amil şimal qonşumuz üçün müəyyən imkanlar yaradır...”
“2011-ci il iyun ayında Gürcüstan Parlamenti "Azadlıq Xartiyası"nı qəbul edərək aşağıdakı şəxslərin icra və məhkəmə hakimiyyəti orqanlarında həlledici vəzifələrə təyin edilə (seçilə) bilməyəcəyini göstərdi...”
“Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfərlərindən, hər iki dövlətlə bir sıra sənədləri imzalamasından sonra həm yerli, həm də xarici şərhçilər deyirlər ki, artıq Rusiyanın Cənubi Qafqazdan əli tamamilə üzülüb. Bəs görəsən, bu fikir reallığa nə qədər uyğundur? Rusiya Cənubi Qafqazdan belə asanlıqla əl çəkəcəkmi? Həmin prosesin qarşısını almaq üçün Kreml hansısa tədbirlərə əl atacaqmı? Ən azı onu nəzərə almaq lazımdır ki, hələ də Ermənistan iqtisadiyyatı, bu ölkənin qaz, elektrik enerjisi və dəmir yol qovşaqları Rusiyaya bağlıdır. Azərbaycanın da Moskvadan müəyyən dərəcədə iqtisadi asılılığı var. Rusiyapərəst rejimin hökm sürdüyü Gürcüstanın da bu mənada şimal qonşumuzdan böyük asılılığı mövcuddur”.
Moderator.az-ın bu suallarına cavab olaraq tanınmış tədqiqatçı Araz Şəhrili aşağıdakı analitik araşdırmanı nəzərə çatdırıb:
“Əlbəttə, Rusiya Federasiyası Cənubi Qafqazdan asanlıqla əl çəkməyəcək. Bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vensin özü də gözəl başa düşür. Beləliklə, bəzi siyasi şərhçilərin “Artıq Rusiyanın Cənubi Qafqazdan əli tamamilə üzülüb” kimi fikirlərinin əsassız olduğunu söyləmək olar.
Rusiyanın Cənubi Qafqaza müdaxiləsi aşağıdakı üç haldan biri baş verərsə, reallaşa bilər:
1.Rusiya Ukrayna ilə müharibədə qalib gəlsə, ambisiyaları artacaq və bu ölkənin rəhbərliyində inam hissi yaranacaq ki, keçmiş SSRİ-ni bərpa etmək mümkündür. Lakin həmin variant hələ ki, aktual deyil. Donald Tramp administrasiyasının müqavimətinə baxmayaraq, qlobal Qərb Ukraynaya dəstəyini davam etdirir...

2.Rusiya Ukrayna ilə müharibədə əsas məqsədinə çata bilməsə, bu uğursuzluğu mütləq kompensasiya etmək istəyəcək. Cənubi Qafqazın üç respublikasının ümumi ərazisi 186.043 km, əhalisi 16.874.000 nəfərdir. Ukraynanın ərazisi 603.628 km, əhalisi 37.860.000 nəfərdir. Fərq böyük olsa da, növbəti mərhələdə Rusiya Qazaxıstanı və Orta Asiyanı da ələ keçirməklə Ukraynada “itirdiklərinin” əvəzini artıqlaması ilə çıxa bilər. Ancaq bu variantı da mövcud şəraitdə kənara qoymaq olar. Çünki Çin Xalq Respublikası Rusiya Federasiyasının arxasındadır. Donald Tramp administrasiyasının fəaliyyəti isə Rusiya dövlətinin xeyrinədir. Deməli, Rusiya-Ukrayna müharibəsi davam edəcək. Bu halda isə Rusiyanın Cənubi Qafqaz haqqında dərin düşüncələrə dalmaq üçün nə vaxtı olacaq, nə də imkanı...
3.Donald Tramp İranda hakimiyyəti dəyişdirə bilsə, Rusiyanın Cənubi Qafqaza hərbi müdaxiləsi üçün başlıca səbəb NATO ilə özü arasında bufer zonası yaratmaq olacaq. Xatırladaq ki, Ukrayna ilə müharibənin kökündə məhz bu məsələ durur. Cənubi Qafqaz respublikalarının İran və Türkiyə ilə sərhəd xəttinin uzunluğu 1412 km-dir. Tarixi təcrübəyə də müraciət edə bilərik. Rusiya 1594-cü ildən başlayaraq Şimali Qafqazı hərbi yolla ələ keçirməyə çalışsa da, 234 il ərzində buna nail olmadı. Həmin dövrdə Azərbaycan və Gürcüstanın bir hissəsi İranın (Səfəvilərin) təsir dairəsində idi. Gürcüstanın qalan hissəsinə isə Türkiyə (Osmanlı imperiyası) nəzarət edirdi. Rusiya 1828-ci ildə İranı, 1829-cu ildə Türkiyəni Cənubi Qafqazdan çıxardı. Bundan cəmi 34 il sonra isə Şimali Qafqazı ram edə bildi. Üçüncü variant daha real görünsə də, onun gerçəkləşməsi çox vacib bir şərtdən asılıdır - ABŞ İran üzərində tam qələbə qazanmalıdır. Lakin hazırki qüvvələr nisbətini nəzərə alsaq, bu o qədər də real görünmür…

Haşiyə:
Rusiya üçün Cənubi Qafqazdan çıxmaq həm də Yaxın Şərqlə vidalaşmaq deməkdir.
Rusiyanın Azərbaycana təsir vasitələri əsasən aşağıdakılardır:
1.Azərbaycanla 350 km-lik sərhəd xətti. Bu amil şimal qonşumuz üçün müəyyən imkanlar yaradır. Onlardan bəzilərini sadalayaq:
- Birbaşa hərbi müdaxilə;
- Azərbaycanın xüsusilə şimal rayonlarında dini, sosial, siyasi, iqtisadi və milli zəminlərdə münaqişəli situasiyalar formalaşdırmaq;
- Sərhəd zonasında spesifik fəaliyyətlə məşğul olub şəraiti özünə uyğunlaşdırmaq.
Qeyd:
Rusiyanın digər güclü təsir mexanizmləri də var. Daha geniş tədqiqatın mövzusu olduğu üçün onları bu yazıda göstərmirik.
2. Rusiyada yaşayan azərbaycanlılar...
Dəqiq olmayan məlumatlara görə, bu ölkədəki azərbaycanlıların sayı 2.000.000 nəfərdir. Onların ən azı 1.400.000 nəfəri Azərbaycan Respublikası vətəndaşıdır. Rusiya onlardan əsasən iki yolla istifadə edə bilər:
- Rusiya Federasiyasında yaşayan yüz minlərlə Azərbaycan vətəndaşının qısa vaxt ərzində deportasiya olunması. Amma bu addım Rusiyanın özünə də ziyan vuracağuna görə, mümkündür ki, ona əl atılmayacaq...
- Rusiya Federasiyasında yaşayan azərbaycanlıların, xüsusilə Azərbaycan Respublikası vətəndaşlarının rus ordusuna kütləvi şəkildə səfərbər edilməsi. Burada da tarixə nəzər salmaq zəruridir. 1920-ci il aprelin 27-də Azərbaycanı işğal edən XI Qırmızı Ordunun önündə keçmiş türk zabitləri və azərbaycanlı bolşeviklər gəlmişdilər...
Qeyd:
Vətəndaşlarının əhəmiyyətli bir hissəsinin qonşu və rəqib dövlətin ərazisində yaşaması istənilən ölkə üçün potensial təhlükə və təhdiddir.
“35 ildir müstəqilliyini yaşayan hər üç ölkədə (düzdür, Gürcüstan və Ermənistanda bu proses başladılıb, amma yarımçıq qalıb) Lüstrasiya qanunu qəbul edilməyib, keçmiş imperiya “KQB”-nin arxivləri açılmayıb, hələ də yetərli dərəcədə təsirə malik Rusiya “5-ci kalonu” və agentura şəbəkələri fəaliyyət göstərir. Belə bir şəraitdə Moskvanın Cənubi Qafqazdan çıxmasından danışmaq tez deyilmi?..” sualını isə tədqiqatçı belə cavablandırıb:
“Lüstrasiya prosesinin bəzi ölkələrdə yarımçıq qalması, yaxud bu barədə qanunun, ümumiyyətlə, qəbul edilməməsi həm obyektiv, həm də subyektiv səbəblərlə bağlıdır. İstənilən halda bir məsələni nəzərə almalıyıq ki, SSRİ dövründə yüksək dövlət və partiya vəzifələri tutmuş şəxslərin sayı təbii səbəblərə (yaş həddinə çatma, sağlamlığın itirilməsi, ölüm, xaricə köçmə və s.) görə artıq xeyli azalıb. Azərbaycan SSR DTK arxivlərinin açılmasına gəlincə, bunun cəmiyyətə yalnız müəyyən mənəvi-psixoloji təsiri ola bilər. Lakin həmin təsirin özü də bir qədər mübahisəlidir. Məsələn, xalq biləcək ki, 1937-ci ildə onun bir sevimli ziyalısı digər sevimli ziyalısının, yaxud filankəsin ulu babası (artıq babası da yox!) filankəsin ulu babasının üzünə durub, “donos” yazıb və s.

Agentura şəbəkəsi və onlar barədə arxivlərə gəlincə, qeyd etməliyik ki, onların açılması elə də asan və sadə iş deyil. Məsələ burasındadır ki, sovet dövründə aşağıdakı xüsusi xidmət və hüquq-mühafizə orqanları Azərbaycan SSR ərazisində spesifik fəaliyyətlə məşğul olublar:
- SSRİ DTK-nın mərkəzi aparatının I idarəsi - kəşfiyyat;
- SSRİ DTK-nın mərkəzi aparatının II idarəsi - əks-kəşfiyyat;
- SSRİ DTK-nın mərkəzi aparatının III idarəsi - hərbi əks-kəşfiyyat;
- SSRİ DTK sərhəd qoşunlarının kəşfiyyat şöbələri;
- SSRİ DTK sərhəd qoşunlarının əks-kəşfiyyat şöbələri;
- SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi;
- SSRİ Daxili İşlər Nazirliyinin mərkəzi aparatının əməliyyat strukturları.
Onların heç biri Azərbaycan SSRİ-nin dövlət orqanları (DTK və DİN) qarşısında heç bir hesabat vermir, malik olduqları şəbəkəni açıqlamırdı. Sözügedən qurumların hamısının arxivləri Rusiyada yerləşirdi. Azərbaycan SSR DTK-nın arxivlərində qeydiyyatda olan şəxslərin əksəriyyəti isə, yəqin ki, 1991-ci ildən sonra müstəqil Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında iştirak etmişlər. Çox güman ki, məhz bu səbəblərə görə, hətta Əbülfəz Əliyevin prezidentliyi dönəmində də sözügedən arxivlərin açılması məqsədəuyğun sayılmamışdı...
Qeyd:
2011-ci il iyun ayında Gürcüstan Parlamenti "Azadlıq Xartiyası"nı qəbul edərək aşağıdakı şəxslərin icra və məhkəmə hakimiyyəti orqanlarında həlledici vəzifələrə təyin edilə (seçilə) bilməyəcəyini göstərdi:
“1925-ci il fevralın 25-dən 1991-ci il aprelin 9-dək keçmiş SSRİ xüsusi xidmət orqanlarının məxfi əməkdaş və ya zabitləri olmuş, Gürcüstan müstəqilliyinə qovuşduqdan (9 aprel 1991-ci il) sonra ölkənin xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqdan imtina etmiş şəxslər”.
Göründüyü kimi, Mixeil Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanda qəbul edilmiş qanuna əsasən, lüstrasiya yalnız müstəqil Gürcüstanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan imtina etmiş agent və zabitlərə tətbiq olunurdu.
Nəticə:
Göstərdiyimiz obyektiv səbəblərə görə keçmiş SSRİ DTK-nın mərkəzi aparatının Azərbaycandakı agentlərini kütləvi şəkildə ifşa etmək dövlətimizin imkanları xaricindədir. Bunun üçün Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi və Daxili İşlər Nazirliyinin tam məxfi arxivlərinə buraxılış olmalıdır. Bu isə aydın məsələdir ki, mümkün deyil. Ancaq onu da nəzərə alaq ki, həmin şəxslərin ən cavanının hazırda ən azı 60 yaşı var. Deməli, onların Azərbaycan dövləti üçün törətdikləri təhlükənin səviyyəsi artıq o qədər də yüksək sayıla bilməz...

P.S. Rusiyanı Cənubi Qafqazda saxlayan başlıca səbəb bu ölkənin yerləşdiyi məkanın diktə etdiyi coğrafi-siyasi şərtlərdir. Bu isə Rusiyanı idarə edən şəxslərin kimliyindən, rus xalqının mental, etnopsixoloji xüsusiyyətlərindən asılı məsələ deyil. Vaxtilə İskit dövləti (e.ə. VIII-VI əsrlər), Türk (552-603), Xəzər (650-969), Qızıl Orda (1224-1459) xaqanlıqları da Cənubi Qafqaza münasibətdə eyni siyasəti yürüdüblər. Müasir Rusiyanın bütün rəhbərləri, o cümlədən, dövlət əmələ gətirən milləti türklər, dövlət dili türkcə, dövlət dini isə İslam olsaydı belə, bölgədə cərəyan edən proseslər mahiyyətcə indikindən çox da fərqlənməyəcəkdi. Rusiyanın Cənubi Qafqazdan əl çəkəcəyi vaxtı proqnozlaşdırmaq mümkündür. Lakin bu, kifayət qədər mürəkkəb olan ayrıca tədqiqatın mövzusudur...”
Təqdim etdi:
Sultan Laçın