“Tramp sadəcə necə olursa-olsun, İranın sərvətlərini ələ keçirmək niyyətindədir...”
Ekskluziv
326
12:12, Bu gün

“Tramp sadəcə necə olursa-olsun, İranın sərvətlərini ələ keçirmək niyyətindədir...”

“ABŞ və İsrail də yaxşı bilir ki, əgər İran bu raketlərdən kütləvi şəkildə istifadə etsə, region, o cümlədən İsrail üçün nəticələri ağır ola bilər…”
 
“Ərəb ölkələri, xüsusən Səudiyyə Ərəbistanı, Qətər, Əmirliklər və Oman da müharibənin qarşısını almaq üçün çalışırlar, çünki hamı başa düşür ki, belə bir savaş bəşəriyyət üçün böyük fəlakətə yol aça bilər…”
 
Son günlər İran ətrafında əvvəlki dönəmlərə nisbətən daha gərgin və ziddiyyətli bir durum yaranıb. Bir neçə gün öncə informasiyalar yayıldı ki, şənbə günü, yəni bu gün ABŞ prezidenti Donald Tramp İrana hücum əmri verə bilər. Sonra isə danışıqların davam etdiyi və Amerika lideri qoyulan şərtləri yerinə yetirmək üçün rəsmi Tehrana 15 gün vaxt verməsi haqda məlumatlar gündəmə gəldi. Bu gecə isə ABŞ mediasında İranın ali dini lideri Əli Xameneiyə  və oğluna qarşı sui-qəsd hazırlanması barədə yazdı…
Bəs görəsən, real durum necədir? Və İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtimalı nə qədərdir?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov bu fikirləri səsləndirib: 
 
“İranın dini lideri Əli Xameneiyə sui-qəsd hazırlanması ilə bağlı dəqiq bir şey deyə bilmərəm, çünki bu barədə məlumatım yoxdur. Lakin belə görünür ki, ABŞ, xüsusən də onun indiki lideri olaraq Donald Tramp İranı əldən vermək istəmir. Və sadəcə hansı yolla olursa-olsun, İranın sərvətlərini ələ keçirmək niyyətindədir. İranın əsas sərvəti neft və qazdır. Bundan əlavə, ölkədə çox zəngin qızıl, gümüş, mis və müxtəlif nadir metal yataqları da mövcuddur. Amerika bu sərvətləri ələ keçirmək istəyir. Məqsəd budur…
 
Guya İran xalqını rejimdən xilas etmək istəyi-filan isə - hamısı pərdədir… Amerika xeyli vaxtdır regiona müxtəlif silah-sursatlar, gəmi və təyyarələr göndərir, davamlı olaraq gərginlik yaradır. Əvvəl belə bir fikir var idi ki, bütün bunlar xox gəlmək üçündür və yaxın gələcəkdə rəsmi Tehran bu təzyiqlər qarşısında təslim olacaq. Amma indiki vəziyyətdə görünür ki, hələki İran öz mövqeyindən geri çəkilmir. Digər tərəfdən, İranın ballistik raketləri də onun əlində bir “kozır”dır. Çünki  ABŞ və İsrail də yaxşı bilir ki, əgər İran bu raketlərdən kütləvi şəkildə istifadə etsə, region, o cümlədən İsrail üçün nəticələri ağır ola bilər. Həmçinin, Hörmüz boğazı ilə bağlı vəziyyət də diqqətəlayiqdir. Əgər İran həmin boğazı bağlasa və buna cavab olaraq Amerika orada genişmiqyaslı hərbi əməliyyatlara başlasa, bununla nəinki region, bütövlükdə dünya iqtisadiyyatına böyük zərər dəyməsi ehtimalı var. Çünki həmin halda ən azı neftin qiyməti dərhal böyük templə artacaq. Və bu boğazdan yalnız İran nefti deyil, dünya bazarına çıxarılan digər neft yükləri də keçir. Bu səbəbdən, orada böyük bir fəlakət yaşana bilər…
 
Hazırda vəziyyət belədir ki, İran təslim olmur və Qərbin yeni şərtlərini qəbul etmir. Xüsusən də ballistik raketlər məsələsində israrlıdır.  Onu da deyim ki, Artıq İran proksi-qüvvələr haqda düşünmür. Çünki qismən Yəməndəki husiləri çıxmaq şərti ilə onların, demək olar ki, hamısı sıradan çıxıb. Və bu, müzakirə mövzusu deyil… 
 
Gündəmdə olan əsas məsələ İranın nüvə proqramı və öncə dediyim kimi, ballistik raketlər məsələsidir. İsrail isə çox-çox təkid edir ki, ABŞ İranı vursun. Tramp və Netanyahu arasında keçirilən son görüş haqqında dürüst, dəqiq məlumatlar açıqlanmır. Amma bəllidir ki, Netanyahunun məqsədi İsrailin yalnız yox, Amerikanın köməyi və dəstəyi ilə İranı vurmasıdır. Ümumiyyətlə, İsrailin məqsədi gələcəkdə Yaxın Şərqdə gücünü artırmaq, region ölkələrini zəiflətmək, parçalamaq və yeni işğallar üçün yeni müharibələr yaratmaqdır…
 
Bir sözlə, hal-hazırda İran ətrafındakı vəziyyət o qədər gərgindir ki, bəzi məqamlara diqqət edəndə belə bir təəssürat yaranır ki, müharibə başlasa, bu, bəlkə də Üçüncü Dünya müharibəsinin başlanğıcı olacaq. Çünki bu münaqişəyə yalnız İran, Amerika və İsrail daxil olmayacaq, region ölkələri də bu məsələdən narahatdır və istər-istəməz qarşıdurmaya cəlb olunacaq. Ərəb ölkələri, xüsusən Səudiyyə Ərəbistanı, Qətər, Əmirliklər və Oman da müharibənin qarşısını almaq üçün çalışırlar, çünki hamı başa düşür ki, belə bir savaş bəşəriyyət üçün böyük fəlakətə yol aça bilər..."
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər